Azərbaycanın fəal təbliğatçıları

İstənilən ölkənin haqq səsinin dünyaya çatdırılması, onun təbliğ olunmasında həmin ölkənin xaricdə yaşayan nümayəndələrinin, diaspor təşkilatlarının rolu əvəzsizdir, danılmazdır. Təsadüfi deyil ki, bu baxımdan diaspor təşkilatlarını ölkənin əsas təbliğatçıları hesab edirlər.

İstənilən ölkənin haqq səsinin dünyaya çatdırılması, onun təbliğ olunmasında həmin ölkənin xaricdə yaşayan nümayəndələrinin, diaspor təşkilatlarının rolu əvəzsizdir, danılmazdır. Təsadüfi deyil ki, bu baxımdan diaspor təşkilatlarını ölkənin əsas təbliğatçıları hesab edirlər.

Günümüzdə Azərbaycanın əsas təbliğatçılarından olan diaspor təşkilatları kifayət qədərdir və hazırda demək olar ki, dünyanın dörd bir tərəfində Azərbaycan cəmiyyətləri, təşkilatları fəaliyyət göstərir. Bu gün Amerikadan Avropaya, Asiyadan Afrikaya qədər bütün coğrafiyada, hətta uzaq Avstraliyada belə Azərbaycanın uğurla fəaliyyət göstərən diaspor təşkilatlarına, cəmiyyətlərinə rast gəlmək mümkündür. Ancaq etiraf etmək lazımdır ki, diasporumuzun bu günkü duruma, səviyyəyə gəlib çatması heç də asan başa gəlməyib. Düzdür, diasporumuzun yaşı kifayət qədər olsa da, lakin müstəqillik illərinə qədər Azərbaycan diasporunun formalaşması, inkişaf etməsi mütəşəkkil xarakter daşımayıb. Bu proses pərakəndə şəkildə baş verib. Xüsusilə, Azərbaycanın Sovetlıərin tərkibində olduğu 70 ilə yaxın bir müddətdə diaspor kəlməsi, fəaliyyəti bizlər üçün yad olub. Düzdür, azərbaycanlıların müxtəlif xarici ölkələrə, müttəfiq respublikalara ali təhsil və ya iş məqsədilə göndərilməsi dolayısıyla həmin ölkələrdə Azərbaycan diasporunun formalaşmasına xidmət etsə də, lakin bu prosesi açıq-aşkar həyata keçirmək o dövr üçün mərkəzin ümumi strategiyasına, proqramına zidd idi. Ancaq buna rəğmən o dövrdə Azərbaycana rəhbərlik edən milli şəxslər, xalqının, dövlətinin gələcəyini düşünən siyasilər dolayısıyla da olsa məhz bu məqsədə xidmət edən fəaliyyətlər ortaya qoyur, Azərbaycan diasporunun formalaşması prosesinə öz töhfəsini verirdi. Belə siyasilər arasında ümummilli lider Heydər Əliyevin xidmətləri və fəaliyyəti misilsiz idi. Heydər Əliyevin istər Azərbaycanda birinci katib işlədiyi dövrlərdə, istərsə də Mərkəzi Komitədə çalışdığı illərdə yüzlərlə gənci oxumaq üçün müttəfiq respublikaların ali təhsil müəssisələrinə göndərməsi, həmçinin Uzaq Sibirə, Baykal Amur Magistralının çəkilişinə azərbaycanlı mütəxəssislərin cəlb edilməsi məhz gələcəkdə Azərbaycan diasporunun formalaşmasına xidmət edən addımlardan idi. Təsadüfi deyil ki, bu gün keçmiş SSRİ məkanında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əksəriyyətinin rəhbərliyində məhz zamanında ümummilli liderin ali təhsil almaq üçün müxtəlif ölkələrə göndərdiyi şəxslər dayanır ki, bu da Heydər Əliyevin hələ Sovetlərin zamanında necə uzaqgörən siyasət həyata keçirdiyi və diaspor hərəkatına təkan verdiyinin əyani sübutudur. Daha dəqiq desək bununla ümummilli lider xaricdə Azərbaycan diasporunun formalaşmasının əsasını qoymuşdu.

                    Azərbaycan diasporunun inkişaf dövrü

Azərbaycan diasporunun inkişaf dövrü isə müstəqillik illərindən sonra başladı. 1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini qazandıqdan sonra dövlətin qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunlardan biri də xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi idi. Lakin müstəqilliyimizin ilk illərində qeyd edilən istiqamətdə demək olar ki, heç bir iş getmirdi. Həm sovetlərdən qalan problemlərin həlli mümkünsüzlüyü, həm də ölkəyə səriştəsiz kadrların rəhbərlik etməsi diaspor işini tamamilə unutdurmuşdu. Ancaq həmin dövrdə Naxçıvan Muxtar Respublikasından başlanan bəzi fəaliyyətlər müəyyən ümidlər yaradırdı. Belə ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi illərdə xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, onların həmrəyliyi istiqamətində müvafiq addımlar atırdı. Bu addımların məntiqi nəticəsi olaraq 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik və birlik gününün qeyd olunması məqsədi ilə 16 dekabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində əhəmiyyətli qərar qəbul edildi. Bundan bir neçə gün sonra, dekabr ayının 26-da isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 31 dekabrın Azərbaycan Respublikasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi.

Qeyd etdiyimiz kimi yenicə müstəqillik əldə etmiş Azərbaycan bir tərəfdən sovetlərdən qalan problemləri yoluna qoymalı, digər tərəfdən ölkənin inkişafına nail olmalı idi. Lakin dövlətin idarəetməsinin səriştəsiz kadrların əlində olması nəinki Azərbaycanın inkişafına yol açırdı, əksinə ölkə üçün yeni-yeni problemlər yaranırdı.  Artan sosial problemlər və idarəetmədə yaranan nöqsanlar getdikcə xalq arasında narazılığı artırır və ölkəni vətəndaş qarşıdurması həddinə gətirib çıxarırdı.  Elə 1993-cü ilin iyun ayında Gəncədə baş qaldıran qiyam da məhz sosial problemlərdən və düzgün idarəetmənin olmamasından irəli gəlirdi. Beləliklə, ölkədə yaranmış gərgin siyasi vəziyyətdə xalq yenə də ümid yeri kimi Heydər Əliyevi gördü və 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Məhz ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi diaspor sahəsində ciddi irəliləyişlər baş verdi. Nəticə etibarilə diaspor quruculuğu, bu sahənin inkişaf etdirilməsi yeni bir mərhələyə qədəm qoydu, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.  Ümummilli liderin 2001-ci il, may ayının 23-də imzaladığı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi  haqqında" sərəncamı  o dövr üçün mühüm əhəmiyyət kəsb edirdi. Sözügedən sərəncam əsasında həmin ilin noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi ki, məhz bu qurultay müstəqillik illərində diaspor tarixində yeni bir prosesin başlanğıcı idi. Qurultaydan qısa bir müddət sonra qəbul edilmiş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında çox geniş perspektivlər açırdı. Sənəd onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşməsini nəzərdə tuturdu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı ki, bu da Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının birliyinin təmin olunması baxımından mühüm əhəmiyyyət kəsb edirdi.

             Diasporun qarşısında duran hədəflər, vəzifələr

Artıq Azərbaycan diasporunda sürətli şəkildə təşkilatlanma prosesi gedirdi. Eyni zamanda qarşıda yeni vəzifələr, hədəflər dayanırdı. Məhz qarşıdakı vəzifələri müəyyənləşdirmək və birinci qurultaydan keçən dövrdə görülən işlərə nəzər salmaq üçün Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi zərurətə çevrilmişdi. Bu zərurəti nəzərə alan və ümummilli lider Heydər Əliyev yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi barədə sərəncam imzaladı və həmin sərəncam əsasında 2006-cı il, mart ayının 16-da Dünya Azərbaycanlılarının II Qurultayı baş tutdu.

Qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərmək zərurətini meydana çıxarırdı. Prezident İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu zərurətdən irəli gəlirdi. 2009-cu ildə qəbul edilən "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" isə diaspor təşkilatları üçün proqram sənədi olmaqla yanaşı soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmlənməsi üçün yeni mərhələnin əsasını qoyurdu. Artıq Dünya Azərbaycanlılarının Bakıda toplanması, diaspor sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməsi ənənə halını almışdı və bu ənənənin davamı olaraq  2011-ci ilin iyul ayında Dünya Azərbaycanlılarının III Qurultayı, 2016-cı ilin iyun ayında isə Dünya Azərbaycanlılarının IV qurultayları keçirildi. Xaricdə yaşayan diaspor təşkilatlarımız, cəmiyyətlərimizin birgə, mütəşəkkil şəkildə fəaliyyət göstərməsini zəruri hesab edən dövlət başçısı hələ Dünya Azərbaycanlılarının III qurultayında çıxışı zamanı demişdir: "Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir".

      Lobbi fəaliyyətinə keçmək müasir dövrün çağırışı kimi

Artıq dövlət başçısının tapşırıq və tövsiyyələrinin nəzərə alınaraq xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, cəmiyyətlərimizin birlik və bərabərliyi, bir mərkəzdə fəaliyyət göstərməsi istiqamətində əməli addımlar atılır desək yanılmarıq. Bu addımlar daha çox özünü indiyə qədər diapor sahəsində mövcud olan problemlərin aradan qaldırılması, diaspor təşkilatlarımızın yeni formada təşkilatlanması, ayrı-ayrı təşkilatlar, qurumlar, cəmiyyətlər arasında bu vaxta qədər mövcud olan incikliklərin bir kənara qoyulub vahid bir məqsəd, amal uğrunda mübraizəsi fonunda özünü göstərir. Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, qeyd etdiyimiz istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər elə müxtəlif ölkələrdə fəaliyyət göstərən  diaspor təşkilatları tərəfindən də təqdir olunur, dəstək görür. Əgər belə olmasaydı uzun illər Ukraynada bir-birini qəbul etməyən, sanki bir-birinin düşməninə çevrilən iki Azərbaycan diaspor təşkilatı bütün küskünlükləri bir kənara qoyub Azərbaycan naminə birgə fəaliyyət göstərməyə qərar verməzdi. Hazırda Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasının tərkibində birgə fəaliyyət göstərirlər ki, bu da diasporumuzun vahid güc mərkəzinə çevrilməsi baxımından əhəmiyyət kəsb edir. Qısa zaman ərzində Skandinaviya ölkələri, Fransa, İsveçrə, hətta Birləşmiş Ştatlarda belə sözügedən Koordinasiya Şuraları yaradılıb ki, belə qurumların təsis edilməsi diaspor işinin yeni bir mərhələyə qədəm qoyması, bu istiqamətdə işlərin sürətlənməsi, Azərbaycan həqiqətlərinin daha geniş və koordinasiya edilmiş şəkildə dünyaya çatdırılması deməkdir.

Hazırda görülən əməli işlərin sayəsində Azərbaycan diasporu dövlətçiliyimizin simasında çiçəklənmə dövrünü yaşayır.  Azərbaycan diasporunun yeni fazaya daxil olması, lobbi fəaliyyətinə keçməsi müasir dövrün çağırışıdır. Ümid etmək olar ki, yeni yaradılan Koordinasiya Şuraları uğurlu lobbi fəaliyyətinə də öz töhfəsini verəcək.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31