Ermənistan Azərbaycanı təxribata çəkir

Serj Sərkisyanın son bəyanatı bir daha bunu təsdiqləyir

Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələr ənənəsinə sadiq qalaraq hər seçki ərəfəsində olduğu kimi bu dəfə də Qarabağ kartından təbliğat vasitəsi kimi istifadə edirlər.. Həm müxalifətdən olan prezidentliyə namizədlər, həm də hazırkı dövlət başçısı seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdikləri görüşlərdə əsas diqqəti məhz Dağlıq Qarabağ probleminə yönəldib, cəmiyyətə ümidverici vədlər veriblər. Qarabağ kartından ən geniş istifadə edən namizədlər sırasında prezident Serj Sərkisyanın adını xüsusi qeyd etmək olar. Serj Sərkisyan istər paytaxt İrəvan, istərsə də regionlarda sadə ermənilərlə keçirdiyi görüşlərdə Qarabağ probleminə əsas diqqət çəkərək qondarma, separatçı rejiminin tezliklə beynəlxalq aləm tərəfindən tanınacağına dair sərsəm fikirlər səsləndirir.

Qarabağ kartı yenə gündəmdə

Qarabağ kartından istifadə etməklə xalqın səsini qazanmağa çalışan Serj Sərkisyan eyni zamanda Azərbaycanı da təxribata çəkməkdən yayınmır. Ermənistan dövlət başçısının müntəzəm olaraq seçicilərlə keçirdiyi görüşlərdə Xocalı hava limanı ilə bağlı məsələyə diqqət yetirməsi və Xocalı aeroportunun tezliklə istifadəyə veriləcəyi barədə açıqlamaları məhz bu cür dəyərləndirmək olar. Bu günlərdə paytaxt İrəvanda seçicilərlə keçirdiyi görüşdə yenidən Xocalı hava limanı məsələsinə toxunan Serj Sərkisyan söylədiyi fikirlərlə təkcə Azərbaycan deyil, eləcə də bütün dünyaya meydan oxumuş olub. Belə ki, rəsmi Bakının Xocalıdan havaya qalxacaq istənilən təyyarənin vurulacağı barədə bəyanatını qeyri-ciddi hesab edən Sərkisyan Azərbaycanın Qarabağın sahibi olmadığını söyləyib. Ermənistan dövlət başçısı deyib ki, Xocalı hava limanı ilə bağlı Azərbaycan deyil, Qarabağın əsl sahibləri qərar verə bilər. Hətta Sərkisyan bir qədər də irəli gedərək yaxın vaxtlarda Xocalıdan havalanacaq təyyarənin ilk sərnişinin özü olacağını söyləyib.

Beynəlxalq hüquqa sayğısızlıq

Məlumat üçün qeyd edək ki, Xocalı hava limanı 1974-cü ildə inşa edilib.  1991-1994-cü illər arasında davam edən Qarabağ müharibəsinin birinci mərhələsi zamanı  hava limanı ermənilər tərəfindən ələ keçirilib. Uzun müddət istifadəsiz vəziyyətdə olan Xovalı Hava Limanı bir müddət əvvəl ermənilər tərəfindən qeyri-qanuni olaraq təmir olunaraq istifadəyə hazır vəziyyətə gətirilib. Eyni zamanda yaxın vaxtlarda hava limanından uçuşlara start veriləcəyi bildirilir. Baxmayaraq ki, Ermənistanın istər Xocalı Hava Limanında yenidənqurma işləri aparması, istərsə də oradan uçuşlar həyata keçirməsi beynəlxalq hüquq normaları və Aviasiya qanunlarına ziddir. Elə siyasi şərhçilər, politoloq və ekspertlər də bu qənaətdədirlər.

Milli Məclis Aparatının analitik informasiya şöbəısinin müdiri Aydın Ağayev də hesab edir ki, Ermənistan prezidenti Serj Sərkisyan bununla həm beynəlxalq hüquq nornalarını kobud şəkildə pozduğunu bir daha sübuta yetirir, həm də Azərbaycanı təxribata çəkməyə çalışır: "Serj Sərkisyanın söylədiyi fikirlərin hamısı eyni xarakterlidir. Sərkisyan dövlət başçısı olsa da, səsləndirdiyi fikirlər onun səviyyəsizliyini göstərir". Ekspert deyir ki, Sərkisyan bir müddət əvvəl də Xocalıdan təyyarə ilə uçan ilk sərnişinlərdən biri olacağını demişdi: "Sonradan isə iddia edildi ki, ilk uçuşlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak edəcək. Lakin həmsədrlər tərəfindən ona adekvat cavab gəldi və vasitəçilərin belə bir niyyətdə olmadığı vurğulandı. İndi də yenidən ilk uçuşda özünün iştirak edəcəyini sərsəmləyir". Aydın Ağayevin sözlərinə görə, bu heç də Serj Sərkisyanəın dediyi kimi asan məsələ deyil: "Bu bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə qarşı atılmış bir addımdır. Eyni zamanda beynəlxalq aləm də bu məsələdən xəbərdardır. Həm beynəlxalq qanunvericilik, həm də Beynəlxalq Aviasiya Təşkilatı Xocalı Hava Limanından istifadəni mümkünsüz edir".

Sərsəm prezident

Ekspertin qənaətincə, Ermənistan prezidentinin mütəmadi olaraq bu cür sərsəm bəyanatlar səsləındirməsinin arxasında bir sıra məqamlar dayanır: "Birincisi, Ermənistan rəhbərliyinin bu fikirləri seçkiqabağı situasiyaya, xal qazanmağa hesablanıb. Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi son 20 ildə Ermənistan hakimiyyəti üçün seçki ərəfəsində istifadə edilən bir karta çevrilib. Digər tərəfdən Sərkisyan bununla Azərbaycanı təxribata çəkir. Eyni zamanda Ermənistan hakimiyyəti öz havadarlarına arxalanaraq müntəzəm şəkildə bu kimi sərsəm bəyanatlar verir. Çünki mütımadi olaraq üçüncü ölkələrdən gələnlər Ermənistan hakimiyyətinə xoş gedən sözlər səsləndirməklə onlara ürək-dirək vermiş olurlar". Ekspert beynəlxalq təşkilatlar, vasitəçi dövlətlərin Qarabağ məsələsinə olan yanaşmasını da tənqid edib. Bildirib ki, hələ də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə ikili standartlardan çıxış edirlər: "Beynəlxalq təşkilatlar Qarabağ məsələsinə münasibət bildirərkən qeyd edirlər ki, tərəflər ciddi təhlükələrə yol aça bilən addımlar atmasınlar və öz aralarında razılığa gəlsinlər. Bunun özü də çox mənasız yanaşma, münasibətdir. Əgər tərəflər özləri razılığa gələ bilsəydilərsə, onda beynəlxalq təşkilatlar, vasitəçi dövlətlərin bu prosesə qoşulmasına nə ehtiyac vardı?." Aydın Ağayev hesab edir ki, Xocalı Hava Limanı ilə bağlı məsələ hələ bir müddət informasiya məkanında söz savaşı olaraq davam edəcək. Xüsusilə, seçkilərə qədər olan qısa müddət ərzində bu kimi fikirlər tez-tez səsləndiriləcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00