Beynəlxalq təşkilatlar üçün baza rolunu oynayan sənəd
Lissabon bəyənatı ulu öndərin qətiyyətinin nəticəsi idi
4 Dekabr 2018 12:28 SiyasətLissabon bəyənatı ulu öndərin qətiyyətinin nəticəsi idi
İşğalçı dövlətin yürütdüyü qeyri-konstruktiv siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icrası mümkünsüz olub. Belə sənədlərdən biri Lissabon Sammitində qəbul edilib ki, sonradan həmin sənəd beynəlxalq təşkilatların sözügedən məsələ ilə bağlı qəbul edəcəyi bir çox qərarlar üçün bünövrə rolunu oynayıb. Belə ki, 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer alıb: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur". Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq verməyib. Ümummilli lider Heydər Əliyev cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirib. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edilib. Xatırladaq ki, Budapeşt zirvə görüşündən sonra Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar ATƏT-in Minsk qrupundan çox, onun ayrı-ayrı üzv dövlətlərinin təşəbbüsləri ilə yenidən güclənmişdi. Rusiya tərəfindən təşkil olunan 1995-ci il 6-11 fevral Moskva danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra həmin il ABŞ-ın Minsk qrupundakı nümayəndəsi münaqişə regionuna ayrıca səfər edib. Həmin ilin martında vasitəçi qrupun Rusiya və İsveçdən olan həmsədrlərinin səfəri isə əslində tərəflər arasında sülh prosesinin pozulmasını meydana çıxardıb.1995-1996-cı ilin sonlarına qədər Qərb, Rusiya və ATƏT-in danışıqlarda vasitəçiliyi Dağlıq Qarabağ məsələsinin həllində konkret nəticə verməyib. Bunun səbəbləri tərəflər arasındakı ziddiyyətlər, xüsusilə Rusiyanın bitərəflik bəyanatlarına baxmayaraq Ermənistanla hərbi ittifaqı gücləndirməsi və ABŞ və Minsk qrupunun isə danışıqlarda bəzən Azərbaycanı təmin etməyən təkliflər verməsi idi. Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarının dördüncü Zirvə görüşü ərəfəsində yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında atəşkəsin qorunması olub. Nəhayət 1996-cı il 2-3 dekabrda Lissabonda ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilib. Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı Lissabon sammiti buna görə də Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi.
Ümumilli lider Heydər Əliyev 1996-cı il 2 dekabr Zirvə görüşündəki nitqində Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib, Rusiyanın təsiri ilə atəşkəsin əldə edilməsini təqdir edib və Azərbaycanın sülh müqaviləsi bağlanana qədər atəşkəs rejiminə əməl edəcəyini bildirib. Azərbaycan rəhbəri atəşkəsin əhəmiyyətini Ermənistanla ikitərəfli danışıqlar kanalının yaradılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi addımları ilə izah edib. Nəhayət, ulu öndər Heydər Əliyev Lissabon görüşündən əvvəl ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün məşhur ümumi çərçivə qaydalarını-Lissabon prinsiplərini göstərdiyini söyləyib. O, ATƏT prinsipləri, BMT nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun hesab etdiyi bu müddəaları Zirvə toplantısı nitqində də elan edib: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması; Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi. Həmin prinsiplər ATƏT-in sədri Flavio Kottinin 1996-cı ilin fevralında münaqişə regionuna səfəri zamanı verdiyi təkliflərə də uyğun idi.
Heydər Əliyev çıxışında Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsində məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib. Azərbaycan Prezidenti zirvə görüşündəki nitqində bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib. O, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin göstərilən prinsiplər əsasında aradan qaldırılacağı təqdirdə mütərəqqi nəticələr verəcəyini ifadə edib: "Əminəm ki, münaqişənin BMT nizamnaməsi, ATƏT prinsipləri və beynəlxalq hüquq əsasında aradan qaldırılması az bir vaxt ərzində Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaranmasına imkan verəcək, erməni və Azərbaycan xalqları arasında xoş münasibətləri bərpa edəcək, Dağlıq Qarabağın bütün əhalisi üçün ən əlverişli şərait yaradacaqdır." Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına da sülh çağırışları edib. O, ATƏT üzvlərinin hamısını bütövlükdə Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməyə çağırıb: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər." Bütün bu çağırışlara baxmayaraq Ermənistan nümayəndə heyəti Heydər Əliyev tərəfindən irəli sürülən həmin prinsiplərin Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoyub. Azərbaycan dövlət başçısı isə ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olub. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də göstərilib. ATƏT sədrinin bəyanatından dərhal sonra Ermənistan nümayəndə heyəti də bəyanat verərək bununla razılaşmadığını elan edib. Gələcək uğursuz danışıqların əsasını qoyacaq bu bəyanatda məsələnin həllinin hər şeydən əvvəl öz müqəddəratını təyin etmə prinsipi əsasında əldə oluna biləcəyi bildirilib.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, o zaman ulu öndər Heydər Əliyev çox böyük qətiyyət nümayiş etdirdi və ciddi cəhdlə bütün diplomatik mexanizmlərdən istifadə edərək o sənədin qəbul olunmasına nail oldu: "Məsələ ondadır ki, yekun sənədin 20-ci maddəsi ilə bağlı çox ciddi fikir ayrılıqları vardı. Ermənistan "veto" hüququndan istifadə edərək çalışırdı ki, münaqişənin tənzimlənməsi ilə bağlı sənəddə Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsi öz əksini tapmasın. Bu halda ümumilli lider Heydər Əliyev bildirdi ki, Azərbaycan heç bir halda Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Belə olan halda ATƏT-in o vaxtkı sədri kompromis variant təklif etdi. Bu variant yekun sənədlərə əlavə bəyanatında öz əksini tapdı. Lissabon sammitinin yekun sənədinə əlavədə isə məhz Heydər Əliyevin təkidlə tələb etdiyi prinsip öz əksini tapdı. Bu sənəddə Azərbaycanın ərazi bötövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi. Bir daha qeyd edirəm ki, bu uğura birbaşa ümumilli lider Heydər Əliyevin müstəsna fəaliyyəti və diplomatik məharəti sayəsində nail olundu". E.Nəsirov onu da əlavə edib ki, Azərbaycan hazırkı Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu sahədə ciddi nalilyyətlərə imza atıb: "İlk növbədə münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın diplomatik üstünlüyü təmin edilib. Aprel hadisələri sübut etdi ki, Azərbnyacanın hərbi üstünlüyü də tam təmin edilib. Hazırda Ermənistandakı parlament seçkilərinin nəticələrini gözləyirik və təbii ki, 2019-cu ildən başlayaraq münaqişənin həlli prosesində yüksək səviyyəli danışıqların aparılması ehtimalı böyükdür. Azərbaycan dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, biz substantif-məzmunu üzrə danışıqların tərəfdarıyıq. Danışıq üçün danışığa getmək niyyətimiz yoxdur. Bu dəyişilməz mövqedir və münaqişə yalnız Azərbnaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllini tapmalıdır. Bu, ali baş komandanın qətiyyətli mövqeyidir. Ona görə də biz 2019-cu ildə münaqişənin tənzimlənməsi prosesində yeni addımların şahidi olacağıq. Hər halda Azərbaycan hər gün güclənməkdədir. Ermənistanda isə hər gün ciddi siyasi, iqtisadi böhran dərinləşməkdədir".
Nurlan