Müxalifət İbrahimbəyovun bayrağı altına keçir - ANALİZ

Böhran içində olan AXCP-Müsavat cütlüyünün başqa əlacı yoxdur

Hələ ötən ildən verilən "müxalifət seçki taktikasını, ənənəvi siyasətini dəyişməsə prezident seçkilərində uğur qazana bilməyəcək"  proqnozları özünü doğrultmaqdadır. Prezident seçkilərinə 9 ay qalıb, müxalifət ciddi bir seçki qurumu yarada bilməyib, ötən illərdəki siyasi durumu dəyişməyə nail olmayıb. İndidən müxalifətin prezident seçkilərinə bir neçə namizədi var. Bunlar Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Ümid Partiyasının sədri İqbal Ağazadədir. Yeri gəlmişkən, 2003-cü il prezident seçkilərində bu üç partiya bir arada idi. Təkcə bu fakt müxalifətin nə qədər parçalandığını göstərir. AXCP sədri böyük ehtimalla, mart ayında namizədilyini irəli sürəcək. Ziyalılar Forumunun fəalı Eldar Namazov namizəd olmağa çalışır. AMİP, ACP, Sosial Demokratlar da namizədlikləri yəqin ki verəcəklər. Qəribədir ki, müxalifət daxilində hələki düşərgənin bir namizədlə çıxış etməsi təşəbbüsü yoxdur. Vahid namizəd axtarışlarına son verilib. Müsavatın irəli sürdüyü əsas namizəd ideyası da reallaşana oxşamır. Tərslikdən İctimai Palata daxilində namizəd olmağa həvəslənənlər daha da artıb. Müstəqil politoloq, hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən  Ərəstun Oruclu da artıq seçki hazırlıqlarına başlayıb. Müşahidələr göstərir ki, ənənəvi müxalifət bu il ciddi şəkildə toparlana, hakimiyyətə qarşı alternativ rolunda çıxış edə bilməyəcək. Proses ənənəvi müxalifətin tamamilə sıradan çıxmasına, üçüncü qüvvənin güclənməsinə doğru aparır. Artıq ciddi siyasi təhlilçilər Müsavat-AXCP ikiliyinin tamamilə gücdən düşdüyünü bildirir. Bu günlərdə mətbuata açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, Ziyalılar Forumu və Rüstəm İbrahimbəyov  ənənəvi müxalifəti tamamilə küncə sıxışdırıb. Həqiqətən də belədir. Bir neçə vaxtdır Rüstəm İbrahimbəyov ölkədə yoxdur. Müxalifət ideyasız qalıb. Hamı onu gözləyir. 25 ildir siyasətlə məşğul olan İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, prezidentin köməkçisi vəzifəsinə qədər irəliləmiş Eldar Namazov yeni ideya ilə çış edə bilmir, oturub kinodramaturqun yolunu gözləyirlər. Bu günlərdə İP üzvlərindən biri jurnalistlərlə söhbətində çaşaraq, "Qoy, Rüstəm müəllim gəlsin, görək nə deyir, sonra əlaqə saxlayarıq" deyə, cavab verib. Bu, onu göstərir ki, hazırda müxalifət cameəsinin beyin mərkəzi Ziyalılar Forumu, daha konkretləşdirsək, Rüstəm İbrahimbəyovdur. Son 20 ilin siyasi prosesləri isə göstərir ki, beyin mərkəzi hansı qurumdursa, o da düşərgəyə ümumi rəhbərliyi həyata keçirir. Siyasi müşahidəçilər hesab edir ki, aşağı strukturlarını, cəmiyyətdə mövqeyini itirmiş, hətta az qüvvə ilə yenə liderlik savaşı aparan ənənəvi müxalifətin (konkret olaraq AXCP ilə Müsavatın, çünki o biri partiyaların rəqabət qabilliyyəti yoxdur və mövqelərini çoxdan itiriblər-müəll) Ziyalılar Forumunun təkliflərini qəbul etmək, onların bayrağı altına keçməkdən başqa yolu qalmayacaq. Bu günlərdə El Hərəkatı elan olunmalıdır. Böyük ehtimalla, AXCP və Müsavat bu qurumda təmsil olunacaqlar. Bir neçə gün bundan öncə Müsavata yaxın xəbər saytlarından birində  "Müsavat və AXCP ümumi birlik naminə öz maraqlarından imtina edə, namizəd irəli sürməyə bilər" məzmunda bir xəbər yayılmışdı. Bu xəbər təsadüfən yayılmayıb və düşərgədəki ümumi ovqatı ifadə edir. Deməli, İP rəhbərləri anlayıblar ki, onlar artıq güc deyillər və Ziyalılar Forumu daha güclüdür. 20 illik partyaların, 25 il siyasi təcrübəsi olan liderlərin bu duruma düşməsi, bütün resurslarını ziyalıların öhdəsinə verməsi xoşagələn hal deyil.

Ərhun Abbas 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00