Paşinyan Qarabağ klanına qarşı hücuma başladı
İnqilabçı lider Saakyanı özünə ciddi əngəl görür
30 Noyabr 2018 15:19 Siyasətİnqilabçı lider Saakyanı özünə ciddi əngəl görür
Ermənistanda hakimiyyət uğrunda mübarizənin deyəsən yeni mərhələsi başlayır. Bu dəfə inqilabçı Nikol Paşinyanın hədəfində Qarabağ separatçılarıdır. Başda sabiq prezident Serj Sərkisyan olmaqla Qarabağ klanına məxsus əsas siyasi fiqurları bir-bir sıradan çıxarmağı qarşısına məqsəd qoyan Nikol Paşinyan parlament seçkilərinə qədər nisbətən bu istəyinə nail olmuş sayılır. İndi isə sırada Qarabağ separatçılarıdır. Daha dəqiq desək separatçı rejimin rəhbəri Bako Saakyan. Nikol Paşinyan hesab edir ki, parlament seçkiləri ərəfəsində Bako Saakyan onun hakimiyyət iddialarının, ölkəyə nəzarəti tam ələ keçirmək istəyinin reallaşmasına mane ola bilər. Çünki separatçıların lideri birbaşa sabiq prezident Serj Sərkisyana yaxın biri kimi tanınır. Digər tərəfdən Saakyan nə qədər separatçı və rəhbərlik etdiyi rejim qeyri-qanuni olsa da, ona Rusiya tərəfdən də müəyyən simpatiya var. Əks təqdirdə Saakyanın Rusiya Federasiyasına səfərinə Moskva tərəfindən əngəl törədilərdi. Ancaq biz bunun əksini müşahidə edirik. Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olsa da, lakin həmsədrlik missiyası və ədalət prinsiplərinə zidd addım ataraq separatçıların liderinin Moskvada görüşlər keçirməsinə şərait yaradır. Eyni fikirləri Minsk qrupunun digər həmsədr ölkələri olan Birləşmiş Ştatlar və Fransa barədə də söyləmək mümkündür. Bako Saakyanın son bir müddət ərzində üç həmsədr ölkəyə səfər etməsi və istər Birləşmiş Ştatlar, istər Fransa, istərsə də Rusiya Federasiyasında görüşlər keçirməsi Nikol Paşinyanın ciddi narahatçılığına səbəb olan məqamlardandır. Hətta bu gün Ermənistanda belə bir fikir formalaşıb ki, hazırda separatçı Bako Saakyanın nüfuzu, reytinqi Nikol Paşinyan belə üstündür. Elə bu sabəbdəndir ki, Nikol Paşinyan Bako Saakyana qarşı hücumlara başlayıb. Təsadüfi deyil ki, ekspertlər də Nikol Paşinyanın Bako Saakyana qarşı hücumlarının arxasında hakimiyyət amilinin olduğunu qeyd edirlər. Bildirilir ki, Saakyanın xüsusilə Rusiyada nüfuzunun olması və onun Kremlə yaxınlığı ilə seçilməsi Paşinyanı ciddi narahat edir və inqilabçı Paşinyanın separatçıların liderini kəskin tənqid etməsi də məhz bu narahatçılıqdan doğur.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağ separataçılarına qarşı sərt mesajları, təsadüfi deyil və parlament seçkilərindən sonra Xankəndində Qarabağ klanının son qalası olan separatçı rejimi devirməyi hədəfləyib. Onun sözlərinə görə, separatçıların sözdə lideri Bako Saakyanın Moskvaya səfəri Nikol Paşinyanda narahatlıq doğurub: "Çünki, Bako Saakyan birbaşa Rusiyanın agentidir, Qarabağ klanının əsas fiqurudur. Nikol Paşinyan qorxur ki, Bako Saakyan Rusiyanın sifarişi ilə yeni ssenrailər hazırlaya bilər. Çünki Qarabağda yerləşən silahlı qüvvələrə Qarabağ klanı başçılıq edir".
Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin liderliyi Nikol Paşinyanın maraqlarına cavab vermir: "Seçkilərdən sonra Nikol Paşinyan öz adamlarını, xüsusi lə "Sasna Tsrer" təşkilatının üzvülərini Qarabağda rejim rəhbərliyinə gətirməyi planlayır. Əsas fiqur məhz "Sasna Tsrerin" üzvü Səfilyandı. Nikol Paşinyan Bako Saakyanı Rusiyanın əsas adamı və Qarabağ klanına bağlı olduğu üçün öz hakimiyyətinə qarşı hərbi təhlükə kimi görür. Çünki, istənilən situasiyada Qarabağdakı rejim şimaldan gələn təlimatla cəbhə zonasında mülki ermənilərə qarşı qanlı aksiya keçirə və təmas xəttində təxribat yarada bilərlər. Nikol Paşinyanın seçkidən sonra əsas planı işğal olunmuş ərazilərdə öz adamını rejim başına gətirmək və Qarabağ klanını tam zərərləşdirməkdir". Politoloq h\hesab edir ki, Azərbaycan Ermənistanda baş verən hadisələri diqqətlə izləməlidir: "Xankəndində separatçılar devrildikdən sonra, Nikol Paşinyanın substantiv danışıqlara gəlməsi mümükün ola bilər. Çünki, Ermənistanda inkişaf yalnız münaqişənin həllindən aslıdır. Məhz rəsmi Bakı Nikol Paşinyana bir neçə ay müddətində şans verib ki, prosesləri öz xeyrinə dəyişsin, danışıqlar masasına otursun".
Süleyman