Deputatlar 2019-cü ilin dövlət büdcəsini müzakirə etdilər
Dünən Milli Məclisinin plenar iclası başlayıb. Noyabrın 30-da da davam etdiriləcək iclasın gündəliyinə 58 məsələ daxil olunub. Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər. Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında" və s. qanunlara, eləcə də Cinayət Prosessual, İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.
27 Noyabr 2018 16:31 SiyasətDünən Milli Məclisinin plenar iclası başlayıb. Noyabrın 30-da da davam etdiriləcək iclasın gündəliyinə 58 məsələ daxil olunub. Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər. Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında" və s. qanunlara, eləcə də Cinayət Prosessual, İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.
İclasda gələn ilin dövlət büdcəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov deyib ki, Milli Məcllisin 2019-cu il üçün saxlanılma xərclərinin 10,1 mln. manat və yaxud 37,3 faiz artırılması nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl parlamentə 27,07 mln. manat ayrılması nəzərdə tutulmuşdu.
2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb.
Nazir bildirib ki, dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək. Müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2019-ci illə müqayisədə 0,7 faiz artaraq 30.7 faiz təşkil edəcək.
Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2.9 faiz artaraq 10 milyard 182 milyon manat cari xərclərin isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0.9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək.
Nazir bildirib ki, millət vəkillərinin büdcəyə etdiyi təkliflər əsasında layihəyə dəyişiklik olunub və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir:
"Bu məbləğin 200 milyonu qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyonu regionlarda məşğulluq səviyyəsinin artırılamasına, 2,7 milyonu Gənclər Fonduna ayrılır. Həmçinin, 2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur. Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq. Bununla yanaşı, bələdiyyələrə subvensiyalar üçün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyarddır. Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq".
Beləliklə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.
Bununla yanaşı Azərbaycanda təhsil xərcləri də artırılıb.
Nazir bildirib ki, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlar üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Nazir onu da deyib ki, bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb. "Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək". Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyondan artıq əlavə vəsatin ayrılması nəzərdə tutulub.
Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən vergilər naziri Mikayıl Cabbarov isə deyib ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə vacib məsələni əhatə edir.
Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər başlıca yer tutur: "Məlum olduğu kimi qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır. Və ödənişlər fərdi pensiya hesabında əks olunmur. Bu da öz növbəsində işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahatlarda 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpa edilməsi nəzərdə tutulur. Bəzi statistik rəqəmlərə nəzər saldıqda görərik ki, əhalinin pul gəlirlərinin cəminin 25 faizini əmək ödənişləri təşkil etdiyi halda, qonşu ölkələrdə bu, 40-65 faizə qədərdir. Ona görə də biz xüsusi olaraq vurğulayırıq ki, əmək haqları var, sadəcə olaraq kölgədədir. Biz bu tədbirlərlə onların kölgədən çıxarılmasını təmin etmək istəyirik".
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov deyib ki, Vergi Məcəlləsində dəyişikliklər çox mühüm əhəmiyyət daşıyır. Bu, sahibkarlğın inkişafı üçün zəmin yaradır. Bu islahat davam edərsə, vergidən yayınma halları azalacaq. Deputat bildirib ki, vergi sisteminə edilən dəyişiklərdə ən çox diqqət çəkən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin - muzdlu işdən aylıq gəlirləri 8 min manatadək olanların vergiyə cəlb edilməməsi ilə bağlıdır: "Qeyri-dövlət sektoru ifadəsinə yenidən baxılmalıdır. Hansı qurumlar bura daxil olacaq? Bəzi təşkilatlar var ki, səhmlərinin bir qismi dövlətə, bir hissəsi fərdi şəxslərə məxsusdur. Qeyri-dövlət məsələsi qanunda açıq göstərilməlidir. Bununla yanaşı, Azərbaycanda elə satış mərkəzi var ki, sənəd vermir. Sahibkar işinin getməsi üçün alış-veriş etməlidir. Vergilər Nazirliyinə müraciət edirəm ki, sənədləşmə məsələsinə baxılsın. Bu qanun qəbul ediləndən sonra bəzi ticarət mərkəzindən Əlavə Dəyər Vergisinin qaytarılması təmin ediləcək. Hesab edirəm ki, hazırda Əlavə Dəyər Vergisinin faizi çox yüksəkdir. Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik? Ümumilikdə isə dəyişikliyi müsbət qiymətləndirirəm, iqtisadiyyatın inkişafına dəstək olacaq".
Millət vəkili Musa Quliyev isə qeyd edib ki, tütün məmulatları ilə yanaşı, sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir. Qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur. Amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb. Deputat özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib: "Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı".
Millət vəkili Çingiz Qənizadə isə vergi orqanlarında keçmişdə baş verən neqativ halların aradan qaldırılmasına görə Mikayıl Cabbarova təşəkkürünü bildirib: "Ümid edirəm ki, bu islahatlar davam etdiriləcək. Azərbaycan vətəndaşları da bilməlidirlər ki, vergi ödəməyin özü də bir mədəniyyətdir. Amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun". Deputat xatırladıb ki, o keçən il hökumətin hesabatında keçmiş vergilər naziri Fazil Məmmədov da burada olarkən vergi orqanlarının işini tənqid edib: "Bağlanan ticarət mərkəzlərini, obyektləri gördükcə təklif etdim ki, daha az vergi yığmaqla daha çox iş yerinin açılmasına xidmət edən müddəaları özündə əks etdirən qanun layihəsi hazırlamalıyıq. Artıq bu iş reallaşır. Ona görə də biz bu islahatları dəstəkləməliyik. Amma mənim vergilər naziri Mikayıl Cabbarova sualım var. Mikayıl müəllim, Vergilər Məcəlləsinin 13-cü maddəsində vergi ödəyicilərinin ailə üzvləri sırasına ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar) daxil edilsə də, nəvələr daxil edilməyiblər. Biz Azərbaycanda yaşayırıq. Bizim ailəyə, anaya, ataya, nəvəyə münasibətimiz tamamilə fərqlidir. Bəzən illərlə baba, nənə ilə yaşayan nəvələr bu ailə üzvləri sırasında qeyd olunmur. Hörmətli Mikayıl müəllim, gələcəkdə bu məsələyə ya aydınlıq gətirilsin, ya da nəvələr ailə üzvləri sırasına salınmaqla boşluq aradan qaldırılsın".
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir. Onun sözlərinə görə, artıq neçə illərdir, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir: "Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və. s məhəllələri var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir. Həmçinin bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da 2 faiz vergi ödəyir, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir".
Millət vəkili Əli Hüseynli isə qeyd edib ki, Azərbaycanda qəbul edilən qanunlarla vəkillik sistemində ciddi islahatlar başlanılıb. Onun sözlərinə görə, Vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur: "Həmçinin dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər 1 saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir". Millət vəkili ümid etdiyini bildirib ki, gələcəkdə vəkillik fəaliyyəti ilə də bağlı həm vergi, həm də digər icbari ödənişlərə də güzəştlər tətbiq olunacaq.
Məhəmməd