"Müxalifət də Əkrəm Əylisli kimi düşünür" - ŞƏRH

Ziyalılar forumu bu yolla da pul qazanmaq istəyindədir

Son vaxtlar  Əkrəm Əylislinin ermənilərə xidmət edən "Daş yuxular" romanının müzakirəsi gündəmdən düşmür. Bu erməni sifarişli əsər bütün azərbaycanlıların, türklərin ictimai etirazı ilə qarşılanıb və bu qınaq hələ də davam edir. Romanın ilk müzakirəyə başladığı vaxt bütün ictimaiyyət ayağa qalxaraq dövlətdən bu şəxsin imtiyazlarının ləğv edilməsini,fəxri adların alınmasını xahiş etdi. Prezident İlham Əliyev də bu xahişləri nəzərə alaraq Əkrəm Əylislini "Xalq yazıçısı" adından və prezident təqaüdündən məhrum etdi. Bütün dünya bu saxta faktlar əsasında ermənipərəstliyi ilə tanınan əsər barədə danışdığı halda, dünyada yalnız erməni mətbuatı Əkrəm Əylislinin xeyrinə yazılar dərc etdi. Çünki, bütün yalançı və saxta faktlarıl əllərindən çıxan ermənilər qondarma "erməni soyqırımı"nı yalnız Əkrəm Əylislinin sayıqlamaları ilə gündəmə gətirə bilərdilər. Ona görə də ermənilər bu əsəri tərifləyir, Əkrəm Əylisliyə hətta Ermənistanda yaşamaq da təklif ediblər.

Erməniləri başa düşdük. Amma, gün Azərbaycanda özünü müxalifət adlandıran bir qrup şəxs də Əkrəm Əylislinin müdafiəsinə qalxmaq istəyir. İndi müxalifət az qalır ki desin Əkrəm Əylisli düz eləyib belə bir əsər yazıb. Əslində onları da qınamıram. Çünki adlarını ana müxalifət qoyub xalqın başına oyun açan, vətəndaşları hay-küylə ayağa qaldırmaq istəyən, öz çirkin niyyətlərini ictimaiyyətə "təmiz" adına sırımağa əhd edən bu şəxslər Azərbaycanın inkişafı və rifahından başqa nə desən etməyə hazırdılar. Onlar yalnız Azərbaycana zərbə vurmaq, hakimiyyətə gəlmək və insanları öz əsarətləri altında saxlamaq üçün müxalifətdirlər. Özünü "ziyalılar yığını" adlandıran bir-iki çirkin niyyətli bu insanlar yalnız və yalnız hakimiyyətdə olan iqtidardan qisas almaq üçün azərbaycanlı olduqlarını da itiriblər. Eldar Namazov və onun yanındakılar çox biabırçı bir addımla özlərini bir daha rüsvay etdilər. Özlərini Azərbaycan Ziyalılar Forumunun nümayəndələri adlandıranlar əslində bu hərəkətləri ilə erməni ziyalılarından dəstək aldıqlarını nümayiş etdirirlər. Bütün türk dünyası bu gün Əkrəm Əylislini haqlı olaraq qınaq obyektinə çevirib və onun bu əsərlə Azərbaycana, türkə, türkçülüyə xəyanət etdiyini bildirir. Belə bir vaxtda isə Ziyalılar Forumu bu tənqidlərə qarşı çıxış edir. Deməli məsələ aydındır və onların məqsədi erməniləri sevindirmək, onları müdafiə etməkdir. Maraqlıdır, bu gün Azərbaycanda 30 min erməni əsilli şəxs yaşadığı halda, onlardan heç biri Əkrəm Əylislinin bu hərəkətinə haqq qazandırmır. Ona görə ki, həmin erməni əsilli şəxslər ermənilərin nankorluğunu görür. Ona görə ki, həmin Bakı erməniləri Azərbaycanın çörəyini yeyir və nə qədər düşmən olmasına baxmayaraq Azərbaycan dövlətinin onlara bir vətəndaş kimi göstərdiyi dövlət qayğısını hiss edir. Amma... Onlar bu münasibəti, bu qayğını Ermənistanda yaşayan ermənilərə edilmədiyinin də şahididirlər. Eldar Namazovkimilər isə Azərbaycan vətəndaşı olub, milliyyətini azərbaycanlı yazdırdığı halda Azərbaycanda oturub, Azərbaycan dövlətinin çörəyini yeyib Azərbaycana qarşı çıxan bir şəxsiyyətsiz azərbaycanlının müdafiəsinə qalxır. Məsələ məlumdur.

Azərbaycanın millət vəkilləri və ziyalıları da Ziyalılar Forumunun bu hərəkətini sakitliklə qarşılayır və onların məqsədlərinin məlum olduğunu deyirlər. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da belə düşünür. Məsələyə münasibət bildirən millət vəkili bildilrir ki, Əkrəm Əylislini müdafiə edənlər elə özləri də onunla eyni mövqedən Azərbaycana zərbə vurmağa çalışır. Amma, onların məqsədləri həmişə üzə çıxıb: " Ataların bir sözü var: ağsaq atın kor nalbəndi olar. Əkrəm Əylislini müdafiə edən elə onun tayıdır. Əkrəmi müdafiə eləyənlərə Allah ağıl versin ki, erməni əhval-ruhiyyəsində kitab nəşr edən bir şəxsi müdafiə edirlər. Əkrəmə qarşı bu gün Azərbaycanda hansısa bir təhlükə yoxdur. Ona görə, onu müdafiə etmək anormal hərəkətdir. Əkrəmi kimdən və nədən müdafiə edirlər? Əkrəm xalqımıza uzun müddət ziyan vuracaq bir kitabı ortaya qoyub. Bu kitabın da bədii məziyyətləri də hamıya bəllidir. Onu müdafiə edənlər gərək o kitabı bir də oxusunlar. Kiminsə bu kitabdan xəbəri olubsa və bu kitabın çap olunmasına rəvac veribsə onlar elə Əkrəmin tayıdırlar".

Millət vəkili Zahid Oruc da bu şəxslərin biabırçı addım atdığını deyir. Onun sözlərinə görə, Eldar Namazovun dəstəsinin son hadisələr gedişində tutduğu mövqeyə görə, özünü cəmiyyətdən təcrid edib. Bu forum bir tərəfdən insanların rəyini, bütövlükdə milli platformanı dəstəklədiklərini vurğulasalar da, hadisələrin gedişində onların seyrçilik mövqeyi, bir sıra hallarda məsələnin başqa tərəflərinin qabardılması bunu göstərdi ki, o ümumxalq platformasına çevrilməyə qadir olmayan bir təşkilatdır. Qeyri-müntəzəmlik, sistemsizlik, ardıcıllığın olmaması da insanların nəzərində çox ciddi problemlər yaradır. Daimi fəaliyyət göstərən bir mexanizmə çevrilə bilməmək o deməkdir ki, vətəndaşlar nə mənəvi, nə də siyasi cəhətdən, hətta bu hadisələr fonunda ədəbi cəhətdən də, özünün fundamental mövqeyini onlardan gözləyə bilməz. Eləcə də "İctimai Palata" da uzun müddət guya parlamentin alternativi kimi çalışdığını iddia edirdi. Amma xalqın təsirləri, təzyiqləri fonunda ən azı bir əsərə münasibətlə eyni dili, leksionu bölüşməyə çalışdılar. Bu insanların mənəvi mövqeləridir. Bundan sonrakı dönəmdə hansı yeni mövzunu uydurmaları və onu öz mübarizə cəbhələrinə götürmələri ehtiyacları olacaq ki, ondan insanların məhəlli səviyyəsində diqqətini qazana bilsinlər. Zahid Oruc bildirib ki, bu əsərin sadəcə, günün birində Rusiyada peyda olmadığı haqqında yetərli informasiyalar var: "O öz yaxın çevrəsinə bu əsəri əvvəldən oxumanı təşkil etmiş və guya ilk prezentasiyanı onların çevrəsində etmişdir. Bu barədə o məlumatları gizlətmir. Odur ki, Ziyalılar Forumunun və İctimai Palatanın əsəri ədəbi və bədii cəhətdən bəyənmiş bir forum və qurum  saymaq olar. Məhz onların xeyir duası ilə "Daş yuxular" əsərinin işıq üzü gördüyünü saymaq olar". 

Millət vəkili Elman Məmmədov də Əkrəm Əylislini müdafiə edən Ziyalılar Forumunu ermənipərəstlikdə ittiham edir. Bildirir ki, bu gün kimsə Azərbaycan xalqına, dövlətinə düşmən mövqedə duran Əkrəm Əylislini müdafiə edirsə, onun mövqeyi ilə Əylislinin mövqeyində fərq yoxdur. Əgər Azərbaycan torpaqlarını işğal edən, uzun illər boyu türklərə qarşı soyqırımlar, qırğınlar törədən, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan ermənilərin tərəfində duraraq Əylislini tərifləyib, müdafiə edirlərsə bu o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə də deyilir.

Millət vəkili Jalə Əliyeva deyir ki, bu gün Əkrəm Əylislini müdafiə edənlər bununla  humanist hisslərdən çıxış etmək istəyirlərsə bu gülüncdür. Çünki, humanizmdən o vaxt danışıla bilər ki, həqiqətən də əsər ali hisslər üzərində qurulmuş olsun. Bir əsərdə ki, illərdən bəri hüquqları tapdalanmış, alçalmış, təhqir edilmiş, yurd-yuvalarından qovulmuş bir xalqın əzab-əziyyətlərinin üstündən xətt çəkilib. Bir çox titulları olan öz xalqı və dövləti tərəfindən yüksək mükafatlandırılan bir yazıçı öz xalqının bu əzablarının üstündən xətt çəkib, görməzlikdən gələrək bu bəlaları ona yaşadan tərəfə öz cümlələrində haqq qazandırırsa, bunun artıq humanizmlə, insanpərvərlikdə heç bir əlaqəsi yoxdur.

Politoloq Cümşüd Nuriyev isə Ziyalılar Forumunun Əkrəm Əylislinin kitabından öncədən məlumatları olduğunu iddia edir. Hətta o Rafiq Əliyevin də Əkrəm Əylislinin yazdığı bu əsərdən imtina etdiyini bildirib: "İctimai Palata çıxılmaz bir vəziyyətə düşüb və o günə qalıb ki,  erməniləri təbliğ edən, erməni tarixini bir növ Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı söz azadlığını dəstəkləmək məsələsini gündəmə gətirib.  Bir tərəfdən bildirirlər ki, bu əsərdəki fikirlərlə razılaşmırıq, digər tərəfdən isə bildirilər ki, bu söz azdlığı olmalıdır".

ASDP sədri Araz Əlizadə isə Əkrəm Əylislini müdafiə edənləri özlərinə ermənipərəst qüvvələr tərəfindən rəğbət qazanmaq istədikləri üçün bu addımı atdıqlarını deyib. Onun sözlərinə görə, Əkrəm Əylislini müdafiə edənlər gözləyirlər ki, onlara "əhsən" desinlər. Çünki Ə.Əylisli də bu əsəri yazanda elə bilirdi ki, ona "əhsən" deyəcəklər: "Onu müdafiə edənlər pul güdürlər. Çünki bu cür məsələlərlə bağlı hər hansı müdafiə komitəsi yaradılanda onu xaricdən maliyyələşdirməyə başlayırlar. Necə o əsərin yazılmasında pul əsas idi, onun müdafiəsində də pul əsasdır".

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00