Ermənistanda anti-Rusiya ab-havası hökm sürür

Yerevan Qərblə Rusiya arasında vurnuxur

Yerevan Qərblə Rusiya arasında vurnuxur

Cari ilin baharında Ermənistanda baş verən "məxməri inqilab" təsirləri etibarı ilə hələ də aktuallığını qoruyub saxlamaqdadır. İnqilabdan sonra iqtidara gələn Nikol Paşinyan hökuməti ölkənin xarici siyasətini korrektə etmək niyətinə düşüb. Məhz bu səbədən də yeni iqtidar bir tərəfdən köhnə rəhbərlik ilə hesablaşmağa çalışarkən, digər tərəfdən beynəlxalq mühitdə özünə yer etməyə iddialı kimi göstərməyə çalışır. Danılmaz fakt isə ondan ibarətdir ki, hazırda Ermənistan Qərblə Rusiya arasında çabalamaqla məşğuldur. Belə ki, baş nazir N.Paşinyanın tez-tez dilə gətirdiyi "Ermənistanın klassik xarici siyasətinin davam etdiriləcəyi" istiqamətindəki bəyanatlarına baxmayaraq, Qərb ilə daha yaxın əlaqələr qurmaq istədiyi də diqqətlərdən qaçmır.  Yeri gəlmişkən xatırladaq ki, N.Paşinyan iqtidara gəlməzdən əvvəl, hələ müxalifətdə olduğu dövrdə Rusiya əleyhinə söylədiyi fikirləri ilə tanınırdı. Serj Sarkisyanı tez-tez Rusiya tərəfdarı olmaqda günahlandıran N.Paşinyan "məxməri inqilab" nümayişlərində və sonrasında isə rəsmi Moskvaya qarşı kəskin bir mövqe nümayiş etdirə bilməyib. Hətta iki ölkə arasındakı dostluğun və əməkdaşlığın daha da irəli aparılmasından yana olduğunu da dilə gətirib. N.Paşinyanın bu fikirləri qüvvələr tarazlığı qurma səyi içərisində olduğunu göstərir. Elə bu səbədən də Yerevanda hesab edilir ki, Ermənistan Rusiyanın köməyi olmadan da keçinə bilər. Müxalifət liderləri düşünürlər ki, Ermənistan rəhbərliyi ölkənin suverenliyinin bərpası üçün bu günə qədər heç bir addım atmayıblar və indiki vəziyyət beynəlxalq münasibətlər sistemində suveren ölkəyə yaraşmır. Xatırladaq ki, N.Paşinyan baş nazir seçilməsindən dərhal sonra Avropa İttifaqı (Aİ) və Rusiya ilə əlaqələrini dərinləşdirmək istədiyinə dair bəyanatlarla çıxış etdi. Aİ seçkilərdə və korrupsiya araşdırmalarında Ermənistana fəal dəstək olacağını dilə gətirdi. Ermənistan ilə Qərb arasında atılan addımlar isə Rusiya rəsmiləri tərəfindən yaxından təqib edilir.

Ermənistanın mövcud iqtisadi vəziyyətinə görə Rusiyadan böyük ölçüdə siyasi və iqtisadi asılı olması zaman-zaman siyasi elitada, müxalifətdə və hakimiyyətdə narazılıqlara səbəb olurdu. Bunun nəticəsi olaraq Serj Sarkisyan dönəmində Ermənistan Rusiyadan iqtisadi asılılığını əhəmiyyətli dərəcədə azaltmaq üçün Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycanla bir sıra layihələrdə iştirak edən Avropa İttifaqı ilə daha da yaxınlaşmağa başladı. 2017-ci ildə Ermənistan Avropa İttifaqı ilə "Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Müqaviləsi imzaladı. Eyni zamanda, bəyan etdi ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri bütün sahələrdə genişləndirmək və iqtisadi əməkdaşlıq qurmaq niyyətindədir. Son zamanlar Rusiyaya qarşı qoyulan sanksiyalarla Rusiyaya dəstək olan ölkələrin sayı ciddi şəkildə azalmağa başlayıb. Rusiyanın ticarət tərəfdaşlarının azalması Rusiyadan Ermənistana kapital axınına da mane olur. Bu səbəbdən Ermənistan Rusiyadan asılılığını azaltmaq üçün alternativ yollar axtarışındadır. Bundan başqa, Ermənistanda hakimiyyətə gələn yeni rejim bütün problemlərə görə Robert Koçaryan və Serj Sarkisyan hökumətini günahlandırır və vurğulayır ki, Rusiyadan siyasi və iqtisadi asılılıq ölkə daxilində sabitliyin pozulmasına, "demokratik dəyərlərin itməsinə, rüşvət və korrupsiya hallarının böyüməsinə səbəb olmuşdur.

Məlumat üçün qeyd edək ki, bu gün Ermənistanda anti-rusiya ab-havası hökm sürür. Bu səbəbdən Ermənistan Rusiya münasibətlərini strateji müttəfiqlik kimi xarakterizə etmək olmaz. Rusiyanın ekspertləri də qeyd edirlər ki, yeni kabinetdə hakimiyyətə antirusiya düşüncəli nazirlər gətirildiyi halda bu iki ölkənin strateji müttəfqi münasibətlərini praktiki olaraq mümkünsüz edir. Siyasi ekspertlərin qənaətinə görə, əgər Paşinyan ikili siyasətini davam etdirərsə, Ermənistan və Rusiya arasında münasibətlərin bundan sonrakı taleyinə görə məsuliyyət tamamilə onun üzərində qalacaq.

Ekspertlər hesab edirlər ki, Ermənistanda hakimiyyətə gələn siyasi liderlər Qərbə doğru meyillənməklə iqtisadi inteqrasiyaya çalışır və Aİ-nin region üçün nəzərdə tutulan proqramlarında iştirak etmək istəyir. Amma bununla yanaşı, Rusiya kimi müttəfiqini də itirmək istəməyən Ermənistan, Rusiya ilə birlikdə bir sıra layihələrdə iştirak edir. Yeni hökumətin rəhbəri öz nitqlərində dəfələrlə vurğulayırdı ki, onlar xarici siyasətdə köklü dəyişikliklər etməyəcəklər və əməkdaşlıqları olduğu kimi saxlamağa çalışacaqlar. Bütün bunlar Ermənistana təsirsiz ötüşməyəcək, çünki həm Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvü olması, həm də Aİ, NATO və Qərb bloku ilə əməkdaşlıq etmək arzusu Ermənistanı gec-tez çətin vəziyyətə salacaq. Belə vəziyyətdə isə ya Ermənistan Rusiya kimi müttəfiqini tamamilə itirəcək, ya da Avropanın bir sıra proqramlarından kənarda qalacaq və siyasi dəstək istəməsi də qeyri-mümkün bir məsələ olacaq. Bütün sadalanalara baxmayaraq, hazırda Ermınistanda Rusiyaya qarşl ciddi antitəbliğat kampaniyası aparılır. İki ölkə arasındakı əlaqələrin N.Paşinyan iqtidarı dövründə necə davam edəcəyi isə hələ ki, sual olaraq qalmaqdadır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31