"Ermənistan Rusiyaya sığınmaq məcburiyyətində qalacaq”

"Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın konkret mövqeyi yoxdur. Onun fəaliyyəti hətta Rusiyanın bir sıra kütləvi informasiya vasitələri tərəfindən tənqid edilir. Son günlərdə Kremlə yaxın jurnalist Paşinyanı ciddi şəkildə tənqidinin də şahidiyik." Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Paşinyanın təcrübəsizliyi, ikiüzlülüyü, onun Qərblə meyllənməsi, Rusiya haqqında tənqidi fikirlər səsləndirməsi, KTMT-də özünü normal sivil şəkildə aparmaması, Xaçaturov hadisələri Ermənistanın nəinki Rusiya ilə eləcə də digər müttəfiqləri ilə münasibətlərinin pozulmasına gətirib çıxarıb.

Onun sözlərinə görə, Ermənistanın münasibətlərini korladığı ölkələr sırasına Belarus və Qazaxıstan da daxildir: " Bu ölkələr Paşinyanla bağlı narazılıqlarını bildirirlər. Buna səbəb bir tərəfdən Paşinyanın təcrübəsizliyi, faktiki olaraq müxtəlif qütblərlə oyun oynamaq istəyi, digər tərəfdən də onun siyasi proseslərdən uzaq olması, düzgün təhlil etmək qabiliyyətinə malik olmamasıdır".

Paşinyan tərəfindən atılan addımların daxili auditoriyaya yönəldiyini deyən F. Sadıqov söyləyib ki, hazırda baş nazir vəzifəsini icra edən şəxsin atdığı addımların arxasında bir müddət sonra ölkəsində keçiriləcək parlament seçkilərində auditoriyanı əldə etmək dayanır: "Çünki, ölkədə iqtisadi, sosial vəziyyətin ağır olması, xarici siyasətdə uğursuzluqlara görə daxili auditoriya Paşinyandan narazıdır. Bu baxımdan sözügedən şəxs müxtəlif addımlarla özünə xal qazanmağa çalışır. Mənə elə gəlir ki, Rusiya-Ermənistan arasında gərginlik dekabrda keçiriləcək seçkilərə qədər davam edə bilər. Əgər seçkilərin nəticələrində Paşinyanın tərəfdarları çoxluq təşkil edərsə, o zaman onun mövqeyində konkret prioritetlər cızılacaq. Bildiyiniz kimi keçmiş rejimin tərəfdarları parlamentdə çoxluq təşkil edir və Paşinyan bunu qırmağa çalışır. Amma istənilən halda Ermənistan Rusiyanın əhatə dairəsində heç zaman çıxa bilməyəcək. Çünki, onun Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır və yeganə pəncərəsi olan İrana qarşı sanksiyaların tətbiq olunması düşmən ölkəni Rusiya ilə münasibətlərini davam etməsinə gətirib çıxaracaq. Ermənistan nə etsə də sonda yenə də Rusiyaya sığınmaq məcburiyyətində qalacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31