Erməni lobbisi Paşinyandan üz döndərir
Son ümumerməni marafonu bunu bir daha təsdiqlədi Ermənistan bütün istiqamətlərdə sürətli şəkildə geriyə doğru gedir. İşğalçı ölkənin siyasi, iqtisadi, eləcə də hərbi baxımdan üzləşdiyi uğursuzluqlara indi də lobbiçilik əlavə olunur. Daha doğrusu erməni lobbisi də artıq Ermənistanın karına yaramır.
23 Noyabr 2018 13:27 SiyasətSon ümumerməni marafonu bunu bir daha təsdiqlədi
Ermənistan bütün istiqamətlərdə sürətli şəkildə geriyə doğru gedir. İşğalçı ölkənin siyasi, iqtisadi, eləcə də hərbi baxımdan üzləşdiyi uğursuzluqlara indi də lobbiçilik əlavə olunur. Daha doğrusu erməni lobbisi də artıq Ermənistanın karına yaramır. Bunu bu günlərdə Birləşmiş Ştatların Los-Anceles şəhərində keçirilən ümumerməni marafonu fonunda da aydın görmək mümkündür. Belə ki, hər il ənənəvi olaraq keçirilən ümumerməni marafonunda bu il gözlənilməz nəticə ortaya çıxıb. Belə ki, erməni lobbisi marafonda cəmi 11 milyon dollar toplayaraq Ermənistana göndərib. Halbuki əvvəlki illərdə söhbət 15-20 milyon dollardan gedirdi.
Erməni lobbisinin Ermənistan dövlətinə yönəlik maddi yardımının getdikcə azalmasını ekspertlər müxtəlif səbəblərlə əlaqələndirirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni lobbisinin İrəvan üçün nəzərdə tutduğu maddi yardımın azalmasına diqqət çəkib və onun səbəblərini araşdırıb: "1992-ci ildə yaradılan ümumerməni "Hayastan" fondu "ənənəsinə" sadiq qalaraq bu il də Los-Ancelesdə növbəti telemarafonunu keçirdi. Dünyada yaşayan ermənilər dünənki telemarafona təxminən 11 milyon dollar göndərdilər. Ermənistanın baş naziri Nikol Paşinyan da fonda ianə köçürüb. Prezident Armen Sərkisyan isə ümumiyyətlə yarım illik maaşından keçib. Buna baxmayaraq, yığılan pulların miqdarı getdikcə azalır". Elxan Şahinoğlu deyir ki, 2016-ci ildə telemarafonda 15 milyon dollar, 2017-ci ildə 12 milyon dollar, bu il isə bundan bir milyon dollar az pul yığılıb: "Əlbəttə, bu o demək deyil ki, erməni lobbisinin varlı üzvləri kasıblaşırlar. Sadəcə, erməni lobbisinin üzvləri pulların Ermənistanda və Dağlıq Qarabağda "təyinatı" üzrə xərclənmədiyindən şübhələnirlər. Nikol Paşinyan hakimiyyəti dövründə ilk dəfədir ki, telemarafona qoşulur. O istəyərdi ki, erməni lobbisi ona inansın və keçmiş illərdən fərqli olaraq daha çox ianə ayırsınlar. Ancaq hələ ki, erməni lobbisinin varlı təmsilçiləri Nikol Paşinyana çox da inanmırlar. Əks halda builki telemarafon zamanı toplanan pullar Serj Sərkisyanın prezident olduğu ildə keçirilən telemarafonda yığılan məbləğdən çox olmalı idi".
Politoloq deyib ki, yığılan pulların əsas hissəsi həmişəki kimi işğal altındakı torpaqlarda layihələrin reallaşması üçün nəzərdə tutulub: "Bu dəfə iki layihə maliyyələşdiriləcək. Separatçılar yığılan pulla Dağlıq Qarabağda torpaqların damcı texnologiyası ilə suvarılmasının tətbiqinə başlamaq istəyirlər. İkinci layihə də diqqəti cəlb edir. Separatçılar Dağlıq Qarabağda enerji qaynaqlarını müəyyənləşdirmək üçün qazıntı işlərinə başlayacaqlar. Dağlıq Qarabağda nə neft var, nə də qaz. Olsaydı, SSRİ illərində aşkarlanardı. Böyük ehtimalla separatçılar işğal altındakı torpaqlarda, özəlliklə də Kəlbəcərdə faydalı qazıntılarını genişləndirmək istəyirlər. Təəssüf ki, biz separatçıların bu çalışmalarını əngəlləyə bilmirik. Kim təminat verə bilər ki, 11 milyon dollar məhz separatçıların elan etdiyi layihələrə xərclənəcək. Yığılan pulla Ermənistan vasitəsilə üçüncü ölkələrdən silah alınması da istisna deyil".
Ümumiyyətlə, erməni lobbisinin İrəvana yönəlik maddi yardımlarının azalmasının digər bir səbəbi də heç şübhəsiz Paşinyan amili ilə bağlıdır. Belə ki, Nikol Paşinyanın həyata keçirdiyi yarıtmaz siyasət dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər tərəfindən də normal qəbul edilmir. Xüsusilə, sabiq prezident Serj Sərkisyanın Paşinyan tərəfindənm hədəfə götürülməsini erməni lobbisi qəbul etmir. Çünki xarici ölkələrdəki güclü maliyyə imkanlarına malik ermənilərin böyük bir qisminin sabiq prezident Serj Sərkisyana simpatiyası var. Sərkisyan prezident olduğu dövrdə xaricədki iri maliyyə imkanlarına malik ermənilərin Ermənistana sərmayə yatırması üçün heç bir əngəl yaratmırdı. İndi isə Paşinyan Sərkisyana bağlı olan həmin maqnatların Ermənistandakı biznesini nəzarətə götürmək istəyir. Ona görə də erməni lobbisinin ümumerməni marafonunda topladığı vəsaitlərin həcmi azalmağa doğru gedir.
Füzuli