Strateji tərəfdaşlıq əlaqələrinin inkişafı baxımından önəmli səfər

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir-birinin ardınca həyata keçirdiyi iki xarici səfərin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi danılmazdır. Həm Belarusda, həm də Türkmənistanda keçirilən görüşlər və imzalanan sazişlər Bakının Minsk və Aşqabadla əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə stimul verən amillərdəndir. Bu səfərlər zamanı Azərbaycan dövlət başçısının hər iki ölkədən olan həmkarı ilə imzalamış olduğu birgə bəyanat isə Azərbaycan üçün olduqca əhəmiyyətlidir.  Belə ki, dövlət başçıları səviyyəsində imzalanan sənəddə əsasən Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Ümumiyyətlə, dövlət başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Elə Azərbaycan və Türkmənistan dövlət başçılarının imzaladığı birgə bəyanatda da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu.

Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında iqtisadi sahədə də əlaqələrin inkişafına mühüm töhfə verir və bu sahədə yeni-yeni əməkdaşlıq imkanları açır. Elə ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Tahir Rzayev deyir ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri Azərbaycanın çox vektorlu xarici siyasətinin göstəricisidir: "Azərbaycanla Türkmənistan türkdilli ölkələr sırasındadır  və bu amil münasibətlərin inkişafında mühüm rol oynayır. Ümumiyyətlə, son illər ölkələrimiz arasında əlaqələr daha da inkişaf edib. Xəzərin hüquqi statusunun müəyyənləşməsindən sonra münasibətlərin inkişafına yeni dinamizm var. Bütövlükdə isə hər iki ölkənin xalqlarını dərin tarixi köklər bağlayır. Azərbaycan və Türkmənistan xalqlarınin tarix, dil, din bağlılığı var. Bu amil münasibətlərimin daha da güclənməsini zəruri edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri qarşılıqlı əlaqələrin daha da inkişafı baxımından böyük təkan olacaq". Millət vəkili Cavid Osmanov isə qeyd edib ki,  Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri strateji tərəfdaşlıq əlaqələrinin  inkişafı baxımından  çox önəmli hadisədir.  O, bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında əlaqələr müxtəlif sahələri əhatə edir: "Səfər çərçivəsində dövlətlər arasında 20 sənədin imzalanması qarşılıqlı münasibətlərin nə dərəcədə önəmli olmasının göstəricisidir". Millət vəkili deyib ki,  Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi iki ölkənin maraqlarına, o cümlədən regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir: "İmzalanan sənədlər arasında Prezidentlərin Birgə Bəyanatı xüsusi önəm kəsb edir. Bəyanatda vurğulanır ki, dövlət başçıları Azərbaycan Respublikasının və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Həmçinin, Birgə Bəyanatda qeyd olunur ki, dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklər. Əlbəttə ki, bütün bunlar tərəflər arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Bütövlükdə, hesab edirəm ki, bu səfər Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31