"Sıx əməkdaşlığın qurulması Azərbaycan və Türkmənistan üçün vacibdir"
23 Noyabr 2018 11:43 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri qonşu ölkənin dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun xahişi ilə baş tutmaqla yanaşı, onun bir müddət bundan öncə ölkəmizə səfəri zamanı edilən dialoqun davamı hesab etmək olar. Bildiyiniz kimi, 2017-ci ildə Türkmənistan prezidenti ölkəmizə səfər etmişdi və bu səfər zamanı "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə" imzalanmışdı ". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
Azərbaycan və Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən politoloq bildirib ki, ölkələr arasında ikitərəfli dialoq qurulmasına sövq edən amillər var: "Bunlardan biri ümumi geosiyasi vəziyyətdir. Bildiyiniz kimi, hazırda Əfqanıstanda çox mürəkkəb proseslər gedir və ölkəmiz tərəfindən bu ölkəyə külli miqdarda yük, yardım getməklə yanaşı, hərbçilərimiz bu ölkənin təhlükəsizliyində mühüm rola malikdirlər. Türkmənistanın da Əfqanıstanla həmsərhəd ölkə olduğunu nəzərə alsaq, o zaman Azərbaycanla Türkmənistanın bu sahədə dialoq aparması əsas amillərdən biridir. Elə bu baxımdan da səfər zamanı dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan - Türkmənistan - Azərbaycan - Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər".
Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində ölkələr arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparıldığını xüsusi vurğulayan politoloq söyləyib ki, iki ölkə arasında sıx əməkdaşlığın qurulması həm Azərbaycan, həm də Türkmənistan üçün vacibdir.
İ. Vəlizadə qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir: "Bu əlaqələr hər iki ölkənin maraqlarına, eyni zamanda regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir: " Ümumiyyətlə, Azərbaycanla Türkmənistan əlaqələrinin inkişafı digər ölkələr üçün də maraqlıdır. Bu maraqları nəzərə alaraq deyə bilərik ki, iki ölkə arasında münasibətləri böyük gələcək gözləyir. Düşünürəm ki, əlaqələr bu səfərdən sonra yeni mərhələyə qoyacaq və münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək".
sia