“Separatçılığın beyni keyfiyyətli yalan düzəldə bilmədi”
“Separatçı Dağlıq Qarabağ rejiminin xarici işlər naziri kimi özünü təqdim edən Masis Mailyan Dağlıq Qarabağ tənzimlənməsi barədə fikirlərini sistemləşdirib, “Azad Artsax” qəzetinə müsahibə verdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
23 Noyabr 2018 11:42 Siyasət"Separatçı Dağlıq Qarabağ rejiminin xarici işlər naziri kimi özünü təqdim edən Masis Mailyan Dağlıq Qarabağ tənzimlənməsi barədə fikirlərini sistemləşdirib, "Azad Artsax" qəzetinə müsahibə verdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, onun təqdim etdiyi yanaşmanın əsas tezisləri bunlardır:
I. Münaqişə Azərbaycan-Dağlıq Qarabağ münaqişəsidir.
II. Bu münaqişə ərazi məsələsi deyil.
III. Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altında olduğu dövrdə də münaqişə var idi.
IV. "Artsax" (Dağlıq Qarabağ) xalqının öz müqəddəratını təyin etməsi hüququ reallaşdırılmalıdır.
V. Danışıqların üçtərəfli formatı bərpa olunmalıdır.
VI. "Artsax" (Dağlıq Qarabağ) İranla dinc qonşuluq münasibətlərini qurmağa hazırdır.
VII. "Artsax"ın (Dağlıq Qarabağ) tanınması regional təhlükəsizliyi təmin edəcəkdir.
Əvvəllər həm "xarici işlər nazirinin müavini", həm də ekspert kimi fəaliyyət göstərdiyi vaxtlarda M.Mailyanın intellekti şübhə doğurmadı və onun bu ideyaları müzakirə üçün yaşamaq qabiliyyətinə malik idi. İndi M.Mailyanın statusu dəyişib, ATƏT MQ həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağda olarkən M.Mailyan onlarla görüşür.
M.Mailyanın bu tezislərinə məhz o prizmadan yanaşdığımız üçün bəzi məsələləri təkrarlamağı özümüzə borc bildik:
I. Münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 1992-ci ilin fevral-mart aylarında keçmiş SSRİ respublikaları "uti posidites" (hər şey olduğu kimi) praktikası əsasında BMT-yə üzv qəbul edildi. Bu zaman Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibində idi. BMT də elə bu qaydada, yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaqla Azərbaycan Respublikasını BMT-yə üzv qəbul etdi. O vaxtadək ermənilər Dağlıq Qarabağın Ermənistana birləşməsi barədə qərar qəbul etmişdilər və Dağlıq Qarabağın "müstəqilliyi referendumunu" keçirmişdilər. BMT "uti posidites" praktikası ilə Dağlıq Qarabağda baş verən siyasi-şou xarakterli prosesləri inkar etdi.
II. "Bu münaqişə ərazi məsələsi deyil." tezisinə baş vermişlər tutarlı cavab verir. 1988-ci il fevralın 20-sində DQMV-nin vilayət şurası Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən ayrılıb Ermənistan SSR-ə birləşməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarını SSRİ Ali Sovetinə və Ermənistan SSR Ali Sovetinə göndərdi. DQMV-də qəbul olunan bu qərar o vaxt həm Dağlıq Qarabağın ərazisinin, həm də əhalisinin Ermənistan SSR-ə birləşdirilməsi kimi qəbul edildi. Eyni sözləri 1991-ci ilin dekabrında keçirilən "müstəqillik referendumu" barədə demək mümkündür. İndi Dağlıq Qarabağın bir nömrəli beyninin açıqlamasına görə ermənilər Dağlıq Qarabağın torpağını deyil, yalnız adamlarını Ermənistana birləşdirmək istəyirmişlər. M.Mailyan əgər dediklərinə inanırsa Dağlıq Qarabağın əhalisinə Ermənistana köçərək birləşməyi indi də aktual mövzuya çevirə bilər.
III. "Dağlıq Qarabağ ərazisi Azərbaycanın nəzarətində olduğu vaxtlarda da narazılıqlar var idi" fikrində həqiqət var və bu həqiqət Azərbaycanın dediklərini təsdiq edir. Erməni separatçılığı 80-ci illərin ortalarından güclənməyə başlandı. M.Mailyan bilməmiş deyil, o zaman Bakıdan Yerevana hər hansı məsələdən ötrü gedən ermənilər taksiyə mindiyi andan təhdid olunurdular: "Siz satqınsınız, erməni ideyasına xəyanət edirsiniz. Niyə Bakıda və Azərbaycanın digər yerlərində bu ərazilərin Ermənistana qaytarılması uğrunda mübarizə aparmırsınız". Qorbaçovun yenidənqurması onları daha da şirnikləşdirdi. Separatçılıq dalğası Dağlıq Qarabağ ermənilərinin narazılığının əsas mənbəyidir. Nəticədə bu 1988-ci il fevralın 20-sində Ermənistana birləşməklə bağlı qərara və fevralın 22-sində ilk qanın tökülməsinə gətirib çıxardı. Ermənilər Əskəran rayonu ərazisində qərara etiraz edən dinc azərbaycanlılara atəş açdı və 2 azərbaycanlı gənc öldürüldü.
IV. ""Artsax" Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi hüququ reallaşdırılmalıdır" fikri ermənilərin ATƏT MQ daxil olmaqla beynəlxalq ictimaiyyətin mövqeyinin inkarıdır. Münaqişənin tənzimlənməsi üçün Helsinki Yekun Aktının 3 prinsipi əsas götürülüb: Güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi. "Artsax"ın (Dağlıq Qarabağ) müqəddəratını təyin etməsindən söhbət getmir. Əvvəla öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipindən sonradır, yəni əvvəlcə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları Dağlıq Qarabağın müqəddəratının təyinində bərabərdirlər. Üçüncüsü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi digər prinsiplərinin-ərazi bütövlüyü prinsipinin əleyhinə getməməlidir. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü təyin olunmalıdır. Sonra isə Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratlarını təyin etməlidirlər. Dördüncüsü, "Artsax" və ya "Dağlıq Qarabağ" xalqı adlı etnonim mövcud deyil.
V. ATƏT MQ-nin keçmiş həmsədrləri və rəsmilərinin bildirdiyinə görə əvvəllər danışıqlar prosesində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icması iştirak edib. Sonuncu dəfə bu fikri amerikalı həmsədr K.Kovano erməni mətbuatına açıqladı. Ermənilər Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesində görmək istəyirsə o zaman Dağlıq Qarabağın azərbaycanlı icmasını danışıqlar prosesinə dəvət etməlidirlər. Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə qatılması isə necə deyərlər "texnikanın işidir".
VI. ""Artsax" (Dağlıq Qarabağ) İranla dinc qonşuluq münasibətlərini qurmağa hazırdır" tezisinin yaşı 20 ildən çoxdur. M.Mailyan bilməmiş deyil ki, İranın Dağlıq Qarabağda birbaşa əlaqələrə marağının ən güclü olduğu dövr artıq arxada qalıb. İstanbulda Türkiyə, Azərbaycan və İran Xİ nazirlərinin görüşündə qəbul olunan bəyannamədə İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi fikrinin Ermənistan rəsmilərində və digər siyasilərində yaratdığı reaksiyaları oxumağı M,Mailyana məsləhət görürük. Ermənistan ABŞ, Rusiya, Fransa və Aİ-ni itirdiyi kimi İranı da birdəfəlik itirəcəkdir. Bu halın rəsmən elan olunmasına uzun vaxt qalmayıb.
VII. "Artsax" (Dağlıq Qarabağ) regional təhlükəsizliyin təminatçısı olmayıb, ola da bilməzlər. Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhlükə mənbəyidir. Zaman keçdikcə bu imkanları azalır. Dağlıq Qarabağ bu günədək özünün müstəqil iqtisadiyyatını, energetikasını qura bilməyib. Hətta özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Yalnız Ermənistandan gələn dotasiyaların və xaricdən ayrılan yardımların hesabına yaşayır. Özünü formalaşdıra bilməyən icmanın regional sabitlikdə pozitiv və ya neqativ tutumda iştirak etməsi nonsensdir.
Dağlıq Qarabağ münaqişəsi çox beyinləri yeyib. M.Mailyanın da beyni işləmir, ən azı, yalan düzəldə bilmir. Onun düzəltdiyi yalana inananların da sayı getdikcə azalır. Ola bilər, həmsədrlər əllərində olan variantı açıqlasınlar".
sia