Azərbaycan Prezidenti Türkmənistanda bir sıra görüşlər keçirib
22 Noyabr 2018 16:18 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanda rəsmi səfərdə olub. Səfərin ilk günü dövlət başçısı Aşqabadda "Xalq xatirəsi" memorial kompleksini ziyarət edib. Məlumat üçün qeyd edək ki, Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb. Prezident İlham Əliyev "Əbədi şöhrət" abidəsinin önünə əklil qoyub. Sonra dövlət başçısı "Vətən müqəddəsliyi" muzeyi ilə tanış olub.
Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur. Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Dövlət başçısı Türkmənistana səfəri çərçivəsində Aşqabadda Olimpiya Kompleksi və Türkmən milli xalça muzeyi ilə tanış olub.
Qeyd edək ki, muzey Türkmənistan Prezidentinin Sərəncamı ilə 1993-cü ildə yaradılıb. Məqsəd Türkmənistanın xalçaçılıq sənətini qorumaq və inkişaf etdirməkdir. Muzeyin yaradıldığı gün hər il ölkədə Türkmən Xalçası Günü kimi qeyd olunur.
Noyabrın 22-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib.
Sonra Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə təkbətək və geniş tərkibdə görüş keçirilib. Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər