TÜRKPA-nın 9-cu plenar iclası Bakıda keçiriləcək
22 Noyabr 2018 16:02 SiyasətTürkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu plenar iclası 2019-cu ilin sentyabrında Azərbaycanda keçiriləcək. "Olaylar" xəbər verir ki, bu barədə qərar Türkiyənin İzmir şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclasında qəbul edilib. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Bakıda TÜRKPA üçün hərtərəfli şəraitin yaradılması təşkilatın səmərəli fəaliyyətinə böyük təsir göstərir. Qurumun noyabrın 21-də baş tutan plenar iclasında TÜRKPA-nın komissiyalarının hesabatları, o cümlədən Türkdilli Ölkələrin Parlament Assambleyasının ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qurumun sosial, mədəni və humanitar komissiyasının sədr müavini Sevinc Hüseynovanın hesabatları dinlənilib və qəbul olunub.