“Bu əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq”- Rəsmi Bakıdan Avropa İttifaqına xəbərdarlıq

10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Bu barədə Forumun saytı məlumat yayıb. Ancaq Tiflisdə "Şərq Tərəfdaşlığı" himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib.

10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Bu barədə Forumun saytı məlumat yayıb. Ancaq Tiflisdə "Şərq Tərəfdaşlığı" himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Nümayəndəliyi tərəfindən araşdırılır: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq".

Millət vəkili, Avronest Parlament Assambleyasının(PA) həmsədri Məlahət İbrahimqızı  məsələyə kəskin etirazını bildirib: "Mətbuatdan oxudum ki, Tiflisdə Avropa İttifaqının(Aİ) Şərq Tərəfdaşlığı ölkələrində Vətəndaş Cəmiyyətinin  vəziyyəti ilə bağlı böyük konfrans keçirir. Konfransda Şərq Tərəfdaşlığına üzv olan ölkələr, Ukraynanın yüksək səviyyəli rəsmiləri, Moldovanın və digər dövlətlərin rəsmi şəxsləri dəvət olunub. Təəssüfedicidir ki, Azərbaycan hökumətini bu konfransda təmsil edəcək yüksək rəsmi şəxs yoxdur. Ümumiyyətlə, Azərbaycan dəvət olunmayıb. Ancaq Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycanı təmsil etmək üçün dəvət olunub. Bu da ancaq səfirliyimizin  müşahidəçi qismində iştirakı kimi nəzərdə tutulub. Bu, həqiqətən də ədalətsiz, ikili standartlara dayanmış qərəzli yanaşmadır".

Məlahət İbrahimqızı  Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanın ən çox töhfə verən ölkələrdən biri olduğunu vurğulayıb: "Azərbaycanın Avropa İttifaqı ilə ən yüksək səviyyədə əməkdaşlığı var. Bu yaxınlarda möhtərəm prezidentimiz Brüsseldə olarkən görüşlər keçirib. Azərbaycan Avropa məkanında ən önəmli dövlətlərdən, enerji təhlükəsizliyində aparıcı ölkələrdən biridir. Bu baxımdan Azərbaycan 10-dan çox ölkənin strateji müttəfiqidir. Qeyd etdiyim kimi Şərq Tərəfdaşlığı çərçivəsində də Azərbaycan önəmli ölkələrdən biridir. Hesab edirəm ki, Azərbaycana bu formada yanaşma  tam qərəzlidir. Görünür, burada da ermənipərəst qüvvələr daha çox fəallıq göstəriblər. Həmsədr kimi bu cür yanaşmanı qınayaraq etirazımı bildirirəm"

Assambleyanın xanım həmsədri Azərbaycana qarşı bu cür yanaşmaya inana bilmədiyini də istisna etməyib: "Konfrans  dekabrın 10-12-dədir. Bəlkə də dəvət olacaq. Ancaq adətən belə tədbirlərdə rəsmi dəvətnamələr  xeyli öncədən göndərilir. Hələ də inana bilmirəm ki, belə yanaşma ola bilər. Bu yanaşma Azərbaycanın Avropa İttifaqına  olan münasibətlərinə xoş mahiyyət gətirməyəcək. Əksinə, bu sübut edir ki, Avropa İttifaqında, Brüsseldə Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Hər vəchlə süni problem yaratmağa çalışırlar. Mətbuatda yazılana görə, Tiflisdə keçirilən konfransda Azərbaycanın Gürcüstandakı səfirliyi müşahidəçi kimi dəvət olunub. Müşahidəçi qismində hansısa tədbir iştirakçısı ölkəsinin mövqeyini necə təqdim edə bilər?! Bunu anlaya bilmirəm. Gürcüstandakı səfirliyimizi dəvət etməklə o demək deyil ki, Azərbaycan hökuməti bu səlahiyyəti səfirliyə  verəcək. Bu çox məqsədli və şüurlu olaraq Azərbaycanın əleyhinə qoyulmuş yanaşmadır. Əminəm ki, qısa zamanda  Avropa İttifaqı ilə bu tədbiri təşkil edən təşkilatlar tərəfindən bu məsələyə aydınlıq gətiriləcək. Əks halda Azərbaycan bu məsələyə etirazını bildirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31