Paşinyan beynəlxalq hüquq prinsiplərini pozur

Nikol azərbaycanlı girovları niyə vermək istəmir?

Nikol azərbaycanlı girovları niyə vermək istəmir?

Ermənistan yenə də öz ampluasındadır. Daha doğrusu hazırda işğalçı ölkədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan sələflərinin siyasətinə sadiqdir. Necə ki, əvvəlki hakimiyyətlər, Robert Köçəryan, Serj Sərkisyan Azərbaycanın artan siyasi və hərbi gücü qarşısında acız duruma düşdükdə danışıqlar masasına meyil edir, müyyən vaxt udduqdan sonra yenidən danışıqlar prosesini pozur, aqressivlik nümayiş etdirirdilər, indi də eyni yolu Nikol Paşinyan davam etdirir. Aprel inqilabından sonra Ermənistanda yaranan siyasi gərginliyi aradan qaldırmaq və rəqiblərini zərərsizləşdirmək istiqamətində atdığı addımlar fonunda Dağlıq Qarabağ cəbhəsində gerilədiyini görən Paşinyan da Azərbaycan qarşısında vaxt udmaq üçün sələflərinin metodlarından istifadə edərək Aşqabadda dövlət başçısı İlham Əliyevlə görüşə can atdı. Və beləliklə inqilab yolu ilə hakimiyyəti ələ alan Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü baş tutdu. Aşqabad görüşündə tərəflər bir sıra məsələlər. o cümlədən atəşkəsin qorunması, eləcə də danışıqlar prosesinin davam etdirilməsi barədə ümumi razılığa gəlsələr də, lakin ötən müddət ərzində İrəvandan əldə edilən heç bir razılığa əməl etmək kimi tendensiya müşahidə edilmədi. Əksinə inqilabçı Paşinyan bir neçə dəfə Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdi, Azərbaycan əleyhinə açıqlamalar, bəyanatlar səsləndirdi. Həmçinin cəbhədə atəşkəsin qorunmasına da Ermənistan tərəfindən əməl olunmadı. Və bu bir daha Ermənistanın nə qədər verdiyi vəddə, sözdə səmimi olıduğunu ortaya qoydu.

Bütün bunlar azmış kimi Nikol Paşinyan indi də əsir və girovlarla bağlı məsələdə kompromisdən uzaq çıxışlar edir. Azərbaycanın ünvanına heç də xoş olmayan fikirlər səsləndirir. Belə ki, Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovu azad etmək niyətində olmadıqlarını inqilabçı Paşinyan açıq şəkildə bəyan edir. Əksəriyyət ekspertlər Nikol Paşinyanın bu açıqlamasını həm beynəlxalq hüquq və prinsiplərə, həm də Azərbaycanla əldə edilən ümumi razılaşmaya zidd olduğunu ifadə edirlər. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O, bildirib ki, 

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyanın iddiasına görə iki girovumuz Dağlıq Qarabağda adam öldürüblər: "Buna görə də Nikol Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxnanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Nikol Paşinyanın istəyindən asılı olmayaraq Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, ölkələri üçün strateji yolları kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü "bütün əsirləri dəyişək" prinsipinə dəstək verirlər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə,  Nikol Paşinyan hələ ki, müqavimət göstərir: "Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan  bildirir ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Nikol Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq". Politoloq hesab edir ki, Nikol  Paşinyan tam haqlıdır: "Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Nikol  Paşinyana ciddi suallar ünvanlayacaq.  Məhz Nikol Paşinyan da bundan ehtiyat edir. Ancaq Nikol Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir".

Elxan Şahinoölunun sözlərinə görə, biz isə elə etməliyik ki, sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artıraq: "Yeni əsirlər Nikol Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Nikol Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir".

S..İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31