“Türkmənistan səfəri Azərbaycanın çox vektorlu xarici siyasətinin göstəricisidir”
22 Noyabr 2018 14:33 Siyasət"Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri Azərbaycanın çox vektorlu xarici siyasətinin göstəricisidir. Gördüyünüz kimi Belarusdan sonra dərhal Türkmənistana yollandı".
Bu fikri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Prezident İlham Əliyevin Türkmənistana səfəri barədə danışarkən deyib.
O bildirib ki, müəyyən dövrdə Türkmənistan-Azərbaycan münasibətləri o qədər də yaxın olmayıb: "Sadəcə olaraq aramızda qonşuluq münasibətləri olub. Amma son il yarım ərzində münasibətlər yaxınlaşıb. Düşünürəm ki, bu səfərdən sonra münasibətlər daha da yaxın olacaq. Xəzəryanı məsələlərlə bağlı konversiyanın bağlanmasından sonra münasibətlər artıq daha da yaxın olub. Türkmənistan Azərbaycanın irimiqyaslı layihələrindən istifadə etməyə də hazırdır. Bu da enerji sahəsində bizim münasibətlərimizi daha da yaxşı edəcək. Şübhə etmirəm ki, burda regional problemlər məsələsi ön plana keçəcək, çünki beynəlxalq terrorizm və ekstremizmə qarşı məsələlər artıq aktual xarakter daşıyır".
Politoloq qeyd edib ki, dövlət başçımızla birlikdə bir sıra yüksək rütbəli rəsmilər də Türkmənistana gedib: "Səfər çərçivəsində nəqliyyat, rabitə, yüksək texnologiya və iqtisadi ticarət məsələləri ilə bağlı bir sıra sazişlər imzalandı. Bu sazişlər iki tərəfli münasibətlərin daha da yüksək səviyyədə inkişafına böyük təkan verəcək".
Azadinform