Sirr kimi qalan 20 noyabr terroru
21 Noyabr 2018 11:16 SiyasətAzərbaycanın dövlət adamlarının içərisində olduğu helikopterin vurulmasından 27 il ötdü...
1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8 N72" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 27 il keçdi. Bu terror hadisəsi nəticəsində vertolyotda olan 22 nəfərin hamısı - ölkəmizin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan "Mİ-8 N72" helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub.
Hadisə zamanı Azərbaycanın dövlət katibi, akademik Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, Şuşa rayonunun birinci katibi Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, AzTV-nin əməkdaşı Arif Hüseynzadə, videoopeator Fəxrəddin Şahbazov, Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri və ekipaj üzvləri həlak olub (ümumilikdə 22 nəfər).
Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır.
Kimin təşkilatçı və icraçı olmasından asılı olmayaraq, bu terror aktı dövlətimizə qarşı yönəlmişdi.
Bu dəhşətli faciədən illər keçsə də onunla bağlı müəmmalar, iddialar bitib-tükənmir. Azərbaycan üçün böyük zərbə olan bu hadisənin üzərində bir sirr pərdəsinin olduğu daim müzakirə edilir.
Məsələn, faciə ilə bağlı keçən bu illər ərzində ən sensasion iddialar 1991-ci ilin noyabrında DİN-in Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Bayram İsmayılova məxsusdur. Sabiq əməliyyatçı hadisədən dərhal sonra həmin əraziyə yollandıqlarını, ora çatdıqları zaman ilk olaraq rus əsgərlərini gördüklərini bildirərək, meyitlərin bir çoxunun tanınmaz hala düşdüyünü, vertolyotda olan şəxslərin sayından cəsədlərin sayının az olduğunu qeyd edib.
Vertolyot vurulan dövrdə Azərbaycanın prezidenti olan Ayaz Mütəllibov isə dəfələrlə bildirib ki, bu terror onun komandasına və ona qarşı həyata keçirilən qanlı hadisə idi.

1992-1993-cü illərdə daxili işlər naziri işləmiş İsgəndər Həmidov isə bildirib ki, bu hadisə Ayaz Mütəllibov hakimiyyətinə qarşı deyil, Azərbaycanın gələcəkdə müstəqillik proseslərinin ləngidilməsinə, yaxud dayandırılmasına yönəlik bir hadisə idi: "Biz o vaxt Qarakənd faciəsinin istintaqını apardıq. Tapılan sümüklər 10-15 nəfərə məxsus idi. Ona görə də həmin faciə bu gün də Azərbaycanda qaranlıq bir səhifədir. O vaxt nə ermənilərdə, nə də azərbaycanlılarda hava qurğusunu vuran raketlər yox idi. O vaxt dedilər ki, guya avtomat, pulemyotla vertolyot vurulub. Amma vertolyot göydə parçalanmışdı, yerə dəyəndə parça-parça olmamışdı. Tofiq İsmayılov və digərlərinin müqavimət göstərməsinə inanmıram. Çünki hadisə vaxtı uzaqda çoban olub, qoyun otarırmış. O, göydə vertolyotun parçalanıb yerə düşdüyünün şahidi olub. Parçalanan vertolyotda sağ adam qala bilməzdi. Yəqin ki, bu, rusların əməli idi. Onların növbəti siyasəti idi ki, SSRİ-ni saxlasınlar. Bu bir fərziyyədir, yüz faiz demək mümkün deyil. Kifayət qədər iş gördük, istintaq materialları ilə mən də tanışam. Zaman açığı yetişmədi ki, hadisənin üstü tam açılsın. O vaxt şayiələr gəzirdi ki, Əsədov və başqaları sağdır. İsmət Qayıbovun həlak olmasını biz bildik, qol tapılmışdı, İsmətin saatı qolunda idi. O vaxt vertolyot elə günə düşmüşdü ki, kiminsə meyitini ayırd etmək çox çətin idi. Çox adam şahid olduğunu deyə bilər. Hələ də məndə şübhələr qalır. Deyirlər ki, kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. Buna görə də insanı tanımaq çox çətindir. Moskvaya aparılan vertolyotun qara qutusu Azərbaycanın bəzi siyasi xadimlərinin, oyunbazların vicdanlarında qara ləkədir. Qəza baş verən vaxt komandir bir anlıq izahat verir ki, nədən qəzaya gedirlər, bax bunlar həmin qara qutudadır. Qara qutunun Moskvaya aparılması bu cinayətin üstünün açılmasının qarşısını almaq üçün idi".

Qarakənd faciəsinin 27-ci ildönümündə həmin faciədə həlak olanlardan Məhəmməd Əsədovun xanımı Məleykə Əsədova moderator.az-a danışıb. O bildirib ki, Qarakənd faciəsi təkcə orada həyatını itirənlərin ailəsinə, övladlarına, əzizlərinə yox, bütövlükdə Azərbaycan xalqına, Azərbaycan ziyalılarına zərbə vurdu. Məleykə xanım qeyd edib ki, hadisənin üzərindən 27 il keçməsinə baxmayaraq, o, hələ də Məhəmməd Əsədovun yoxluğunu qəbul etməyib: "Mən hələ də Məhəmməd Əsədovun etibarlı ömür-gün yoldaşı, ən yaxın dostu, övladlarının anasıyam. O, daima mənimlədir, bizimlədir, övladlarıyladır, nəvələriylədir, evimizdədir. 27 il yox, bir bu qədər də vaxt keçsə, mən əsla onun yoxluğuna inanmayacağam. Xalqı üçün yaşayanlar heç vaxt ölmürlər. General Məhəmməd Əsədov da belə şəxsiyyətlərdəndir".