Minsklə Bakı arasında yeni əməkdaşlıq perspektivləri
Və ya şəxsi dostluq münasibətlərindən strateji tərəfdaşlığa
20 Noyabr 2018 16:28 SiyasətVə ya şəxsi dostluq münasibətlərindən strateji tərəfdaşlığa
Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu və ayrı-ayrı ölkələrlə qurulan qarşılıqlı faydalı əməkdaşlıq Bakını Cənubi Qafqazda həmin ölkələrin strateji tərəfdaşına çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın əksər ölkələri yerləşdiyimiz coğrafiyada məhz Azərbaycanla münasibətlərə xüsusi önəm verir, bizimlə əməkdaşlıığı daha da inkişaf etdirmək barədə düşünür, bu istiqamətdə real addımlar atır. Regionumuzda Azərbaycanla yaxından əməkdaşlıq edən, ümumiyyətlə əksər məsələlərdə mövqeləri üst-üstə düşən ölkələrdən biri də Belarusdur. Minsklə Bakı arasında münasibətlər hələ sovetlərin zamanından, müttəfiq respublikalar vaxtında mövcud olsa da, bu əlaqələr, qarşılıqlı münasibətlərdə inkişaf tendensiyası müstəqillik illərindən sonra daha da inkişaf etməyə başlayıb. Həm ümummilli lider Heydər Əliyevin zamanında, həm də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hazırkı dövlət başçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Bakı ilə Minsk arasında münasibətlərdə inkişaf dinamikası müşahidə edilməyə başlayıb. Günümüzdə iki ölkə arasındakı münasibətlər elə bir səviyyədədir ki, hər hansı üçüncü bir qüvvənin Belarusla Azərbaycan arasında gərginlik, ziddiyət yarada bilmə ehtimalı sıfıra bərabərdir. Bunu isə şərtləndirən başlıca amillər kifayət qədərdir. Ən başlıcası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında mövcud olan möhkəm dostluq münasibətləridir. Məhz bu əlaqələrdir ki, dövlətlərarası münasibətlər artıq dostluq münasibətlərinə keçib və hər ötən gün də bu münasibətlər uğurla inkişaf edir. Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Belarusa 5, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər etməsi də Minsklə Bakı arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunun göstəricisidir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Belarusa baş tutan rəsmi səfəri çərçivəsində də deyilənlərin əyani şahidinə çevrildik. Səfər zamanı keçirilən səmimi görüşlər, aparılan müzakirələr, eləcə də iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişinin imzalanması fonunda bunu aydın görmək mümkündür. Burada haşiyədən kənara çıxaraq bir məqama diqqət çəkməmək mümkün deyil. Belə ki, bu günlərdə Belarusa baş tutan səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, lakin dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib. Bu da öz-özlüyündə Azərbaycan və Belarus prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz nümunəsidir. Çünki iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
Qeyd etdiyimiz kimi Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Xüsusilə iki ölkə arasında iqtisadi sahədə mövcud olan əlaqələr həm Minsk, həm də Bakı yaxşı perspektivlər vəd edir. Elə Azərbaycan dövlət başçısının Belarusa səfərindən əvvəl keçirilən Azərbaycan-Belarus hökumətlərarası birgə komissiyanın iclası və iclasda iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivlərinin müzakirə olunması bunun sübutudur. Bunun ardınca Azərbaycan dövlət başçısının Minskə səfər etməsi və səfər zamanı iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanması Minsklə Bakı arasında iqtisadi sahədə əlaqələrin inkişaf dinamikasından xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı imzalanan sənədlər sırasında ən diqqət çəkəni isə təbii ki, dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı" oldu. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi əksini tapıb. Bu Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Bəyanatın 6-cı bəndində yer alan məqamlar Minsklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olan Ermənistan üçün arzuedilməz sayıla bilər. Belə ki, sözügedən bənddə qeyd olunur ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini istəyirlər.
S.İsmayılbəyli