“Azərbaycan dövləti Azərbaycan millətinin ən yüksək siyasi birliyidir”
“Ermənistan işğal etdiyi əraziləri öz ərazisi kimi dünya coğrafiyasına, dünya konfedrasiyasına daxil etməyə çalışır. Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızda törətdiyi talançılıq milyard dollarları keçib”
20 Noyabr 2018 14:53 Siyasət"Ermənistan işğal etdiyi əraziləri öz ərazisi kimi dünya coğrafiyasına, dünya konfedrasiyasına daxil etməyə çalışır. Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızda törətdiyi talançılıq milyard dollarları keçib"
"Müstəqilliyinin 20 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçən Azərbaycan Respublikası müasir dövrdə inkişaf etmiş dövlətlər sırasındadır.Azərbaycan öz təbii sərvətləri ilə digər Cənubi Qafqaz ölkələri içərisində liderdir. Bu liderlik ölkənin xarici siyasəti ilə müəyyənləşdirilir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi onun milli gəlirindən, təbii sərvətindən ciddi sürətdə asılıdır. Ona görə də, Azərbaycan sahib olduğu təbii sərvətləri dövlətimizin möhkəmlənməsi üçün istifadə etməyə davam etməlidir. Azərbaycanın təbii sərvəti Azərbaycan dövlətinin daxili və xarici siyasətinin güclənməsini təmin edir. Təbii sərvətlərin xususilə Avropaya nəql edilməsi xarici siyasəti möhkəmləndirdiyi kimi daxili bazarın da güclənməsinə səbəb olur. Həm xarici, həm də daxili siyasətin güclü olması Azərbaycanın simasını lider dövlətlər arasında daha da gücləndirər".
Bu fikirləri Olaylar.az-a Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev deyib.
Bildirib ki, təbii sərvətlərdən düzgün səmərəli istifadə dövlətimizin daxili, xarici siyasətini möhkəmləndirir və iqtisadiyyatımızı gücləndirir:
"Lakin daha bir amil var ki, o da dövlətin inkişaf konsepsiyası olan təhsil sistemidir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsidir. Azərbaycan dövləti təhsil siyasətinə ciddi fikir verməlidir. Təhsil siyasəti Azərbaycanın gələcəyini müəyyənləşdirir. Keyfiyyət meyarlarına köklənən təhsil Azərbaycanın sabahı, elmi gələcəyidir.
Azərbaycan dövləti Azərbaycan millətinin ən yüksək siyasi birliyidir. Millət dövləti qurur və öz iradəsini onda əks etdirir. Azərbaycan düşmənlərlə əhatələnmiş bir vəziyyətdə yaşayır və strateji rəqibləri çoxdur. Çünki Azərbaycan müstəqil türk, müsəlman dövlətidir. Bu gün təbii sərvətlərindən və geostrateji vəziyyətindən ustalıqla istifadə edir. İstər təbii sərvətlər, istərsə də geostrateji baxımdan Cənubi Qafqazda lider dövlətik. Geostrateji məkanda yerləşməyimiz, geniş imkanlar açır. Azərbaycan geostrateji prespektivlər baxımından Avrasiyanın uğurlu ölkəsidir".
N.Ağayev qeyd edib ki, bəzi super dövlətlər var ki, onlar Azərbaycanı özündən asılı etmək istəyir və bu istiqamətdə fəaliyyət göstərir:
"Heç bir katolikə, heç bir provaslava sərf etmir ki, Azərbaycan bir türk cümhuriyyəti və müsəlman dövləti kimi dünyanın enerji resurslarında və geosiyasi məqamlarında təminedici rol oynasın. Nə yaxşı ki, Azərbaycanın strateji dostları var. Yəni türk dövlətləri Azərbaycanın bir nömrəli dostlarıdır. Azərbaycanın türk dövlətləri ilə münasibətləri yüksəkdir. Əgər onlar olmasaydı, Azərbaycanı hər an təcavüz , istila gözləyə bilərdi.
Millətin dözümü də, millətin tutduğu siyası müvazinəti də, millətin iqtisadi qüdrəti də müəyyən həddə qədərdir. Müəyyən həddi keçdikdən sonra millət də, dövlət də zəifləyə bilər. Bunu tarix də sübut edib. Ən möhtəşəm imperiyalar "mənəm-mənəm" deyiblər, sonra isə tarix səhnəsindən siliniblər. Dövləti xarici kapitaldan uzun müddətə asılı etmək olmaz. Ən yaxşı borc millətdən götürdüyün borcdur".
Sədr Azərbaycanın ən böyük dərdi adlandırdığı Dağlıq Qarabağ probleminə toxunub:
"Hayların dövləti Ermənistan öz müttəfiqləri ilə Azərbaycanı həmişə təqib etməkdə davam edirlər. Baxmayaraq ki, bu müttəfiq dövlətlərin əksəriyyətinə Azərbaycanın müəyyən yardımları var. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş və ağlasığmaz qəddarlığı, amansız işgəncələri ilə seçilən Xocalı soyqırımı bəşər tarixində bir vəhşilik aktıdır. Xocalı soyqırımı yalnız ermənilərin əli ilə deyil, başqa dölətlərin əli ilə də icra edildi.
Dağlıq Qarabağ münaqişənin həlli yolunda danışıqlar 25 ildir davam edir. Artıq Qarabağ təkcə Azərbaycanın ərazi bütövlüyü problemi kimi deyil, beynəlxalq dövlətlərin problemi kimi dünya diplomatiyasında, beynəlxalq sistemində tanınmaqdadır. Bu gün Azərbaycan özü Dağlıq Qarabağ prolemini həll etməlidir. Necə ki, Türkiyə öz milli dəyərlərini müdafiə etmək üçün müdafiə qabiliyyətini artırdı, silahlı qüvvələrini istiqamətləndirdi və siyasi islahatlar apardı.
Bu yaxınlarda Ermənistana Müstəqil Dövlətlər Birliyində müəyyən soyuq münasibət göstərildi. Qazaxıstan və müəyyən türk dövlətlərinin şəxsləri Ermənistanın niyyətini dərk etdilər. Çünki Ermənistan dövlət belə deyil, sadəcə məvhumdur.
Ermənistan Azərbaycanın tarixi ərazilərini faktiki olaraq işğal edib və bu faktı beynəlxalq aləm də gizlədir. Ermənistan iddia edir ki, Azərbaycan bu məvhumu blokadaya alıb və onu iqtisadi sıxıntılara məruz qoyur. Lakin Ermənistan özü Azərbaycanın təbii sərvətlərini, işğal olunmuş ərazilərinin yeraltı -yerüstü varidatlarını daşımaqla məşğuldur.
Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızda törətdiyi talançılıq milyard dollarları keçib. İşğalçılıq siyasəti Ermənistanın milli büdcəsinə xidmət edir. Ermənistan işğal etdiyi əraziləri öz ərazisi kimi dünya coğrafiyasına, dünya konfederasiyasına daxil etməyə çalışır. Bunun üçün dəfələrlə cəhd göstərib.
Azərbaycanın müstəqilliyinin məsələsi onun millətə və dövlətə olan inamından çox asılıdır. Dövlətimizin prezidentinin apardığı daxili və xarici siyasəti müdafiə etmək lazımdır. Qarabağ məsələsində bütün millət ayağa qalxmalı və prezidentin təklifini icra etmək üçün lazım gələrsə ayrıca və fasiləsiz mitinqlər keçirməlidir. Dövlətin apardığı siyasətin arxasında dayanmaq lazımdır. Dövlət siyasəti o zaman qalib gəlir ki, o siyasətə xalqı dəstək olur. Xalq dövləti müdafiə etməyi bacarmalıdır. Milli dövlətini yaşatmalıdır. Bu dövlət də millətin gələcəyini müəyyənləşdirir. Milli dövlətimiz millətinin iqtisadiyyatını, təhsilini, səhiyyəsini, təhlükəsizliyini geniş mənada təhlil etməlidir. Ölkəmiz kənd təsərrüfatının bolluğunda, sənaye bolluğunda və heç bir xarici ölkənin görmədiyi divar içində yaşamalıdır. Dövlətin yaşaması üçün, ərazilərinin bütövlüyü üçün, canından keçənlərə dövlətimizin göstərdiyi münasibət təqdirəlayidir".
Nəsir Ağayev deyib ki,
"Mən Azərbaycan dövləti üçün bütün həyatımı, gəncliyimi, ömrümün yarısından çoxunu vermişəm. Sona qədər Azərbaycanın milli dövlətinin yaşaması üçün lazım gələrsə bütün məhrumiyyətlərə dözməyə və dövlətin hər hansı çağırışına hər zaman cavab verməyə hazıram..."
Nəsir Ağayev son olaraq vurğuladı: "Yeri gəlmişkən bir məsələyə toxunmaq istəyirəm. Yaxşı olardı ki, müvafiq qurumlar mənim kimi insanların problemləri, qayğıları ilə daha yaxından maraqlansın".
Nigar Orucova