Öz vətəndaşı ilə yanaşı, əcnəbinin də hüquqlarını qoruyan AZƏRBAYCAN

Ölkənin inkişafını şərtləndirən yalnız onun davamlı inkişaf etməsi deyil. Məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını daha möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olurlar.

Ölkənin inkişafını şərtləndirən yalnız onun davamlı inkişaf etməsi deyil. Məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını daha möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olurlar. 

Dövlətin demokratik dəyərlərə üstünlük verərək öz ərazisində yaşayan insanların hüquqlarını qoruması, vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi  də onun inkişafını şərtləndirən vacib komponentlərdir.

Demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlət olan Azərbaycanda insan haqlarının qorunması onun siyasətinin əsas hədəflərindəndir.

Azərbaycanda insan hüquqları qanunvericilikdə

Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması  ölkənin ana qanunu olan Azərbaycan Respublikasının Konstitutusiyasında təsbit edilir. Bu sənəd hüquqi dövlət quruculuğunun əsasını təşkil etməklə ölkəmizdə insanların hüquq və azadlıqlarına lazımi təminatlar yaradır.

Lakin bu ana qanun yalnız öz vətəndaşlarına deyil, ölkəmizin ərazisində yaşayan bütün insanların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də hüquqlarına hörmətlə yanaşdığını bəyan edir və onların qorunulmasını təmin edir. 

Konstituyamıza görə, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə

məhdudlaşdırmaq qadağandır.

Həmçinin prosessual qanunvericiliyə uyğun olaraq, hər bir vətəndaş öz hüquqlarını beynəlxalq məhkəmələrdə də təsdiq və müdafiə edə bilər.

Azərbaycan təkcə öz vətəndaşının deyil, əcnəbilərin də hüquqlarının bərabərliyinə təminat verir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyev Trend-ə bildirib ki, Konstitusiyanın müvafiq maddəsində işlədilən "hər kəs" ifadəsi nəinki vətəndaşları, eyni zamanda əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri özündə ehtiva edir.

Onun sözlərinə görə, hələ 2002-ci ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər ilə Ulu Öndər Heydər Əliyev tərəfindən insan hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. Belə ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində hər kəsə hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayətlə müraciət etmək imkanı verildi. Bununla da, yalnız vətəndaşların deyil, dövlətimizin ərazisində olan bütün fərdlərin hüquqlarının Konstitusiya Məhkəməsi səviyyəsində təmin edilməsinə şərait yaradıldı: "Hər bir şəxs qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə aktlarından şikayət verə bilər. Lakin bu elə anlaşılmamalıdır ki, şəxs istədiyi məsələyə dair şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Konstitusiya şikayəti yalnız və yalnız həmin aktların şəxsin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarını aşkar pozduğu hallara münasibətdə mümkündür".

R.Quliyev əlavə edib ki, ulu öndərin bilavasitə təşəbbüsü ilə Konstitusiya Məhkəməsinə fərdi şikayətlə müraciət etmək imkanının o zaman Əsas Qanun səviyyəsində təsbit edilməsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilib.

Aparat rəhbəri qeyd edib ki, Konstitusiya Məhkəməsi Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların dövlət səviyyəsində təmin edilməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. 

PA: Azərbaycanda insan hüquqlarının təmin olunmasında böyük uğurlar qazanılıb

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb. Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova da hesab edir ki, Azərbaycan bu gün həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib.

Onun sözlərinə görə, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla ölkə vətəndaşlarının hüquqları kimi qorunur və bu hüquqlar qanunla müəyyən edilir.

Azərbaycanda insan hüquqlarının qorunması məsələsi ilə ayrı-ayrı dövlət qurumları öz səlahiyyətləri çərçivəsində məşğul olsa da, dövlətin bu sahəyə göstərdiyi  diqqətin nəticəsi olaraq, insan hüquqlarının səmərəli təmini məqsədilə  ölkəmizdə sırf insan hüquqlarının müfadiəsi ilə mşğul olan təsisat - insan hüquqları üzrə müvəkkil institutu da yaradılıb.

Hüquqlarının pozulduğunu iddia edən insanlar Ombudsman Aparatına şikayət edə bilərlər. Yalnız  2017-ci ildə müvəkkilə hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı 1 131, əmək hüquqları ilə bağlı  896,  sağlamlığın qorunması hüququ ilə bağlı 536 və s. müraciət daxil olub. Müraciət edənlərin hüquqlarının təmin olunması istiqamətində tədbirlər həyata keçirilib.

Ombudsman Aparatı hesab edir ki, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, o cümlədən əhalinin sosial rifahının qorunmasına xidmət edən sosial proqramların icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində narahatlıq yaradan bir sıra problemlər aradan qaldırılıb. Bununla belə, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlığın təmin edilməsi məqsədilə azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir. Vətəndaşların dövlət orqanlarına etdiyi müraciətlərə diqqətlə yanaşılmalı, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoymasına, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlərin görülməsi üçün səylərin göstərilməsinə, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir. Çünki bəzən məmurlar tərəfindən vəzifələrin icrasına məsuliyyətlə yanaşılmaması, vətəndaşların qəbul olunmaması, müraciətlərə cavab verilməməsi və ya gecikdirilməsi, cavabın formal olması və əsaslandırılmaması, süründürməçiliyə yol verilməsi hüquqların pozulmasına və narazılıqlara səbəb olur.

İlhamə İsabalayeva

Yazı 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar - hamı üçün!" mövzusunda elan edilən müsabiqəyə  təqdim etmək üçün hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31