Belarus ölkəmizin milli maraqlarına hörmətlə yanaşır
Bu ölkənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi önəmlidir Prezident İlham Əliyev daha bir uğurlu və önəmli xarici səfərini gerçəkləşdirdi. Dövlət başçısının Belarusa səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə etdiyi məsələlər deməyə əsas verir ki, dost və belə demək mümkünsə, strateji müttəfiq ölkəyə işgüzar səfər iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, əməkdaşılığı, tərəfdaşlığı daha da gücləndirəcək və sürətləndirəcək.
20 Noyabr 2018 12:51 SiyasətBu ölkənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi önəmlidir
Prezident İlham Əliyev daha bir uğurlu və önəmli xarici səfərini gerçəkləşdirdi. Dövlət başçısının Belarusa səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə etdiyi məsələlər deməyə əsas verir ki, dost və belə demək mümkünsə, strateji müttəfiq ölkəyə işgüzar səfər iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcək, əməkdaşılığı, tərəfdaşlığı daha da gücləndirəcək və sürətləndirəcək. Təsadüfi deyil ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib ki, Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar: "Bizim ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq". Millət vəkili, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Eldəniz Vəliyev qeyd edib ki, prezident İlham Əliyevin Belarusa işgüzar səfərindən qazanan, uduş əldə edən xalqlarımız və dövlətlərimiz olacaq: "Uzun illərdir Azərbaycanla Belarus Respublikası arasındakı işgüzar və dostluq münasibətləri qarşılıqlı olaraq investorların cəlb olunmasına gətirib çıxardı. Hazırda da bütün sahələr üzrə qarşılıqlı iqtisadi münasibət davam etdirilir. Artıq Gəncə şəhərində Belarus Traktor Zavodu ilə birgə traktor istehsalına başlanılıb. Konkret olaraq, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox "Belarus" traktoru və onların bazasında xüsusi texnika yığılıb. Müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Bu faktın özü, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da inkişaf edəcəyini göstərir. Bu məqamı prezidentlərin mətbuata bəyanatında Belarus prezidenti Aleksandr Lukaşenko da xüsusilə vurğuladı və "məmnuniyyətlə öyrəndim ki, sizin aldığınız Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk "Qomselmaş"ı da gəlib"-deyə, bildirdi. O, həmçinin sözlərinə davam edərək bildirdi ki, bu, qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsidir. "Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır"- deyən, cənab Lukaşenko onu da da qeyd etdi ki, buna görə Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. "Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan Prezidentinin mövqeyi sayəsində mümkün olub"-deyərək, o, daha sonra bəyan etdi. Bu məqamın, faktın özü iki ölkə arasındakı münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir".
Onun sözlərinə görə, səfər zamanı Azərbaycanın ağrılı problemi olan Qarabağ problemi ilə də bağlı müzakirələrin aparıldığını, Belarusun daim Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyən millət vəkili bildirib ki, Azərbaycan prezidenti mətbuata bəyanatında bir daha bu məsələnin üzərinə qayıdıb: "Cənab prezident bəyanatında "Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim"-deyərək, bildirdi və əlavə etdi ki, Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Azərbaycan lideri "Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq"-deyərək, fikirlərini tamamladı. Hesab edirəm ki, həqiqətən də, Belarus kimi bir ölkənin Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi çox mühüm hadisədir və diplomatiyamızın uğurdur. Qarabağ məsələsi ilə bağlı belə ədalətli və açıq mövqenin ortaya qoyulması çox vacibdir və münaqişənin obyektiv həlli baxımından çox önəmlidir. Yəni, Qarabağ məsələsində nə qədər çox dəstək qazansaq, bir o qədər münaqişənin həllinə yaxınlaşmış olarıq.Çünki artıq xalqımızın səbri qalmayıb. Bütövlükdə Azərbaycan cəmiyyəti münaqişənin ədalətli həll olunacağı günü gözləyir.Azərbaycan dövləti, ölkə başçısı da var gücü ilə bu istiqamətdə çalışır və inanıram, qəti əminəm ki, bunlar da öz bəhrəsini, nəticəsini verəcək, işğal altındakı torpaqlarımız azad olunacaq, Azərbaycan dövlətinin suverenliyi onun bütün ərazilərində bərqərar ediləcək".
Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, Azərbaycan və Belarus arasındakı münasibətlər bu gün yaxın dostluq və mehriban qonşuluq münasibətidir. Hər iki ölkə bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq əsas götürülmək, beynəlxalq birlikdə stabillik və əməkdaşlıq uğrunda birgə mübarizə aparmaq prinsiplərini əsas götürürlər. Deputatın sözlərinə görə, bu siyasət hər iki ölkənin maraqlarına cavab verir və hər iki ölkə arasındakı əməkdaşlığı yüksək səviyyəyə qaldırıb: "Bütün sahələr üzrə siyasi, iqtisadi, hərbi-texniki əməkdaşlıq, beynəlxalq aləmdə məsələlər üzrə ölkələrin əməkdaşlığı mövcuddur. Azərbaycanın Ermənistandan başqa bütün dövlətlərlə dostluq siyasəti yeritməsi bütün ölkələrdə olduğu kimi Belarus ilə də münasibətlərdə özünün müsbət nəticələrini verir. İlk növbədə ölkələr bir-birinin daxili və xarici siyasətinə hörmətlə yanaşdıqlarını bildirirlər. İkincisi, ölkələr stabillik, insan hüquqlarının qorunması, beynəlxalq aləmdə hərbi münaqişənin aradan qaldırılması kimi prinsiplərə riayət edirlər. İqtisadi əməkdaşlıq ildən-ilə genişlənir. Bu gün demək olar ki, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, bu istiqamətdə iki ölkənin əməkdaşlığı mümkün olmasın. Artıq iki ölkənin iqtisadi əməkdaşlığı, birgə fəaliyyət üçüncü ölkələrə də çıxmağa imkan verir. Bu isə əlbəttə ki, yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar ən əsası isə ölkələrin bir-birinə inamının artırılmasına səbəb olur. Belarus Azərbaycanın ərazi bütövlüyünü tanıyır, eləcə də ölkəmizin milli maraqlarına hörmətlə yanaşır. Cənab Prezidentimizin Belarusa səfəri iki dost ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq".
Nurlan