Milli Məclisə ayrılan vəsaitin həcmi artırılır

Deputatlar ezamiyə xərclərinin də artırılmasını istəyiblər

Noyabrın 15-də Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib. İlkin olaraq 2019-cu il üçün Milli Məclisin smeta xərcləri müzkitəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən  Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev bildirib ki, 2019-cu ilin dövlət büdcəsindən Milli Məclisin və onun aparatının saxlanması üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. Xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb. O, bildirib ki, xərclər smetasının 68.5 faizini əmək haqqı fondu və əmək haqqı ilə bağlı xərclər təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan parlamenti xarici ölkədən gələn qonaqların, eləcə də deputatların həm xarici, həm də daxili ezamiyyətlərinin sayı xeyli artıb". Onun sözlərinə görə, normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu layihəsinə III oxunuşdan baxılması nəzərdə tutulub. Parlament iclaslarının sayının çoxalması ilə əlaqədar dəftərxana, mətbəə avadanlıqlarının alınması xərclərinin artırılmasına, Milli Məclisin inzibati binasında 1994-cü ildən xidməti istifadə üçün quraşdırılan operativ rabitə ATS-nin yenidən qurulmasına, Milli Məclisin inzibati binalarının isidilməsi və soyudulmasını həyata keçirmək üçün 2006-cı ildə quraşdırılan kinderlərin sıradan çıxmış bəzilərinin yenidən əvəz edilməsi, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binasında 2 ədəd məlumat bazası, servis otağının yenidən qurulmasına vəsait tələb olunur: "Hörmətli Samir (Samir Şərifov) müəllim! 2019-cu ilin xərclər smetasında bəzi maddələrdə vəsait çatışmalıqlarını nəzərə alaraq dəftərxana və təsərrüfat xərcləri paraqrafına 50 min, mətbəə xərclərinə 50, ezamiyyəyə 200 min manat, avadanlıqların alınması maddəsinə 150 min manat, digər alış və xidmətlər maddəsinə 200 min, icarə və muzdlu xidmətlər paraqrafına 200 min, digər maşın və avadanlıqlara 250 min manat, eləcə də Milli Məclisin avtoparkında maddi texnikanın bazasının yaxşılaşdırılması məqsədilə nəqliyyat vasitələri maddəsinə 200 min manat vəsaitin ayrılmasına köməklik göstərməyini xahiş edirik".

Qanun layihəsinin müzakirəzi zamanı millət vəkili Naqif Həmzəyevparlamentin elektron sistemini sürətləndirməsini təklif edib: "Bildiyiniz kimi, bu il milli parlamentimizin 100 illiyi qeyd olunur. Mən fürsətdən istifadə edib cənab Perzidentə təşəkkür edirəm ki, şəxsən cənab spikerin, ümumilikdə, parlamentin fəaliyyətinə yüksək qiymət verdi. Əminəm ki, biz bu kimi yüksək fəaliyyəti bundan sonra da davam etdirəcəyik. Yeri gəlmişkən mənim bununla bağlı təklifim var. Milli Məclisə bu ilin dövlət büdcəsindən ayrılan vəsaitlər çox düzgün xərcləndi və parlamentdə avadanlığın demək olar, hamısı yenilənib. Bu, çox yaxşı haldır. Mən bir təklifin reallaşmasını xahiş edərdim. Bilirsiniz ki, ölkədə elektron dövlət sistemi çox uğurla gerçəkləşdirilir. Parlament də bu prosesin tərkibində öz üzərinə düşəni uğurla həyata keçirir. Parlamentin aparatının işi də çox ağırdır. MM Aparatının elektron sistemini sürətləndirmək üçün təklif edirəm ki, əgər hökumət tərəfindən bununla bağlı parlamentin büdcəsinə əlavələr olsun. Bu elektronlaşdırma işini xeyli sürətləndirərdi. Deputatların ofisinin də bu sistemə inteqrasiya olması çox faydalı olardı. İnanıram ki, biz deputatlar də bu məsələdə çiynimizə düşən işin məsuliyyətini daim unutmayacağıq".

Deputat Siyavuş Novruzov qeyd edib ki, büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır. O, bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki, Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər". Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S. Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini bildirib: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir". Deputat həmçinin Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin artırılmasını da təklif edib: "Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqqları artırılmalıdır. Çünki onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər" .

Deputat Tahir Kərimli deputat himnlə bağlı çıxışından sonra təhdid edilməsini vurğulayıb:

"Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var. Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki..." "Olaylar"ın məlumatlara görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. T.Kərimli qeyd edib ki, çıxışından sonra saytlarda tənqid və təhdid olunub: "Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın üzünə necə baxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular... Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz".

Deputat spikerdən xahiş etdi: "Nazirə deyin, bu adamları qəbul etsin"

Millət vəkili Vahid Əhmədov isə şəhid ailələrinə verilən müavinətlə bağlı yaranan anlaşılmazlığa toxunub: "Milli Məclisin qarşısına şəhid ailələri toplaşıb. Onlar bu məsələyə aydınlıq gətirilməsini istəyirlər. Deputat Milli Məclisin sədri Oqtay Əsədovdan belə bir xahiş edib: "Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Və birdəfəlik başa salsın ki, bu adamlara "qanpulu" düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq".Vahid Əhmədov qeyd edib ki, nazir o adamlarla görüşə bilmirsə, vaxtı yoxdursa, bu başqa məsələ: "Bu, birbaşa olaraq, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə aid olan məsələdir. Məsələni də axıra çatdırmaq lazımdır. Oqtay müəllim xahiş edirəm bu məsələ ilə bağlı tapşırıq verin".

Ardınca "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi aparılıb. Qanun layihəsi barədə məlumat verən  parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeniliyə əsasən MM-in İntizam komissiyasının tərkibi artırlır: "Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 9-dan 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün üçün 7 nəfərin iştirakı məqbul hesab edilib. O, millət vəkillərinin iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub: "Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb". Bununla da Milli Məclisdə büdcə müzakirələri sona çatıb. Spiker Oqtay Əsədov noyabrın 23-dək hökumətə vaxt verib: "Noyabrın 23-dək büdcə sənədi ilə bağlı hökumətə vaxt veririk. Büdcə ilə bağlı növbəti iclasımız noyabrın 23-də, daha sonra isə noyabrın 30-da keçiriləcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31