Ermənistanın KTMT-dən uzaqlaşdırılmasında Azərbaycan amili

Bütün istiqamətlərdə uğursuzluqlarla üz-üzə qalan Ermənistan artıq öz ənənəvi müttəfiqləri, eyni təşkilatda təmsil olunan dövlətlər tərəfindən təcrid olunur, arzuedilməz bir ölkəyə çevrilir. Bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən toplantısında bunun bir daha əyani şahidinə çevrildik. Belə ki, təşkilatın Astana toplantısında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı baş katibliyinə xitam verildi. Baxmayaraq ki, İrəvanın 2020-ci ilə qədər bu təşkilata baş katiblik etmək səlahiyyəti vardı, lakin ümumi qərar işğalçı ölkənin bu hüququnun ondan alınması ilə nəticələndi. Səbəb kimi isə İrəvanı bu təşkilatda baş katib kimi təmsil edən Yuri Xaçaturova qarşı Ermənistanda cinayət işinin açılması oldu. Bu hadisəni haqlı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının imicinə zərbə kimi xarakterizə edən təşkilatın salahiyyətli orqanı Ermənistana belə demək mümkünsə tərs sillə vurmuş oldu. 

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı baş katibliyinə xitam verilməsi hər nə qədər İrəvanın, daha dəqiq desək aprel inqilabından sonra formalaşmış Paşinyan hökumətinin yarıtmaz daxili və xarici siyasəti ilə bağlıdırsa, bir o qədər də Azərbaycan amili ilə əlaqədardır. Belə ki, Ermənistan xaric olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan bütün dövlətlər Azərbaycanla yüksək səviyyədə münasibətlərə malikdir. Həm Moskva, həm Minsk, həm də Astana Bakı ilə mövcud olan əlaqələri ildən-ilə genişləndirir, inkişaf etdirir. Digər tərəfdən Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi üzv kimi cəlb etmək niyyəti də var ki, bu da məhz təşkilatdan Ermənistanın təcrid edilməsi siyasətinə  xidmət edir. Elə əksər ekspertlər də bu fikrə diqqət çəkirlər. Eyni zamanda bir fikir də xüsusi vurğulanır ki, indiki halda Azərbaycan onun torpaqlarını işğala məruz qalmış bir ölkə ilə eyni təşkilatda təmsil oluna bilməz. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik Təşkilatının sədri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Azərbaycanı öz orbitinə çəkmək siyasətini davam etdirir. Onun sözlərinə görə, həmin təşkilatın nizamnəməsində dəyişilik edərək buraya müşahidəçi dövlət status bəndini daxil etməsi, əsasən Azərbaycanın bu təşkilata üzvülük məsələsinə hesablanıb: "Qeyd edim ki,təşkilatda Ermənistanın veto siyasətini neytrallaşdırmaq üçün bu ölkənin baş katiblikdən dolayı yolla uzaqlaşdırılması, məhz Azərbaycan amili ilə bağlıdır. Son Astana konfransında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müşahidəçi dövlət kimi dost və tərəfdaş ölkələrin təşkilatda yer almasını qeyd etməsi Azərbaycana mesaj idi. Qeyd edim ki, Moskva Qazaxıstan prezidenti vasitəsi ilə Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa təhrik edir. Kremldə yaxşı bilirlər ki, Nazarabayev Azərbaycanı daima dəstəkləyibvə Azərbaycanın bu ölkəyə münasibəti müsbətdir. Göründüyü kimi Moskva hər vəchlə çalışır ki, Azərbaycanı təşkilata üzv etsin, bununla Cənubi Qafqaz siyasətində mövqeyini gücləndirsin".

Politoloq onu da deyib ki, birmənalı şəkildə Azərbaycanın KTMT üzvü olan Ermənistanla bir hərbi blokda olması yolverilməzdi və bu Azərbaycanın suverenliyinə hörmətsizlikdi: "Rəsmi Moskva ilk növbədə Qarabağ münaqişəsinin həllində real dəyişikliklərə gətirə biləcək siyasətə qol qoymalıdır. Əgər, Moskva bunu üzvlükdən sonra vəd edirsə. buna getmək olmaz. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusu Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin ( QRU) təlimatı ilə hərəkət edir. Burada QRU-nun zabitlərinin olması (102-ci) bazanın xətti ilə istisna deyil. Cəbhə xəttində erməni snayperlərinin və kəşfiyyatçılarının hazırlığı ilə məhz 102-ci hərbi bazasının xətti ilə QRU təlimatçıları məşğul olur. Ona görə də Rusiya ilk növbədə bu kimi proseslərə son qoymalı və işğal olunmuş ərazilərin boşaldılması üçün Ermənistana təzyiqlər etməlidir. Qarabağdakı separatçılar birbaşa Rusiyanın əlaltılarıdır və buradan Rusiya Paşinyana qarşı müəyyən planlar həyat keçirə bilər. Bir məsələni qeyd edim ki, buna görə də Paşinyanın tez-tez Xankəndinə səfəri burada Rusiya amilini neytrallaşdırmaqdı. Yoxsa, Azərbaycan ilk əvvəldən KTMT müşahidəçiliyi üçün heç nə əldə etmirsə, burada təmsilçilik yolverilmızdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31