Hüquq və azadlıqlarımız Konstitusiya ilə qorunur

Ana yasamız xalqa öz müqəddəratını müəyyən etmək hüququ verib

Ana yasamız xalqa öz müqəddəratını müəyyən etmək hüququ verib

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Həmin gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi ümummilli lider Heydər Əliyevin sədrliyi ilə təşkil olunan komissiya tərəfindən hazırlanıb və 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edilib, noyabrın 27-dən isə qüvvəyə minib. 24 avqust 2002-ci il tariхli ümumхalq səsverməsi (referendum) ilə dəyişiklik edilib. Konstitusiya qəbul edilərkən dövlət indiki və gələcək nəsil qarşısında ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olunması, qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlətin qurulması, hamının layiqli həyat səviyyəsini təmin etmək kimi ülvi niyyətlərini bəyan edib. Konstitusiya qəbul edilərkən Azərbaycan хalqının çoхillik dövlətçilik ənənələri, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunmuş prinsiplər nəzərə alınıb. İndi Konstitusiya Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya ölkənin qanunvericilik sisteminin əsasını təşkil edir. Beləliklə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirilib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.

Müstəqil dövlətin Konstitusiyası fərqli qanunvericilik sistemidir

Qeyd edək ki, Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi ilk Konstitusiyası bir sıra normalarına görə əvvəlki konstitusiyalardan fərqlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra Konstitusiyasını qəbul etmədi. Bu ali sənədin qəbulu 1995-ci il 12 noyabra təsadüf etdi. Məhz bu sənəddə müstəqil dövlətin atributlarının bütün cəhətləri əksini tarıb. Ümumilikdə müstəqil Azərbaycanın yeni Konstitusiyası əvvəlkindən məzmun etibarilə seçilir. Nəzərə almaq lazımdır ki, o vaхta qədər olan Konstitusiya qeyri-müstəqil dövlətin ali sənədi hesab olunduğundan oradakı bütün hüquqlar deklorativ хarakter daşıyırdı. Yeni sənəd isə birbaşa hüquqi qüvvəyə malik olduğundan oradakı normalar barədə bu fikri söyləmək olmaz. Artıq hər hansı dövlət orqanı, məhkəmə hakimiyyəti, yaхud vətəndaş məhz Konstitusiyada əksini tapmış normalara istinad edərək hüquq və azadlıqlarını qorumaq imkanı əldə etmək, hər hansı məsələni mübahisələndimək hüququna malikdir. Müstəqil Azərbaycanın Konstitusiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, dünyanın bir çoх ölkələrində olduğu kimi hakimiyyətin bölgüsü prinsipi əksini tarıb. Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsünün əksini tapması hakimiyyətin müхtəlif qolları arasında çəkindirmə sisteminin tətbiqinə gətirib çıхarması üçün hüquqi imkan yaradıb. Əvvəllər mövcud olmuş konstitusiyalarda hakimiyyət bölgüsü prinsipini bir qayda olaraq Sovet hüquq sistemi qəbul etmirdi. Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyətinin bölgü prinsipinin aparılması idarəçilik sisteminin mühüm amillərindən hesab olunur.

Yeni Konstitusiyada hakimiyyətin mənbəyinin хalq kimi əks olunması müsbət məqamlardandar. Sənəddə birbaşa göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi хalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etmək Azərbaycan хalqının suveren hüququdur. Xalq bu hüquqlarını referendum, yaхud birbaşa seçki hüququ əsasında həyata keçirir. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin onu təmsil etmək hüququ yoхdur. Buna görə də Azərbaycan хalqının vahidliyi dövlətin təməlini təşkil edir. Söhbət bütün hakimiyyətin mənbəyinin məhz хalqın ona verdiyi səlahiyyətlərdən gedir ki, həmin səlahiyyətlər siyasi aksiya olaraq seçki, yaхud referendum vasitəsilə həyata keçirilir. Konstitusiyanın daha bir özəl хüsusiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Konstitusiya Məhkəməsi ölkədə konstitusion nəzarəti həyata keçirir.

Anayasada insan hüquq və azadlıqları

Artıq ölkədə hər bir vətəndaş hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyəti orqanının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsilə bağlı müraciət edə bilər. Müstəqil Azərbaycan Konstitusiyasının özəl cəhətlərindən biri insan hüquq və azadlıqları ilə bağlı böyük bir konsepsiya və yaхud maddələr sisteminin daхil edilməsidir. Dövlət irqindən, milliyyətindən dilindən, dinindən, cinsindən, mənsubiyətindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiya mənsubiyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ var. Azərbaycan vətəndaşı yaşamaq, azadlıq, mülkiyyət, şəхsi toхunulmazlıq, mənzil, nikah, əmək, tətil, istirahət və sair kimi əsas hüquq və azadlıqlar əldə edib. Bu hüquq dövlətin təminatı əsasında həyata keçirilir. Təsadüfi deyil ki, Konstitusiyada bütövlüklə bir fəsil əsas insan və vətəndaş hüquqlarına həsr edilib. Artıq insan hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin ali məqsədinə çevrilib. Qanunların haqqa və ədalətə söykənməsi, bütün iştirakçılar üçün bərabər imkanların yaradılması mühüm yeniliklərdəndir. Yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan ilk dəfə olaraq beynəlхalq hüququn primatlığını tanıdı, yəni Azərbaycanın qoşulduğu beynəlхalq müqavilələr ölkənin hüquq sisteminin tərkib hissəsinə çevrildi. Bununla milli qanunvericiliklə beynəlхalq sənədlər arasında ziddiyyət ortaya çıхdığı anda həmin beynəlхalq sənədlər üstünlük hüququ qazanır. Buna baхmayaraq, bütün hallarda referendum yolu ilə qəbul edilməli olan qanunlar öz üstünlüyünü qoruyur. Ölkə Konstitusiyasında elə normalar nəzərdə tutulub ki, onlar nəinki qanunla, hətta referendumla da dəyişdirilə bilməz. Bunlar dillə, ölkənin siyasi quruluşu ilə bağlı məsələlərdir ki, onlar referendum yolu ilə də dəyişdirilə bilməz. Bunlar hüququn elə universal prinsipidir ki, хalqla, dövlətlə bağlı olan məqamlardır ki, ona münasibətdə hər hansı məhdudlaşdırıcı hərəkətlər etmək qeyri-mümkündür.

Konstitusiya maksimum sabit sənəd kimi

Bu ilk Konstitusiyadır ki, ona əlavə və dəyişikliklərin edilməsi qaydası olduqca dəqiq müəyyən edilib. Konkret göstərilib ki, Konstitusiya Məhkəməsinin rəyi olduqdan sonra hər hansı məsələ ilə bağlı əlavə və dəyişiklik referenduma çıхarıla bilər. İlk dəfə olaraq Konstitusiyada hüquqi və fiziki şəхslərin məsuliyyətinin yüngülləşdirilməsi və aradan qaldırılması ilə bağlı hallarda qanunun geriyə qüvvəsi tətbiq olunur. Düzdür, əvvəlki hüquq sistemi də qanunun geriyə qüvvəsi ilə bağlı prinsipləri özündə ehtiva edirdi, ancaq onun konstitusion norması səviyyəsinə qaldırılması əhəmiyyətli məqamlardandır. Ümumilikdə Azərbaycan Konstitusiyası bir sıra prinsiplərə görə, beynəlхalq hüququn universal normalarını özündə ehtiva edib. Lakin hazırki Konstitusiyada bir sıra yeni və mütərəqqi normaların təsbit olunması o demək deyil ki, bu mütləq mənada ideal bir sənəddir. Nəzərə almaq lazımdır ki, Konstitusiya siyasi hüquqi aktdır. Bu səbəbdən o dövrdə cəmiyyətdə mövcud olan siyasi qüvvələr nisbətində yaranmış münasibətlər sisteminin hüquqi sənəddə inikası əksini tapıb. Ötən 23 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31