Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa QOLODETSin VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı
25 Oktyabr 2018 23:25 SiyasətMən Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə deyil ki, iştirak edirəm və bu gün Humanitar Forumun necə sürətlə inkişaf etməsi məni heyrətləndirir. Bir neçə il bundan əvvəl bu Forumun belə sanballı olacağını güman etmək olmazdı. Bu gün Forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə, ölkə rəhbərliyinin xidmətidir. Forumu dəstəkləmək, onu bu səviyyədə inkişaf etdirmək üçün gündəlik iş aparmaq və cənab Prezidentin indicə dediyi dəyərlərə sadiq olmaq lazımdır.
Biz Azərbaycanla sıx əməkdaşlıq edirik və prezidentlərimiz humanitar inkişaf məqsədlərinə ürəkdən sadiqdirlər. Bu, çox böyük zəhmət deməkdir. Bir sadə misal çəkim. Keçən dəfə buraya gələndə mən adi bir ümumtəhsil məktəbində oldum. Sizə deməliyəm ki, uşaqlara üç dildə dərs keçilən məktəblər dünyada azdır. Uşaqlar və onun valideynləri təhsil dilini seçmək üçün tam imkana malikdirlər və bu halda uşaqlar başqa mədəniyyətlərlə, başqa dillərlə tanış olur, onların bu və ya digər milliyyətə bağlılığı çox güclü inkişaf amilinə çevrilir. Müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin qonşu olmasını güclü quruculuq prosesinə çevirmək çox böyük səy tələb edən ciddi prosesdir. Bu, dünya birliyinin bütün mütərəqqi qüvvələrinin birləşməsini tələb edir. Biz ümid edirik ki, məhz bu Forum humanitar əməkdaşlığımızı irəli aparacaq.
Rusiyada müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı fəaliyyəti məsələsi bir nömrəli mövzudur. Bizdə də uşaqlar məktəbə gedəndə Rusiyada yaşayan xalqların 119 dilində dərsliklər yaradılır. Xalqların qarşılıqlı fəaliyyətini quruculuğa çevirmək də çox böyük səy və çox böyük zəhmət tələb edir. Yəqin ki, Bakının faktiki olaraq dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi təsadüfi deyil. Biz bu şəhərin hər bir cizgisində ənənələrə böyük hörmət nişanələri görürük. Biz burada muzeylər, tarixi mərkəz və eyni zamanda, bütün yeniliklərə və kreativliklərə açıqlıq görürük. Bu gün bu qədər çoxsaylı müasir memarlıq şedevrləri olan yerlər azdır. Bu, ölkə rəhbərliyinin böyük xidmətidir və eyni zamanda, burada yaşayan və hər gün humanitar inkişaf istiqamətində irəliləyən bütün xalqın xidmətidir.
Humanitar Forumun təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu Forumun bütün iştirakçılarına uğurlar diləmək və həqiqətən dünya səviyyəli bu əlamətdar hadisə münasibətilə cənab Prezidenti və Mehriban xanımı şəxsən təbrik etmək istəyirəm.
Sağ olun.