Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubu
25 Oktyabr 2018 23:21 Siyasət-Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.
İcazə verin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Foruma təbrik məktubunu oxuyum.
"VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına
Hörmətli xanımlar və cənablar.
Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi səmimi qəlbdən salamlayıram. Artıq altıncı dəfədir ki, Azərbaycan paytaxtı onlarla ölkədən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, parlamentarilərin və alimlərin, mədəniyyət xadimlərinin, jurnalistlərin və publisistlərin iştirak etdiyi bu nüfuzlu Forumu qəbul edir.
Bu il sizin görüşünüz müasir cəmiyyət üçün çox əhəmiyyətli olan "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusuna həsr edilib. Mövcud təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar nəzərdə tutulub. Əminəm ki, siz qiymətli peşəkar təcrübənizi və mütərəqqi praktiki yeniliklərinizi mübadilə edəcək, həmçinin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirə biləcəksiniz. Forumun iştirakçılarına səmimi qəlbdən uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin".