“Fransa tərəfinin qanunsuz səfəri Ermənistanın təcavüzkar siyasətinin dəstəklənməsinə xidmət edir” – Şərh

Politoloq: “Fransa hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli fəaliyyətlərə qarşı sərt mövqe nümayiş etdirməlidir”.

Politoloq: "Fransa hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli fəaliyyətlərə qarşı sərt mövqe nümayiş etdirməlidir".

"Fransadan olan bir neçə bələdiyyə başçılarının, bəzi şəhər merlərinin, deputatlarının və başqa dövlət adamlarının mütəmadi olaraq Dağlıq Qarabağa qanunsuz səfərləri  Azərbaycan Fransa münasibətlərini korlamaq gücündə olan addımlardır. Bu cür fəaliyyətlər Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd xarakterlidir və belə fəaliyyətlərin davam etdirilməsi Fransanın MİNSK qrupunun həmsədri olaraq tərəfsiz vasitəçi statusuna xəlil gətirərək onu nüfuzdan salır. Bundan əlavə Fransanın Azərbaycan dövləti və Azərbaycan ictimaiyyəti yanındakı nüfuzuna da zərbə yetirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.

O bildirib ki, Fransa tərəfinin təhlükəli addımları Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prosesinə böyük zərbədir:

"Bu addımlar Dağlıq Qarabağa yönəlik Ermənistanın təcavüzkar siyasətinin dəstəklənməsinə xidmət edərək, qondarma "Dağlıq Qarabağ Respublikası"nda işğal əsasında yaradılmış qanunsuz rejimin tanıdılması cəhdlərinə dəstək verir. Dağlıq Qarabağa qanunsuz səfərlər həm Azərbaycanın qanunvericiliyi baxımından, həm də beynəlxalq hüquq prinsipləri nöqteyi nəzərindən yolverilməz və cinayət tərkiblidir. Fransanın müəyyən dövlət adamlarının mütəmadi olaraq atdıqları bu addımların erməni lobbisinin maraqları və təsiri altında olduğu heç bir şüphə doğurmur. Şüphəsiz ki, bu cür fəaliyyətlərin arxasında dayananlar, onu icra edənlər, erməni lobbisinin mailiyyəsi əsasında fəaliyyət göstərən məsuliyyətsiz dairələrdir. Bu cür qüvvələr Azərbaycan və Fransa arasında münasibətlərin korlana biləcəyinin fərqinə varmırlar. Qanunsuz səfərlər edən özbaşına dairələr həm Fransanın beynəlxaq nüfuzuna, həm də Fransa və Azərbaycan əlaqələrinə zərbə vururlar. Bütün mənfi situasiyaları nəzərə almalı olan Fransa dövləti bu cür cəhdlərə qarşı prinsipial və yetərli qədər sərt mövqe göstərməlidir".

A.Quliyev qeyd edib ki, bu vaxt ərzində Fransa hakimiyyətindən Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli addımlara qarşı sərt mövqe nümayişi görməmişik:

"Azərbaycanda Fransa ilə bağlı proseslərə və münasibətlərə həm dövlət səviyyəsində, həm də ictimaiyyət səviyyəsində çox həssas münasibətlər var. Bu gün ölkəmizdə fransız dilli məktəblər açılır, Azərbaycanın iqtisadiyyatında Fransız şirkətlərinin fəaliyyəti üçün çox geniş şərait yaradılır, həmçinin Fransanın adına hörmət və ehtiram yaradan müxtəlif addımlar atılır. Bütün bu addımlar ictimaiyyətimizin gözü önündə gedən proseslərdir. Bütün bunlara rəğmən Fransa höküməti erməni təcavüzünü dəstəkləyən fransız vətəndaşlarının qanunsuz hərəkətlərinə qarşı sərt və prinsipial mövqe göstərmədiyi halda Azərbaycan ölkədə mövcud olan fransız şirkətlərinin fəaliyyətinə yenidən baxılması ilə bağlı müəyyən addımlar ata bilər".

Politoloq vurğulayıb ki, Fransa höküməti erməni təcavüzünün birbaşa yaxud dolayı yolla dəstəklənməsinə xidmət edən hər hansı bir addımın, iki ölkənin münasibətlərinin korlanmasına olduqca mənfi təsir göstərəcəyini nəzərə almalıdır:

"Azərbaycan mediasi, ictimaiyyəti olaraq Fransa hökümətindən daha sərt addımlar gözləyir və eyni zamanda Azərbaycan hakimiyyətinin Fransaya bu günlərdə səsləndirdiyi analoji notanı tamamilə dəstəkləyirik".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31