Erməni təbliğat maşını fiaskoda
Dağlıq Qarabağla bağlı yalanlar artıq puç olmağa başlayıb
25 Oktyabr 2018 12:29 SiyasətDağlıq Qarabağla bağlı yalanlar artıq puç olmağa başlayıb
Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub və bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların "dənizdən-dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Çox təəssüf ki, beynəlxalq aləm əsrin faciəsi olan Xocalı qətliamını soyqırımı kimi tanımaqda tərəddüd edirlər. Lakin ölkədə həyata keçirilən düşünümüş xarici siyasət nəticəsində Azərbaycan həqiqətləri beynəlxalq aləmə çatdırılmaqdadır. Bu günlərdə Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədildiyini, dinc sakinlərə hücum edildiyini etiraf edib. Milli Məclisin deputatı Flora Qasımova deyib ki, Rusiya cəmiyyətində Azərbaycan həqiqətlərini səsləndirən ziyalıların sayı artır. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevlə yanaşı, xeyli sayda ziyalılar var ki, onlar həqiqəti bilir, Ermənistanın işğalçılıq siyasətindən məlumatlı olmaqla yanaşı, bu siyasəti pisləməkdən çəkinmirlər: "Bu fakt ilk növbədə Azərbaycanın haqlı mövqeyinin dəstəkləndiyini göstərir. Rusiya ictimaiyyətində Azərbaycan, konkret olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı obyektiv informasiyanın artması ölkəmizin uğurlu siyasətinin nəticəsidir. Rusiyalı deputatın Azərbaycan həqiqətləri ilə bağlı səsləndirdiyi fikirlər isə həm də cəsarətli mövqedir. Bu, eyni zamanda qonşu dövlətin ictimaiyyətində Azərbaycanın haqq işini müdafiə edən böyük bir ziyalı ordusunun yetişməsindən xəbər verir. Ermənistanın rəsmi təbliğat maşınının Xocalı faciəsi, Dağlıq Qarabağla bağlı yalanları artıq puç olmağa başlayıb. Artıq ermənilərin özləri yalanlara inanmırlar. Bu baxımdan, belə faktlar bir daha göstərir ki, ölkəmizin həqiqətlərinin bütün dünya tərəfindən tanınması prosesi çox sürətlə gedir. Yəqin ki, belə bəyanatları biz tez-tez eşidəcəyik". Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, Xocalı soyqırımı sənədli-sübutlu, şahidləri yaşayan, ağrı-acıları sağalmayan bir insanlıq faciəsidir. E.Məmmədov bildirib ki, 26 il bundan öncə baş vermiş Xocalı soyqırımını dünyanın bir neçə ölkəsi rəsmən tanıyıb. Çox təəsüflər ki, ATƏT-in Misk qrupunun üç həmsədrindən heç biri hələ tanımayıb: "Ona görə də, rusiyalı deputatın haqqı müdafiə etməsi, Azərbaycan xalqının məruz qaldığı soyqırımın dünyada tanınmasına çağırış etməsi önəmli hadisədir. Ümumiyyətlə Azərbaycanın reallıqları ilə bağlı fikir söyləyənlər içərisində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tək deyil. Əgər Dmitri Savelyev "26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib" fikirlərini səsləndiribsə artıq bu etirafdır. Müsbət haldır ki, rusiyalı deputat bunu etiraf edir. Bu fikirlər bizim haqq işimizin müdafiəsinə də köməklik göstərə bilər". E.Məmmədov qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının dünyada böyük əks-səda doğurub: "Bu kampaniya ciddi nəticələr verib. Hesab edirəm ki, hər bir azərbaycanlı bu prosesə öz töhfəsini verməlidir".
Zəka