Fransa Ermənistanın işğalçılıq siyasətinə dəstək verir
25 Oktyabr 2018 12:25 SiyasətRəsmi Paris beynəlxalq hüquq normalarına qarşı çıxır
Fransanın Seynt-Etiyen şəhərinin meri Qael Perdriaunun qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ölkə ictimaiyyətinin narazılığı ilə müşayət olunub. Nəzərə almaq lazımdır ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədridir. Təbii ki, vasitəçilik missiyasını öz üzərinə götürən ölkənin rəsmi nümayəndəsinin işğal olunmuş əraziyə səfəri beynəlxalq hüquq normalarına ziddir.Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etiyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanması barədə məlumatların Ermənistan kütləvi informasiya vasitələrində yayımlanması erməni təşviqatına nə qədər xidmət edirsə, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın nüfuzuna bir o qədər də xələl gətirir. Qərəzli, anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşbulanın müşayiəti ilə Fransanın Seynt-Etiyen şəhərinin meri Qael Perdriaunun qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ümumiyyətlə, Avropanın bütün dünyaya nümayiş etdirmək istədiyi dəyərlərə ziddir. Seynt-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, daha doğrusu, Azərbaycana məxsus ərazilərə qanunsuz şəkildə girməsi nə beynəlxalq hüququn, nə də Azərbaycan Konstitusuyasının normalarına uyğun deyil. Daha doğrusu, qanunsuz olan bu tip səfərlər hüquq normalarına, qanunun aliliyinə hörmətsizlik və onların kobud şəkildə pozulması deməkdir. Minsk Qrupunun Fransa kimi həmsədr ölkəsinin şəhər merinin belə bir qeyri-qanuni, qeyri-etik davranışlarının fonunda sözsüz ki, ondan mənəvi-əxlaqı dəyərlərə hörmət gözləmək mənasızdır. Buna baxmayaraq kimliyindən asılı olmayaraq istənilən ölkədən müstəqi Azərbaycanın qanunvericiliyinə, eləcə də beynəlxalq hüququn normalarına riayət etməsi tələb olunmalıdır. Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Fransa nümayəndələrinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfər etməsi və orada "bəyannamə" imzalaması bu ölkənin orta şəhərlərinin birinin mövqeyidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sorğusuna əsasən, bu ölkənin rəsmi mövqeyində separatçı rejimi tanımadıqları və orada imzalana "sənəd"in heç bir hüquqi statusa malik olmadığı açıqlanır. Deputat bildirib ki, Fransa tərəfinin rəsmi açıqlaması ermənilərin vaxtaşırı həyata keçirdiyi hiylələrə baxmayaraq, rəsmi hakimiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha göstərmiş oldu: "Rəsmi mövqeyə əsaslanaraq deyə bilərik ki, Fransa təxribatlara görə, öz vətəndaşlarının hərəkətlərinə cavabdehlik daşımır". Fransada on minlərlə şəhərlərin olduğunu deyən A. Mirzəzadə qeyd edib ki, qanunsuz səfərə gələn şəxslər rəsmi məsuliyyətə malik deyillər: "Onlar yalnız yerli məsələlərin həlli ilə məşğuldurlar. Təbii ki, Fransa nümayəndələrinin Şuşaya səfəri təxribatdır. Lakin bununla yanaşı onu Fransa parlamentinin keçmiş deputatı, ermənipərəst Fransua Roşblanın müşahidə etməsi göstərir ki, ermənipərəst dairələr vaxtaşırı təxribat törətmək üçün belə insanları axtarıb tapırlar". "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq Fransanın mərkəzi hökuməti qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti göstərir. E.Əhmədov qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanıb. Bu məqsədlə Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdriau qərəzli və anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşebluanın müşayiəti ilə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik. Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mərkəzi qaydada imzalanmış təmimi təlimata baxmayaraq, Fransanın bəzi şəhərlərinin rəhbərləri Fransadakı erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir və hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalayırlar. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır". O əlavə edib ki, bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən Sent-Etyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır. Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova qeyd edib ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə xələl yetirir: "Çünki işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun və Ermənistanın danışıqlardan yayınmaq üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə xidmət edən və təxribat xarakteri daşıyan bu səfər, həmçinin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırki terrorçu qondarma "yerli hakimiyyətləri" ilə "bəyannamə" imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq, Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə dəstək vermək anlamına gəlir. Şübhəsiz, bu ilk növbədə ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu, Fransanın vasitəçi kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə olan etimadı sarsıdır".
Nurlan