Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyaya nümunədir
25 Oktyabr 2018 12:21 SiyasətHər iki dövlət regionun inkişafına böyük töhfələr verir
Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq inkişaf etməkdədir. Məhz bu əməkdaşlığın nəticəsidir ki, qardaş ölkələrin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə irimiqyaslı regional və beynəlxalq layihələr həyata keçirilir. Lakin ekspertlərin qənaətinə görə, iki ölkə arasındakı əməkdaşlığın səviyyəsi mövcud potensialla tərs mütənasiblik təşkil edir. Məlumat üçün qeyd edək ki, təkcə bu il Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsində 22 faiz artım olub. Azərbaycandan Türkiyəyə ixrac 18 faiz, qardaş ölkədən Azərbaycana idxal isə 25 faiz artıb. Azərbaycanda fəaliyyət göstərən Türkiyə sərmayəli şirkətlərin sayı 3400-ə çatıb. Türkiyədə isə 2400 Azərbaycan şirkəti fəaliyyət göstərir. Hər iki ölkə iqtisadi sərmayələrin qoyulması istiqamətində davamlı olaraq çalışır. Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri təkcə ölkələrimiz üçün deyil, bütövlükdə dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki münasibətlərimiz dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələrin həyata keçirilməsini də özündə ehtiva edir. Onun sözlərinə görə, Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılması Azərbaycan-Türkiyə dostluğunun daha bir parlaq nümunələrindən biridir. Həmçinin hər iki ölkə bir sıra nəhəng layihələr realaşdırmaqla regionun inkişafına böyük töhfələr verirlər: "Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Əlbəttə ki, bu layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması səbəbilə gerçəkləşib. Bu cür nəhəng layihənin reallaşması, şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub. Yeni neft emalı zavodunun işə salınması, eyni zamanda, hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir. Bu layihə hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, davamlı iqtisadi gəlirlər gətirəcək. Yəni "Star" ölkələrimizin iqtisadiyyatına xidmət edəcək böyük bir layihədir. Zavodun açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək bu hadisəni yüksək dəyərləndiriblər. Dövlət başçıları müəssisənin iqtisadi üstünlüklərini qeyd etməklə yanaşı onun Azərbayca və Türkiyənin qardaşlığının nəticəsi olaraq ərsəyə gəldiyini vurğulayıblar. Bütün bunlar bir daha təsdiqləyir ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Münasibətlərimiz Ulu öndər Heydər Əliyevin söylədiyi "Bir millət-iki dövlət" fəlsəfəsinə əsaslanır. Şübhəsiz ki, Azərbaycanla Türkiyə birlikdə gələcəkdə də böyük uğurlara imza atacaq". Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, Azərbaycan Türkiyə ilə elə layihələr həyata keçirir ki, həmin layihələr dünyanın enerji xəritəsini dəyişir: "Əgər sən müstəqil siyasət aparırsansa, deməli, güclüsən. İqtisadi cəhətdən güclüsənsə, deməli, siyasi, hərbi cəhətdən də güclüsən. Bu gün Azərbaycanın da, Türkiyənin də gücü ondan ibarətdir ki, hər iki dövlət məhz müstəqil siyasət aparır, hər iki dövlət məhz iqtisadi cəhətdən böyük inkişaf mərhələsi yaşayır". Komitə sədri əlavə edib ki, Azərbaycanda sahibkarlıq inkişaf edir, bu yöndə qanunlar, normativ aktlar qəbul edilir: "Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Eyni zamanda, bilirik ki, bəzən bu prosesdə problemlər meydana çıxır, bürokratik əngəllər olur. Amma bu kimi tədbirlərin keçirilməsi, iş adamlarının birgə müzakirələri, görüşləri imkan verəcək ki, iqtisadiyyatlarımız daha da yaxşı inkişf etsin, daha da güclənsin". Z. Səmədzadə hesab edir ki, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür: "İki ölkə arasında ticarət əməkdaşlığı ilə bağlı səslənən rəqəmlər çox azdır. Bizim böyük imkanlarımız fonunda bu rəqəmlər azlıq təşkil edır. Biz idxalımızın strukturunu dəyişməliyik. Eyni zamanda, ixracımızın strukturunu dəyişməliyik". Z.Səmədzadə onu da xatırladıb ki, 2000-ci ildə apardığı araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-ində payı 1 faizdən az, yoxsulluq göstəriciləri isə yüksək olub: "Ancaq ötən illər ərzində bu rəqəmlərdə, göstəricilərdə müsbətə doğru böyük dəyişikliklər baş verib, yoxsulluğun səviyyəsi dəfələrlə aşağı düşüb, iqtisadi inkişafda artım yaşanıb. Çox sevinirəm ki, bu gün bizim nə qədər birgə, müştərək şirkətlərimiz var. Bunlar çox önəmli məsələlərdir. Bu gün hər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır". Millət vəkili Cavid Osmanov deyib ki, İzmirdə "Star" neft emalı zavodunun açılışı, həmçinin digər birgə layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının nə qədər möhkəm olduğunu göstərir. C.Osmanov bildirib ki, bu cür nəhəng layihələr yalnız dövlətlər arasında münasibətlər ən yüksək səviyyədə olduğu, həmin dövlətlərin liderləri güclü siyasi iradə nümayiş etdirdiyi halda reallaşa bilir: "Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir, hər iki ölkənin liderləri birgə nəhəng layihələrin həyata keçirilməsi üçün böyük siyasi iradə nümayiş etdirirlər. Bunun nəticəsi kimi, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır, hər iki ölkənin dünyada nüfuzunu daha da artırır. Bu cür layihələr siyasi dividendlərlə yanaşı, hər iki ölkənin iqtisadiyyatının daha da güclənməsinə, vətəndaşlarının rifahının daha da yaxşılaşmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. Bu gün ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir. Bununla yanaşı, Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, bu gün iki ölkə birlikdə böyük işlər həyata keçirir".
Alim