“Robot "Sofiya"nın ölkəmizə gəlişi sıradan bir iş deyil" - RƏY
24 Oktyabr 2018 15:22 Siyasət"Süni intellekt fenomeni olan, dünyanın nüfuzlu şəxsləri ilə görüşmüş Sofiyanın respublikamıza gəlişi, əlbəttə, sıradan bir iş deyil. Üstəlik, onun özünün dediyi kimi, "Asan-Viza" alaraq, sərhəd xidmətindən keçməsi və Bakıdan xeyli uzaqdakı "ASAN Xidmət" Mərkəzinin açılışında iştirakı, Sofiyanın azarkeşlərini, ümumən innovasiyalar, süni intellekt, yeni texnologiyalarla maraqlanan insanların diqqət mərkəzində olmaya bilməz". Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, belə hadisələr, respublikamız haqqında, özəliklə, texnoloji yeniliklər, bu yeniliklərin dövlət-vətəndaş münasibətlərinə tətbiqi, Azərbaycan brendləri, turizm imkanlarımız, inkişafın yalnız paytaxtı, böyük şəhərləri əhatə etməməsi və s. barədə təsəvvürlər yaradır yaxud belə təsəvvürləri möhkəmlədir: "Respublikamızın ümumi inkişafı vətəndaşlarımızın bu inkişafdan faydalanması ilə yanaşı, öz töhfələri ilə çıxış etməsi, o cümlədən bu inkişaf haqqında, ümumən Azərbaycan həqiqətləri haqqında xarici vətəndaşların bilgiləndirilməsi kimi bir mənəvi öhdəlik də yaradır, deyə düşünürəm.
Bu anlamda, Sofiyanın səfərinin təşkili, heç şübhəsiz təqdirəlayiq hal olub, Azərbaycanın dünyada gedən proseslərə, özəlliklə, texnoloji, elmi proseslərə biganə qalmadığını bir daha sübut edir. Bu yaxınlarda növbəti peyki ilə əlavə texnoloji, kosmik xidmət üstünlükləri qazanmış dövlətimizin, qarşıda daha böyük yeniliklərlə xalqımızı sevindirəcəyinə, inşallah uzaq olmayan bir gündə işğaldan azad edəcəyimiz şəhər və rayonlarımızda yeni texnologiyaların tətbiqi ilə normal həyatı bərpa edəcəyinə inanırıq".
SİA