"Con Bolton Trampa məlumat vermək üçün unikal imkanlara malikdir" - ŞƏRH
24 Oktyabr 2018 15:19 Siyasət"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiyaya səfəri olmuşdu. Bunun ardınca isə onun Cənubi Qafqaz regionuna səfəri başlayıb. Bu gün isə o Azərbaycanda səfərdədir və yüksək səviyyəli görüşlər keçiriləcək".
Bunu millət vəkili Elman Nəsirov deyib.
Millət vəkilinin sözlərinə görə, Con Boltonun səfəri Tramp Administrasiyasının bu regiona diqqətinin artmasının ifadəsidir: "Xüsusi diqqəti cəlb edən məsələ odur ki, Con Boltonun vəzifəsi milli təhlükəsizlik məsələləri üzrə müşavirlik vəzifəsidir. İlk növbədə Con Boltonun Azərbaycana səfəri çərçivəsində də ən çox maraqlandıran məsələ məhz təhlükəsizlik məsələləri olacaq. Nəzərə alsaq ki, bu sahədə Azərbaycan və ABŞ arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük töhfələr verən dövlətdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik edib və iki il müddətində qeyri-daimi üzv olmuş dövlətdir.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə göndərdiyi məktublarda da bu məqam xüsusi əksini tapıb. Azərbaycan xüsusilə də Əfqanıstanda sülhün, beynəlxalq təhlükəsizliyin təminatı məsələlərinə Birləşmiş Krallıqla birlikdə çox böyük töhfələr verir. Bu nöqteyi-nəzərdən Con Boltonun Azərbaycana səfərinin çox böyük siyasi, geostrateji əhəmiyyəti var. Eyni zamanda hesab edirəm ki, müzakirə olunan məsələlər sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi xüsusi diqqət mərkəzində saxlanılacaq. Çünki Con Bolton da bunu yaxşı bilir ki, regionun təhlükəsizliyi kimi ən ciddi təhdid mənbəyi, regionda sabitliyin pozulması məhz Ermənistanın təcavüzü ilə bağlıdır. Ona görə də onun vəzifəsinin tələblərindən irəli gələrək bu məsələlər ətrafında ciddi müzakirələr aparacağı istisna təşkil etmir.
Con Bolton həm də sadəcə ABŞ-ın yüksək rütbəli məmuru deyil, eyni zamanda o münaqişəni tənzimləmək funksiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biridir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Con Bolton regionda təhlükəsizlik üçün ən ciddi təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real həqiqətləri yerindəcə öyrənmək, informasiya toplamaq, təhlil etmək və geri qayıtdıqdan sonra Prezident Trampa məlumat vermək üçün unikal imkanlara malikdir. Bu həm də ABŞ-ın region siyasəti və region maraqları kontekstində də böyük əhəmiyyət kəsb edir. Ona görə də hesab edirəm ki, çox məhsuldar və əhəmiyyətli danışıqlar aparılacaq".
sia