"Paşinyanın hakimiyyətə gəlməsi heç nəyi dəyişmədi" - MÖVQE

"Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini keçirmək niyyəti bu ölkədə siyasi vəziyyəti yenidən gərginləşdirib".

Bunu  politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, keçmiş prezident Serj Sərkisyanın tərəfdarlarının çoxluq təşkil etdiyi hazırkı parlamentdə Ermənistanın baş naziri Paşinyanı qəbul etməyənlər 80 faizə çatırdı: "Bunula belə, parlamentin Paşinyanın istəklərinə uyğun qərarlar qəbul etməsi isə onun küçə mitinqləri vasitəsi ilə etdiyi siyasi və fiziki təzyiqlərlə reallaşırdı. Ona görə də fikrimcə, bu gün Ermənistanda faktiki olaraq konstitusiya çevrilişi baş verir.

Küçə eyforiyası və Ermənistandakı sosial-iqtisadi iflas Paşinyanı hakimiyyətə gətirən ilk səbəbdir. Lakin onun baş nazir seçilməsindən ötən bir neçə ayda Ermənistanda ciddi iqtisadi və sosial irəliləyiş nəzərə çarpmayıb. Ona görə ki, Paşinyanın nə idarəetmədə təcrübəsi, nə də problemi həll etmək üçün hansısa planı var. Reallıq isə belədir ki, onun hakimiyyətə gəlməsi heç nəyi dəyişmədi. Ən başlıcası yeni baş nazir ortaya ciddi inkişaf proqramı qoya bilmədi.

Düzdür, hələ ki, xalq onu müdafiə edir. Lakin bu da müəyyən bir vaxta qədər davam edə bilər. Məhz yaxın gələcəkdə ölkəsindəki sosial məsələləri həll edə bilməsə onun hazırkı reytinqinin sürətlə aşağı düşməsi qaçılmaz olacaq.

Parlament seçkiləri qabağı və sonrası isə Ermənistanda siyasi vəziyyətin daha da pisləşməsi ehtimal oluna bilər. Çünki "qaralar" yəni köhnələr getmək istəmirlər. Onlar talan etdikləri on milyonlarla vəsaitdən seçkiləri saxtalaşdırmağa və parlamentdə çoxluğu əldə etməyə çalışacaqlar. Sərkisyan, Robert Köçəryan kimi talançılar və qatillər yaxşı başa düşürlər ki, Paşinyanın parlamenti tam olaraq ələ keçirməsi onların nəinki özlərinin, hətta ətraflarının fiziki və siyasi məhvini sürətləndirəcək. Paşinyan parlamenti ələ keçirsə, Sarkisyanla Koçaryanın və daha yüzlərlə talançı məmurların həbsi qaçılmaz olacaq.

Məhz ötən həftə sabiq prezident Robert Koçaryan yenidən siyasətə qayıtdığını bəyan etdi və özünə yeni partiya yaratmağa başladığını bildirdi. O, özünün xələfi Serj Sarkisyanı və onun hakimiyyətini Paşinyanın qarşısından qorxub qaçmaqda günahkar hesab elədi və hazırda Ermənistandakı siyasi müxalifət yerinin boş olduğunu bildirdi. Köçəryan Paşinyana qarşı güclü müxalifət olacağını bildirməklə onu siyasi səhnədən siləcəyinə işarə edib.

Bu arada Paşinyanın parlament seçkilərində qələbə çalmasına dair proqnozlarda da əks rəylər mövcuddur. Belə ki, xarici siyasətdə qarmaqarışıq fikirləri və davaranışları onun siyasətdəki yarımçıqlığını dünyaya göstərir. O, daha çox antirusiya davranışları ilə yadda qalsa da Qərb ilə də ciddi əlaqələr qura bilmir. Halbuki, Qərb onun timsalında Ermənistanı Rusiyanın qucağından qoparmaq istəsə də Paşinyanın Rusiyadan açıq şəkildə qorxduğu görünür. Bu isə parlament seçkiləri öncəsi Qərbi ona maliyyə dəstəyi verməkdən çəkindirir".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31