Azərbaycanın yürütdüyü xarici siyasətin bəhrəsi

Xocalı qətliamının soyqırımı olması etiraf edilir

Xocalı qətliamının soyqırımı olması etiraf edilir

Müasir dünyanın əsas problemlərindən biri ədalətsizliyin mövcud olmasıdır ki, bununla da əsassız münaqişələr yaradılır. Nəticədə hər gün minlərlə insane zorakılıqla üzləşir,  həlak olur. Təbii ki, bunlar airı-ayrı ölkələrdə insan hüquqlarının qorunması, demokratik prinsiplərin həyata keçirilməsinə də ciddi maneələr yaradır. Çox təəssüf ki, dünyanın əsas problemlərindən hesab edilən məsələ bəzi dövlətlər tərəfindən məqsədyönlü şəkildə ört-basdır edilir. Qətiyyətlə demək olar ki, Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasət bu ideologiyanı darmadağın etməkdədir. Xatırladaq ki, Cənubi Qafqaz regionunda liderliyini təmin edən Azərbaycan son illər təkcə sosial-iqtisadi sahədə deyil, xarici siyasət sferasında da mühüm uğurlara imza atıb. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən respublikamız bu gün tamamilə fərqli statusda çıxış edir. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən daxili və xarici siyasət yeridən, milli maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycan diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Hazırda Azərbaycanın haqq işinin dünyaya çatdırılması, həmçinin, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğal və soyqırımları barədə xarici ölkələrin ictimaiyyətinə ətraflı məlumatların verilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyəti, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmə olduğu kimi çatdırlır.

Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması bir sıra naliyyətlərin əldə olunması ilə nəticələnib. Belə ki, ictimai statusda fəaliyyət göstərməsinə baxmayaraq, milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin ciddi rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun  milli həqiqətlərin, ilk növbədə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər. Fond Dağlıq Qarabağ münaqişəsində xalqın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və bütün dünyada yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, müxtəlif xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur. Məlumat üçün qeyd edək ki,  Fond Xocalı soyqırımının 15-ci ildönümü ilə 2007-ci il fevralın 19-dan 26-dək Türkiyənin İstanbul şəhərində və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmişdir. Tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunub.

Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət!" veb-saytının təqdimetmə mərasimləri keçirilib. Nəticədə İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününun "Humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü" kimi qeyd olunması barədə qərar qəbul etmişlər. 2009-cu ildən 26 fevral tarixi islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi geniş miqyasda qeyd olunur. Məhz bu kimi təbliğat tədbirlərinin nəticəsidir ki, artıq Azərbaycan həqiqətləri, xüsusən Xocalı soyqırımı dünyanın müxtəlif ölkələrinin ictimai-siyasi xadimləri tərəfindən etiraf edilir. Məlumat üçün qeyd edək ki, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deyib ki, Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir: "Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə dəhşətli faciənin günahkarları hələ də yaşayır və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik". Dövlət Dumasının deputatı Kayseridə təhsil alan və abidənin açılışında iştirak edən xarici tələbələrə müraciət edib: "Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın. Bu cür faciələr təkrarlanmalıdır". Bu isə o deməkdir ki, Azərbaycanın yürütdüyü xarici siyasət öz bəhrəsini verməkdədir. Xüsusən, Xocalı qətliamı ermənilər tətəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi qiymətləndirilir. Etiraf edək ki, bu gün beynəlxalq birlik respublikamızı regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət kimi tanıyır. Azərbaycan yürütdüyü uğurlu diplomatiya sayəsində bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın edir. Ölkə rəhbərliyinin "hücum diplomatiyası" sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri də puça çıxır. Ermənistan bu gün dünyada işğalçılıq siyasəti yürüdərək özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən dövlət kimi tanınır. Təcavüzkar dövlət regionda başqa dövlətin "for-postu" kimi çıxış edir və sülh danışıqlarını süni şəkildə uzatmaqla vaxt udmağa çalışır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31