Amerikanın Cənubi Qafqazla bağlı yeni strategiyası

Bu strategiya Azərbaycan üçün nə vəd edir?

Bu günlər Birləşmiş Ştatların yerləşdiyimiz coğrafiya ilə bağlı nəzərdə tutduğu planlar Cənubi Qafqazın hər bir ölkəsi kimi Azərbaycanı da ciddi şəkildə ingiləndirir, maraqlandırır. Vaşinqtonun bu məqsədlə son bir neçə ay ərzində regiona göndərdiyi yüksək səviyyəli nümayəndə heyətlərinin bölgədə keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu məhz Birləşmiş Ştatların Cənubi Qafqazda maraqlarının ən üst səviyyədə təmin olunması ilə bağlıdır. Bəs görəsən Birləşmiş Ştatların Cənubi Qafqaz regionu ilə bağlı planları nədən ibarətdir? Xüsusilə, okeanın o tayında Azərbaycanla bağlı fikirlər nədən ibarətdir və Ağ Evin regionla bağlı planları Azərbaycana nə vəd edir?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp 1987-ci ildə keçmiş SSRİ ilə imzalanmış "Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması"ndan da imtina edəcəyi barədə açıqlaması yeni beynəlxalq gərginliyə səbəb olacaq: " Təbii ki, prezident Trampın bu açıqlaması, Rusiya ilə konfontrasiyanı dərinləşdirəcək və iki ölkənin beynəlxalq təhlükəsizlik sistemində roluna kölgə salacaq. Bu da planetin ayrı-ayrı regionlarında yeni münaqişə ocaqlarının yaranmasına, Vaşinqton -Moskva arasında silahlanma yarışına gətirəcək. Bu silahlanma yarışı nəticədə Rusiyanın iqtisadi inkişafının qarşısını alacaq, federasiyada etnik və milli zəmində problemlərə yol açacaq".

Politoloq deyib ki, Birləşmiş Ştatların əsas strategiyası yeni dünya nizamı qurmaq və burada Vaşinqtonun jandarmı rolunu inkişaf etdirməkdi: "Həmçinin Rusiyanın və Çinin artan hərbi inkişafını cilovlamaq və iki ölkənin Amerikaya qarşı demarşlarını minimuma endirməkdir. Düşünürəm ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın sələflərindən fərqli olaraq ölkəsinin ikitərəfli, qarşlıqlı etimada əsaslanan müqavilələrdən təktərəfli çıxmaqda əsas məqsədi Rusiya və Çinin son illərdə artan hərbi-siyasi və iqtisadi hərəkətliliyi ilə əlaqədardır. Həqiqətən Çin öz hərbi-iqtisadi imkanlarını genişləndirib, xaricdə yeni bazalar yaradır, Vaşinqtonla Sarı dənizdə və Sakit okenda qarşı-qarşıya gəlir. Rusiyaya gəldikdə isə, Moskva Şərqi Avropada işğalçı siyasətə yol verib, Avropanın təhlükəsizlik çəmbərini yarıb, Yaxın Şərqdə Vaşinqtonla hərbi-siyasi toqquşmalara gedib.

Göründüyü kimi Donald Trampın Çinə və Rusiyaya sanksiyalar tətbiq etməsi, ikitərəfli beynəlxalq əhəmiyyətli müqavilələrdən çıxması, Birləşmiş Ştatların yeni dünya nizaml mərhələsində şərtlərini diktə edəcək gücə gətirməkdir".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya ilə bağlanmış müqavilədən çıxmaqla, yeni nüvə başlıqlı raketlərin istehsalına başlayacaq. Onun sözlərinə görə. bu raketləri Birləşmiş Ştatlar ərazisində deyil, Şərqi Avropada, Türkiyə ərazisində və Gürcüstanda yerləşdirəcək: "Bu da Rusiyanın Qərbə və Cənubi Qafqaz aqressiyasını artırmaqla, yeni qarşıdurmaya yol aça bilər. Hətta Birləşmiş Ştatlar adminstrasiyası belə bir raketlərin Azərbaycanda yerləşdirilməsini rəsmi Bakıdan gələcək perspektivdə istəyə bilər. Çünki, Cənubi Qafqaz Rusiya və İran arasında yerləşir, bu regionun təhlükəsizliyi üçün buna gedə bilər. Həmçinin buradan Mərkəzi Asiya dövlətlərinə çıxış əldə etməklə, Xəzər regionuna nəzarəti ələ almaqdır. Məhz Con Boltonun regiona səfəri Rusiya ilə yaşanan böhran fonunda reallaşır, Cənubi Qafqaz regionu Birləşmiş Ştatlar üçün Rusiya və İrana qarşı yeni cəbhə halına gəlir. Bir məsələni qeyd edim ki, Donald Trampın bir neçə dəfə Azərbaycan və Ermənistan rəhbərliyinə Qarabağ münaqişəsinin yaxın aylarda həllində irəlləyiş olacaq kimi qeydləri, məhz Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni strategiyasından xəbər verir. Bu strategiya, yuxarıda qeyd edildiyi kimi, əsasən regionda Rusiya və İrana qarşı cəbhə formalaşdırmaq və rsgionda Rusiyanın yaratdığı süni münaqişələrə, işğala son verməkdir". Politoloq deyib ki, bütün halda Birləşmiş Ştatların regionla bağlı siyasətinə Con Boltonun Cənubi Qafqaza səfərindən sonra tam aydınlıq gələcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31