Azərbaycanın uğurlu informasiya mübarizəsi erməniləri faş edir - ŞƏRH
Ermənilərin Xocalıda soyqırım həyata keçirdiyi artıq dünya tərəfindən etiraf edilir
23 Oktyabr 2018 15:34 SiyasətErmənilərin Xocalıda soyqırım həyata keçirdiyi artıq dünya tərəfindən etiraf edilir
Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi xarici siyasət sahəsində əsas prioritetlərdən biri də xalqımızın başına gətirilən müsibətlərin, ən əsası da Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasıdır. Ötən illərdə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihə və tədbirlər qismən öz bəhrəsini verib desək yanılmarıq. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlamış olduğu "Xocalıya Ədalət" kampaniyası çərçivəsində ötən illər ərzində bu soyqırımın dünyaya çatdırılması istiqamətində ciddi nailiyyətlər əldə edilib. Məhz bu kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində dünyanın müxtəlif ölkələrində ermənilərin Xocalıda dinc sakinlərə qarşı soyqırım həyata keçirdikləri dəqiq və müfəssəl şəkildə çatdırılıb, bu hadisə barədə xarici ölkələrin cəmiyyətində məlumat formalaşdırılıb. Elə bütün bunların nəticəsidir ki, bir çox ölkələrdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirdikləri öz təsdiqini tapıb. Məsələn, "Xocalıya Ədalət" kampnaiyasının uğurla həyata keçirilməsi nəticəsində Meksika Senatı Xocalı faciəsini soyqırım adlandırıb, Pakistan - Soyqırımı pisləyən qətnamə qəbul edib. Kolumbiya Parlamenti Xocalını soyqırım kimi tanıyıb, Çexiya Parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Eləcə də Bosniya və Herseqovina - parlamenti, Peru, Honduras, Birləşmiş Ştatların bir çox ştatları Xocalıda həyata keçirilən qətliamı soyqırım kimi qiymətləndirib.
Sevindirici haldır ki, ermənilərin Xocalıda həyata keçirdikləri qətliamı soyqırım kimi tanıyan ölkə və ölkələrin sayı getdikcə artır. Bu da yuxarıda qeyd etdiyimiz kimi məhz xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə dəqiq və operativ şəkildə çatdırılması, eləcə də informasiya mübarizəsində uğurlu strategiya həyata keçirməyimizdən irəli gəlir. Elə bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Dmitri Savelyevin Xocalı soyqırımı barədə dedikləri də bunun bariz nümunəsidir. Belə ki, Dmitri Savelyev bildirib ki, Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir.
Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar.
"Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar",-deyə rusiyalı deputat əlavə edib.
Rusiya Dövlət Dumasının deputatının Xocalı soyqırımı barədə dedikləri öz-özlüyündə bir neçə məqamı üzə çıxarır.
Birincisi, Azərbaycan dövlətinin bu soyqırımın dünyada tanıdılması istiqamətində səmərəli fəaliyyətini. Bu arada onu da xüsusi qeyd etmək lazımdır ki, təkcə dövlət deyil, eləcə də qeyri-dövlət təşkilatları da Azərbaycan həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində xüsusi fəallıq nümayiş etdirirlər və fəaliyyətlərinin əsas ana xəttini məhz bu amil təşkil edir.
İkincisi, artıq dünya da bəşəri, insanlıq əleyhinə cinayətləri qəbul etmir. Ona yol verənlərin cəzalandırılmasını istəyir. Çünki bu gün dünyada insan hüquq və azadlıqlarından danışıldığı halda, yaxın tariximizdə ermənilər tərəfindən soydaşlarımızın hüquq və azadlıqlarının kobud şəkildə pozulması heç bir sivil dünyaya uyğun deyil. Ona görə də Xocalıda törədilən cinayət haqlı olaraq soyqırım kimi xarakterizə edilir.
Nəhayət, üçüncüsü, bu faktın rusiyalı parlamentari tərəfindən səsləndirilməsi onu deməyə əsas verir ki, artıq şimal qonşumuzda da ermənilərin necə qəddar, qaniiçən biri olduğunu anlayır və təsdiq edirlər.
Məhəmməd