“Zaman xeyrimizə işləyir" - ŞƏRH
23 Oktyabr 2018 13:56 Siyasət"Ölkəmizdə çox şaxəli xarici siyasət həyata keçirilir. Azərbaycan bu siyasət nəticəsində həm Avropa, həm Asiya, həm də digər ölkələrlə münasibətləri inkişaf etdirir. Azərbaycan üçün qonşu, eləcə də nəhəng dövlət olan Rusiya ilə strateji əməkdaşlıq vacib olduğundan, rusiyalı deputat Dmitri Savelyevin ölkəmizin həqiqətləri haqqında söylədikləri fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Rusiyada Dağlıq Qarabağ həqiqətləri haqqında məlumatlı olan ziyalıların sayının artdığını deyən deputat söyləyib ki, qonşu ölkədə erməni lobbisinin güclü olmasına baxmayaraq, burada deputatların, tanınan şəxsiyyətlərin, siyasi xadimlərin dilindən həqiqətlərin söyləməsi, ölkəmizin uğurlu xarici siyasətindən xəbər verir: "Erməni lobbisinin güclü olduğu bir neçə ölkə var ki, onlardan bəlkə də ilki Rusiyadır. Amma buna baxmayaraq, Rusiya siyasət adamlarının Azərbaycan həqiqətlərinin dərindən araşdırıb, öyrənərək düzgün nəticəyə çıxması, ölkəmiz üçün müsbətdir".
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan addımlarda zamanın ölkəmizin xeyrinə çalışdığını dilə gətirən R. Quliyev söyləyib ki, Savelyevin fikirləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük rol oynadı: "Qarabağın işğaldan azad olunması bəyanatları tək Rusiya səviyyəsində dilə gətirilmir. Artıq son bir ildə Dağlıq Qarabağ problemi ilə məşğul olan bütün qurumlar problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bildirirlər ".
Ermənistan iqtisadi vəziyyətinin getdikcə ağırlaşdığını xüsusi vurğulayan deputat söyləyib ki, onlardan fərqli olaraq ölkəmizin iqtisadi qüdrəti, beynəlxalq ictimaiyyətdə nüfuzu gündən-günə daha da artır: "Bunun özü də göstərir ki, zaman ölkəmizin xeyrinə çalışır. Azərbaycanın mövqeyi problemin sülh yolu ilə həll edilməsidir. Lakin lazımı gəldiyi təqdirdə müharibəyə hazır olduğumuza bəyan edirik. Ordumuz 48 saat ərzində öz torpaqlarını düşmənin işğalından azad etməyə qadirdir. Bu yaxınlarda İngiltərənin saytlarının birində Azərbaycanla Ermənistanın zirehli texnikasının müqayisəsi yer almışdı. Müqayisədə Azərbaycanın Ermənistandan 3.5 dəfə çox zirehli texnikaya malik olduğu açıqlanmışdı. Azərbaycanın texnikasının 70-80 faizinin ən müasir texnika təşkil etsə də, Ermənistan son illər yalnız Rusiyanın verdiyi kredit hesabına texnika alır. Bunun özü də Ermənistanın gələcək nəsilləri üçün böyük yükə çevriləcək".
sia