Bolton region ölkələri ilə nəyi müzakirə edəcək?
Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə yenidən baxmaq istəyi artıq özünü açıq şəkildə təzahür edir. Son aylarda okeanın o tayından regiona edilən yüksək səviyyəli səfərlər hər halda belə deməyə əsas verir. Burada maraqlı tendensiyalardan biri ondan ibarətdir ki, Vaşinqton region siyasətində Rusiya amilini də nəzərə almalı olduğunu artıq öz taktiki gedişləri ilə etiraf edir. Və okeanın o tayında artıq bunu bir reallıq olaraq qəbul edirlər ki, Cənubi Qafqazda Birləşmiş Ştatların maraqlarınən təmin olunmasının yolu məhz Rusiyadan keçir. Ona görə də uzun müddətdir ki, Rusiya ilə gərgin xarakter daşıyan münasibətləri Birləşmiş Ştatlar bir qədər yumşaltmağa çalışır. Hər halda Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri və bu səfər çərçivəsində Rusiya rəsmiləri ilə keçirəcəyi görüşlər belə bir ehtimalla çıxış etməyə əsas verir.
23 Oktyabr 2018 13:02 SiyasətBirləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə yenidən baxmaq istəyi artıq özünü açıq şəkildə təzahür edir. Son aylarda okeanın o tayından regiona edilən yüksək səviyyəli səfərlər hər halda belə deməyə əsas verir. Burada maraqlı tendensiyalardan biri ondan ibarətdir ki, Vaşinqton region siyasətində Rusiya amilini də nəzərə almalı olduğunu artıq öz taktiki gedişləri ilə etiraf edir. Və okeanın o tayında artıq bunu bir reallıq olaraq qəbul edirlər ki, Cənubi Qafqazda Birləşmiş Ştatların maraqlarınən təmin olunmasının yolu məhz Rusiyadan keçir. Ona görə də uzun müddətdir ki, Rusiya ilə gərgin xarakter daşıyan münasibətləri Birləşmiş Ştatlar bir qədər yumşaltmağa çalışır. Hər halda Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri və bu səfər çərçivəsində Rusiya rəsmiləri ilə keçirəcəyi görüşlər belə bir ehtimalla çıxış etməyə əsas verir.
Xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu günlərdə regionda səfərdə olacaq. Səfər çərçivəsində Con Boltonun Azərbaycan, Gürcüstan və Ermənistanda bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur. Boltonun regiona səfəri zamanı ən diqqət çəkən məqam və keçirəcəyi görüşlər sırasında ən yadda qalanı isə Rusiya ilə bağlıdır. Həm okeanın o tayında, həm Rusiya Federasiyasında, həm də region ölkələrində Boltonun şimal qonşumuza səfəri və orada aparacağı müzakirələr diqqət mərkəzindədir. Xüsusilə, Boltonun görüşündə hansı məsələlərin müzakirə ediləcəyi barədə müxtəlif ehtimallar səsləndirilir. Bəs görəsən, Birtəşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Rusiyada keçirəcəyi görüşlərdə əsas müzakirə mövzusu nə olacaq?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Birləşmiş Ştatların Orta və Uzaq Mənzilli raketlərin məhv edilməsi anlaşmasından çıxmaq istəyi anlaşılandır. Anlaşma keçmiş SSRİ ilə Birləşmiş Ştatlar arasında 1987-ci ildə imzalanıb: "O zaman "soyuq müharibə" hələ bitməmişdi, iki fövqəlgüc xeyli raketlərə malik idi və hərbi toqquşma ehtimalını azaltmaq üçün həmin sazişi imzalamağa ehtiyac var idi. 30 il keçib, SSRİ yoxdur, bu arada, Çin, İran, Pakistan və Hindistan kimi ölkələr də orta və uzaq mənzilli raketlərə malik olublar. Onlar vaxtilə nə SSRİ, nə də ABŞ-la oxşar saziş imzalayıblar. Ona görə də istədikləri qədər raket istehsal edə bilərlər. Bu isə Birləşmiş Ştatları narahat edir". Politoloq deyir ki, ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir və ona görə anlaşmadan çıxır: "Bundan başqa Vaşinqton hesab edir ki, SSRİ-nin varisi olan Rusiya yeni növ raketlər istehsal etməklə anlaşmanın şərtlərini illərdir pozur. Buna görə də 30 il əvvəl imzalanan sazişini əhəmiyyəti qalmayıb. Bəs bundan sonra nə baş verə bilər?
Birincisi, Birləşmiş Ştatlar sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq. Çünki ABŞ anlaşmadan çıxırsa Rusiya da anlaşmadan çıxacaq və orta - uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri Birləşmiş Ştatlardan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ "Perşinq" raketlərini köhnə qitədə yerləöşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür. İkincisi, Birləşmiş Ştatlar Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər. Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr - Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər". Elxan Şahinoğlu onu da qeyd edib ki, Birləşmiş Ştatların Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur: "Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən Birləşmiş Ştatların Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Elə bütün bu mövzuları müzakirə etmək üçün Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədədir".
Süleyman