Paşinyanın qeyri-müəyyən siyasəti Ermənistan üçün əlavə problemlər yaradır - ŞƏRH

İrəvan da Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər

İrəvan da Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər

Ermənistanın aprel inqilabından sonra formalaşan yeni rəhbərliyinin qeyri-müəyyən siyasəti davam etməkdədir. Gah Rusiya, gah da Qərbə meyillənən Paşinyan hökuməti hələlik heç bir tərəfdən istədiyi siyasi dəstəyi ala bilmədiyindən indi də adekvat gedişlər etməyi qərarlaşdırıb. Hər halda Ermənistanın baş naziri səlahiyyətlirini icra edən Nikol Paşinyanın bu günlərdə yerli və xarici mətbuata verdiyi açıqlamalar belə deməyə əsas verir. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Ermənistan rəhbərliyi öz açıqlaması ilə birbaşa Birləşmiş Ştatlara qarşı dirəniş göstərdiyi görüntüsü yaradır. Belə ki, inqilabçı baş nazirin Ermənistanın İrana qarşı tətbiq ediləcək sanksiyalara qoşulmayacağı barədə açıqlaması bunu aydın şəkildə ortaya qoyur. Elə ekspertlər də hesab edirlər ki, Ermənistan rəhbərliyinin son açıqlaması əslində İrəvanın Birləşmiş Ştatların maraqlarına zidd addım atmasına dəlalət edir və ehtimal olunur ki, İrəvan buna görə Vaşinqton tərəfindən cəzalandırıla bilər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın  İrəvanın İrana qarşı sanksiyalara qoşulmayacağını bəyan etməsi, bir başa Boltona xərbərdarlıq mesajıdır.  Onun sözlərinə görə, çünki Con Bolton Cənubi Qafqaz səfərində İrana qarşı bu ölkələrin noyabrın 14-dən başlayacaq sanksiya paketinə qoşulmasını istəyəcək: "Həmçinin Ermənistanın İranla hər hansı strateji iqtisadi əməkdaşlıqdan imtina edilməsi istəniləcək. Qeyd edim ki, bir neçə gün bundan əvvəl Birləşmiş Ştatlar rəsmisi Corc Kentin Ermənistanın İrana qarşı sanksiyalara qoşulmayacağı təqdirdə sanksiyalara məruz qalacağını vurğulamışdı. Vaşinqton çalışır ki, "Soros" Fondunun maliyyə dəstəyi ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyan birbaşa Vaşinqtonun diqtəsinə tabe olsun. Ona görə də  Yerevana bu cür açıq mesaj verilir. Amma, Azərbaycan haqqında Vaşinqtonun İrana qarşı sanksiyalara qoşulmaq barədə açıq çağırışı yoxdur. Çünki, Azərbaycan manevr siyasəti aparır və enerji siyasətində Vaşinqtonla sıx əməkdaşlıq edir. Həmçinin İranla Azərbaycanın ciddi iqtisadi əlaqələri yoxdur. Amma, İran Ermənistan ikinci qaz kəmərini çəkib və Ermənistan üzərindən Qara dənizə yeni qaz kəməri çəkməsi planına malikdir. Bundan əlavə, İran Ermənistan bankları və Qarabağda yerləşən qanunsuz banklar vasitəsi ilə sanksiyadan yayınaraq maliyyə əməliyyatları həyata keçirir. İranın Ermənistan üzərindən iqtisadi maraqlarının qarşısını almaq üçün Bolton Yerevana təzyiq etməyə çalışacaq".

Politoloq deyib ki, Nikol Paşinyan dekabrda növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətini möhkəmləndirərsə, İrana qarşı sanksiyalara qoşulmasa, ABŞ-ın birabaşa maliyyə yardımlarından məhrum olacaq: "Bu da konkret olaraq Paşinyana Vaşinqton tərəfindən böyük zərbə olacaq. Hələki, Birləşmiş Ştatlar Ermənistana vəd etdiyi maliyyə yardımını ayırmır. Çox güman ki, parlament seçkilərindən sonra Paşinyanın siyasi kursuna uyğun olaraq ABŞ maliyyə məsələsinə də qərar verəcək. Həmçinin Tramp adminstrasiyası Qarabağ separtçılarına humanitar yardım adı ilə ildə ayırdığı vəsaiti ləğv edə bilər. Qeyd edim ki, Nikol Paşinyan Birləşmiş Ştatların maliyyə yardımlarına böyük ümid edir və ölkəsində bir sıra sahələrə ABŞ investisiyasının yatırılmasına çalışır. Göründüyü kimi, dilemma arasında qalan Paşinyan üçün çətin sınaq gözlənilir. İrana qarşı sanksiyalara qoşularsa,Tehrandan ölkəsinin alıdğı ucuz qazdan məhrum olacaq. Həmçinin İranın sərt siyasəti ilə üzləşəcək. Birləşmiş Ştatların əleyhinə olaraq İranla əməkdaşlığı davam etdirərsə, ABŞ-ın sanksiyalarına məruz qalacaq. Bir məsləni vurğulamaq lazımdır ki, Paşinyan hakimiyyətə ilk gəlişindən Trampla görüşmək üçün cəhdlər edir. Bu görüş onun üçün hakimiyyətinin Moskva qarşısında immunitetini möhkəmləndirməyə hesablanıb. Əgər, İrana qarşı Vaşinqtona dəstək verməsə, Trampla görüşmək istəyi, elə istək olaraq qalacaq".

Politoloq hesab edir ki, Ermənistanın heç bir manevr imkanları olmadığı üçün yeni hakimiyyətin iqtisadi inkişaf islahatı reallaşmayacaq: "Ümumiyyətlə, Birləşmiş Ştatların İrana sanksiyaları Ermənistan üçün əlavə iqtisadi və siyasi problemlərə yol açacaq. Boltonun regiona səfəri, xüsusi ilə Ermənistanda aparcağı danışıqlar Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31