Bəhruz Quliyev: “Savelyevin bu hadisəni vəhşilik adlandırması və bütün dünya tərəfindən tanınmalı olduğunu bəyan etməsi artıq bütün reallıqları önə çıxarmış oldu”

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyi bir sıra beynəlxalq mərkəzlər, eləcə də ayrı-ayrılıqda nüfuzlu xarici şəxslər - siyasilər, ictimaiyyət nümayəndələri tərəfindən tanınır, dəstəklənir. Ümumiyyətlə, belə bir halın mövcudluğu eyni zamanda nəticəyə gəlməyə əsas verir ki, sözügedən tendensiya həqiqətin, ədalətin bütün mənalarda öndə olduğunu sübuta yetirir". Bu fikirləri  Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Türkiyənin Kayseri şəhərində Xocalı parkının açılışında Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin bu vəhşiliyi pisləməsi, eləcə də erməni işğalını pisləyən bəyanatını şərh edərkən deyib. 

Bəhruz Quliyev, artıq qərəzlilik tendensiyasının aradan qalxdığını da qeyd edərək bildirib ki, Azərbaycan xalqı bəzən xristian klubu çərçivəsində əks fikirlərin də şahidləri olur, ayrı-ayrı siyasilərinin, xarici qeyri-hökumət təşkilatlarının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlərini müşahidə edir. Lakin son illərdə bu kimi hallar da aradan çıxmaqdadır: "Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin apardığı məqsədyönlü və qətiyyətli xarici siyasəti nəticəsində bu kimi hallar aradan qaldırılır, kəskin etirazlar bildirilir, xəbərdarlıqlar edilir. Nəticədə qara siyahılara salınmış qurum və şəxslər daha öncə atdıqları addımlarının doğru olmadığını, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərdiklərini bəyan edərək, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə qarşı bundan sonra zərərli addım atmayacaqlarını bildirirlər".

Siyasi ekspert, həmçinin hesab edir ki, Savelyevin bəyanatı bir daha sübut edir ki, rəsmi Bakının ədalətli mövqeyi Rusiyanın hakim dairələri arasında da özünə yer edib və bu faktor öz əhəmiyyəti ilə seçilməkdədir: "Ümumiyyətlə, Savelyevin açıqlaması ilk deyil. Rusiyanın siyasi müstəvisində Azərbaycanın mövqeyini haqlı sayan və müdafiə edən çox ciddi siyasətşünaslar, dövlət adamları mövcuddur. 

Misal üçün, biz Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, eyni zamanda, Rusiyanın İctimai Palatasının üzvü olmuş Maksim Şevcenkonun da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatını xatırlaya bilərik. Məhz bu siyasi xadim də bildirmişdi ki, ermənilər öz işğalçılıq və zərərli siyasətləri ilə regionun təhlükəsizliyi maraqlarına zərbə vururlar. "Ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır", deyən Şevçenkonun bu fikirləri bir daha gerçəkliyi, həqiqəti üzə çıxarmış oldu.

O cümlədən, məhşur jurnalist Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və heç bir fərziyyənin bu faktı dəyişə bilməyəcəyini vurğulamışdı. Beləliklə, Rusiyanın ictimai-siyasi xadiminin Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması faktını birmənalı şəkildə ifadə etməsi və Ermənistanı düşmən dövlət kimi göstərməsi işgalçı ölkənin əsl mahiyyətini açıb ortaya qoymuş oldu". 

"Biz, həmçinin, Rusiya prezidenti Vladimir Putinə yaxın sayılan və Rusiya ictimai rəyinə təsiri olan ekspert və politoloqların - Aleksandr Duqinin, Maksim Şevçenkonun, İqor Korotçenkonun, həmçinin, Duma deputatlarının, bütövlükdə, Azərbaycana rəğbəti olan rusiyalı xadimlərinin erməni işğalından azad olunmuş Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfərlərini və orada Dağlıq Qarabağ mövzusunda səsləndirdikləri fikirlərini də xatırlaya bilərik". Deyə xatırladan Bəhruz Quliyevə görə, Dmitri Savelyevin Xocalı soyqırımı, Dağlıq Qarabağın işğalı və s. bu kimi məsələlərdə önəmli bəyanatlar səsləndirməsi Azərbaycanın apardığı uğurlu siyasətin tərkib hissəsi kimi də qiymətləndirmək olar. 

"Səs" qəzetinin baş redaktoru haqq səsimizin eşidilməsində və dəyərləndirilməsində ölkəmizin regiondakı mövqeyinin güclənməsinin də təsirləri olduğunu vurğulayıb: "Bu gün Azərbaycanın regionda apardığı siyasətin daha bir istiqaməti ölkəmizin regionun aparıcı gücləri hesab edilən Rusiya və Türkiyə ilə mütəmadi təmaslar saxlaması, ikitərəfli və üçtərəfli görüşlər keçirməsidir. Artıq, regionumuzda elə geosiyasi mühit yaranıb ki, Azərbaycanı gözardı etmək mümkün deyil.

Nəticə olaraq, hesab edirəm ki, qardaş Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə çıxış edən Savelyevin bu hadisəni vəhşilik adlandırması və bütün dünya tərəfindən tanınmalı olduğunu bəyan etməsi artıq bütün reallıqları önə çıxarmış oldu. Bu, Azərbaycanın haqq və ədalət çağırışlarının başlıca göstəricisidir".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31