“Bu soyqırımdır”

Dövlət Dumasının deputatından etiraf

Xocalı soyqırımının törədilməsindən 26 il keçir. Bu illər ərzində Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən biri bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılması olub. Son 26 il ərzində dünyanın bir neçə ölkəsi bu soyqırımı rəsmən tanıdığını bəyan edib. Xatırladaq ki, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal edərək 613 dinc sakini, o cümlədən 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetirib. Məhz bu qətliamın soyqırımı, müasir dünyada qəddarlığın, amansızlığın nümunəsi olması dəfələrlə ayrı-ayrı ölkələrin siyasətçiləri, tarizçiləri tərəfindən etiraf edilib. Məsələ orasındadır ki, Xocalıda ermənilər tərəfindən törədilən vəhşiliklər, vandalizm aktları bu hadisənin soyqırım kimi tanınmasına birbaşa dəlalət edir. Xocalı faciəsi onu göstərdi ki, XX əsrin sonunda erməni cəlladları dinc azərbaycanlı əhaliyə qarşı planlı, məqsədyönlü şəkildə məhz azərbaycanlı, məhz xocalılı olduqlarına görə bu bəşəri cinayəti həyata keçiriblər. Buna görə də bu soyqırım cinayətidir. Xocalıda öldürülənlər Azərbaycan türkü olduğu üçün hədəf seçilib və qətlə yetiriliblər. Bu soyqırım aktı əvvəlcədən planlaşdırılıb.

Bu gün Azərbaycan hakimiyyəti Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı xeyli işlər görüb, soyqırımın tanınması üçün müxtəlif layihələr reallaşdırıb. Bu faciənin tanınması üçün 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dərhal BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib, Xocalı soyqırımının mahiyyətini açıqlayıb və bütün dünya birliyini təcavüzkarlara qarşı tədbirlər görməyə çağırıb. 1994-cü ilin fevral ayında Azərbaycan parlamenti bu faciəyə hüquqi-siyasi qiymətini verdi. 1998-ci ildə ümumilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı fərman imzalayıb. Sonrakı dövrlərdə də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə xeyli işlər görüblər. Xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan "Xocalıya ədalət" kampaniyası bütün dünyada böyük əks-səda doğurub, Bu kampaniya nəticəsində dünyanın çoxsaylı ölkəsinin parlamenti Xocalı faciəsinə soyqırım kimi qiymət verib, Amerika Birləşmiş Ştatlarının iyirmidən artıq ştatı Xocalı hadisəsini soyqırım kimi tanıyıb. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası 17 noyabr 2012-ci ildə, qurumun Zirvə Konfransı isə 7 fevral 2013-cü ildə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Qeyd edək ki,  Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması iqtiqamətində Azərbaycan hökumətinin apardığı siyasət nəticəsini verməkdədir. Artıq Rusiyanın tarixçiləri və siyasətçilər sözügedən soyqırımı etiraf etməkdədirlər. Xatırladaq ki, bir müddət öncə rusiyalı akademik, məşhur tarixçi Yuri Pompeyev Xocalı faciəsini soyqırım adlandırmışdı: "Silahsız insanlar, uşaqlar məhv edildi. Həmçinin insanlar milli mənsubiyyətinə görə öldürüldülər. Azərbaycanlılara qarşı göz qabağında törədilən bu hadisə əsl soyqırımı idi. Bu hərbi cinayətin bir gün mühakimə olunacağı dəqiqdir. O dövrə qədər Xocalıda məshəti türklər də yaşayırdı. Bu xalq Stalin tərəfindən Fərqanə vadisinə sürgün edilmiş, 80-ci illərin sonlarında Qafqaza qayıtmışdı. Bu xalq böyük faciələrlə üzləşib. Onlar Xocalıda da tankların altında əzildilər. "Qarabağ gündəliyi"ni yazarkən mən həmin faciədən sağ qurtulan insanlarla görüşürdüm. Onlardan bir çoxu hələ o zaman uşaq, yaxud gənc idilər. Onlarda bu faciədən psixoloji sarsıntılar qalmışdı. Məsələn, bir qız normal nitqini itirmişdi. Bu, dəhşətli idi".

Bu dəfə isə  Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Xocalıda törədilənlərin Azərbaycan xalqına qarşı soyqırım olduğunu dilə gətirib. Rusiyalı deputat AZƏRTAC-a müsahibəsində deyib ki, Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar: "Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar",-deyə rusiyalı deputat əlavə edib.

Məsələ orasındadır ki, ermənilər bu cür qəddarcasına törətdikləri vəhşiliklərə görə hələ də cəzasız qalıblar. Heç şübhəsiz ki, Xocalı soyqırımının təşkilatçıları gec-tez cəzalandırılacaq və beynəlxalq hərbi tribunal qarşısında cavab verəcəklər.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31