Səudiyyəli jurnalistin amansızcasına qətli İslama xələl gətirirmi?

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ətrafında araşdırmalar davam edir. Mərhum jurnalistin Türkiyə ərazisində qətlə yetirilməsi böyük bir rezonansa səbəb olub desək yanılmarıq. Hazırda Qaşıqçının ölümü ilə bağlı üç istiqamətdə araşdırma aparılır. Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Türkiyə Cümhuriyyəti. Hələ Camal Qaşıqçının ölüm xəbəri yayılarkən bu hadisənin arxasında hansı qüvvələrin durduğu ilə bağlı müxtəlif versiyalar irəli sürülürdü. Bəziləri bu qətldə Ər-Riyadı, bir qism isə Vaşinqtonu suçlu çıxarmağa çalışırdı. Səbəb kimi isə mərhum jurnalistin Tramp hakimiyyətinə qarşı barışmaz mövqeyi göstərilirdi. Ancaq qısa müddətli araşdırmalar birinci versiyanın doğru olduğunu ortaya çıxardı. Belə ki, jurnalist Camal Qaşıqçının ölüm hökmü fərmanının Səudiyyə Ərəbistanı tərəfindən verildiyi aydın oldu. Hər halda Ər-Riyadın son açıqlaması belə deməyə əsas verir. Belə ki,

artıq, Səudiyyə Krallığı rəsmən jurnalist Camal Xoşeqqinin (Qaşıqçı) öldürülməsini Türkiyəyə, İstanbul Konsulluğuna xüsusi əməliyyat qrupu şəklində göndərdiyi əməliyyatçıların törətdiyini etiraf etdi. Ancaq, guya Xoşeqqini oradan tutub Səudiyyəyə aparmaq istəyiblər, qarşılıqlı dava düşüb belə bir qətl baş verib. Ancaq ekspertlər Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda mərhum jurnalistlə konsulluq əməkdaşları, yaxud onu həbs etməyə gələn əməliyyatçılar arasında hansısa dava, qarşıdurmanın olmasını mümkün hesab etmirlər. Ən azından Qaşıqçının konsulluğa yalnız gəldiyi və onun xüsusi əməliyyatçılarla qarşıdurmaya getmək şansının az olduğu versiyasından çıxış edərək belə qənaətə gəlmək mümkündür. Elə kriminalist, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir. İlqar Altay hesab edir ki, Səudiyyə bir qədər sonra fakt qarşısında qalaraq məcbur olaraq daha xeyli həqiqəti boynuna alacaq: "Əvvəla, jurnalisti başqa bir ölkənin ərazisindən razılaşma olmadan tutub aparmaq cinayətdir. Ikincisi, əlbəyaxa döyüş ustası olmayan, dinc jurnalistin 11 nəfər xüsusi hazırlıqla göndərilən əməliyyat qrupuna müqavimət göstərməsi tam absurd söhbətdir. Ən əsas da, Camal Xoşiqqinin aldığı xəsarətlərin işgəncə xarakterli olması və bütün bu prosesində dəqiq audio lentə alınması qisas zəminində bir nəfər üzərində edam hadisəsinin baş verdiyini tam təsdiq edir". İlqar Altay bildirib ki, əməliyyat qrupunda Səudiyyə Ərəbistanının dövlət orqanları əməkdaşları, məmurlar, kral ailəsinə yaxın olan insanların olması, onların xüsusi təyyarələrdə Türkiyə ərazisinə gəlib qayıtması, konsulluģun və baş konsulun bu edama şərait yaratması, bu əməliyyatı belə arxayınçılıq, qəddarlıq, "hünər" ilə aparmaları və sair hallar, bu işin baş planının Krallıq mərkəzində və nəzarətində cızıldığını və tapşırığın oradan verildiyini sübut edir: "Bunu da yalnız, vəliəhd şahzadə Məhəmməd ibn Salman verə bilərdi".

Bu arada bir məqama diqqət çəkmək yerinə düşər ki, Camal Qaşıqçının xüsusi amansızlıqla qətlə yetirilməsi təkcə qətlə adı keçən ölkələr, Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Türkiyə Cümhuriyyətində deyil, eləcə də demək olar ki, bütün dünyada ciddi səs-küyə səbəb oldu, rezonans doğurdu. Bəs görəsən nəyə görə, səudiyyəli jurnalistin qətlə yetirilməsi dünyada bu qədər rezonans doğurub?.

İlqar Altayın sözlərinə görə, dünya tarixində və xüsusilə də diplomatiya tarixində olmayıb ki, konsulluq içərisində belə bir edam, insanı diri-diri doğramaq baş versin: "Dünya diplomatiyası, səfirlik-konsulluq sistemi üçün bu ləkədir. İkincisi, cinayətə birbaşa bağlı Səudiyyə Ərəbistanı  hakimiyyəti dünyada insan hüquqları, demokratiya yayıcısı olan işgəncə, edama qarşı çıxan Birləşmiş Ştatlar və Qərbin Yaxın Şərqdə müttəfiqidir. Bu da böyük paradoksdur.  Üçüncüsü, belə bir müdhiş biabırçı bir hadisəni törədən Səudiyyə Ərəbistanı İslamın yaranma, yayılma mərkəzi olmaqla və ərazisində Kəbə, Məkkə və Mədinə kimi müqəddəs ziyarət ocaqları olması ilə bütün dünya müsəlmanlarının dini, mənəvi dayaq, istinad yeridir. Səudiyyə dövləti bu səfeh, iyrənc əməli ilə özünü ifşa etməklə, həm dünya qarşısında Islama nüfuz zərbəsi gətirdi, həm də səmimi inanclı müsəlmanlara dərin təəssüf yaratdı. Mən deyərdim,  bu İŞİD-in yaratdığı fəsadlar qədərdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31