Türkiyə və Azərbaycan birgə səylərlə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır
21 Oktyabr 2018 17:42 SiyasətAzərbaycanın beynəlxalq münasibətlər sistemində ən yaxın əlaqələr qurduğu və bu əlaqələri gündən-günə inkişaf etdirdiyi ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. İki qardaş ölkə arasında siyasi və iqtisadi, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq elə bir mərhələyə qədəm qoyub ki, günümüzdə Ankara və Bakı ən yaxın strateji müttəfiq ölkə kimi xarakterizə edilir və dünyada bu cür tanınır. Dövlət başçılarının qarşılıqlı səfərləri, hər il ölkələr arasında imzalanan ikitərəfli əməkdaşlıq sazişləri bu əməkdaşlığı daha da irəli aparmaq, onu inkişaf etdirmək üçün yeni-yeni imkanlar, perspektivlər açır. Elə bu günlərdə Türkiyənin İzmir bölgəsində SOCAR-ın maliyyəsi hesabına tikilib istifadəyə verilən "Star" Neft Emalı Zavodu da bu əməkdaşlığın əyani sübutudur. Azərbaycan və Türkiyə prezidentlərinin də qatıldığı "Star" Neft Emalı Zavoduinun açılış mərasimi hər iki ölkənin kütləvi informasiya vasitələrində böyük ilgi görüb və iki qardaş ölkənin media qurumlarında bununla bağlı geniş materiallar dərc edilib.
"Star" Neft Emalı Zavodunun istifadəyə verilməsinə bir neçə aspektdən diqqət çəkilir və şərh olunur. Hər şeydən əvvəl bu hadisə Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının təzahürü kimi qiymətləndirilir. Ümumiyyətlə, iki ölkənin dostluq və qardaşlaığının tarixi kökləri dərindir. Hələ XX əsrin əvvəllərində Bakının daşnak-bolşevik işğalından azad edilməsində məhz qardaş Türkiyənin, daha dəqiq desək o zamankı Osmanlı dövlətinin böyük əməyi olub. Məhz əfsanəvi qəhrəman Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 1918-ci il, sentyabr ayının 15-də Bakını bolşevik-daşnak birləşmələrinin işğalından azad edərək həmin ilin may ayının 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakıya köçürülməsinə zəmin yaradıb. Məlum hadisənin 100-cü ildönümündə paytaxt Bakıda keçirilən təntənəli paradda da qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bu dostluq və qardaşlığın əyani sübutu idi. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də "Star" Neft Emalı Zavodunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi toxunaraq qeyd edib ki, biz 100 il bundan əvvəl olduğu kimi bu gün də bir yerdəyik: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində Cümhuriyyət yaranmışdır. Ancaq Bakı, bizim qədim tarixi şəhərimiz işğal altında idi. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi və öz sahibinə, Azərbaycan xalqına qaytarıldı. O gündən bir neçə gün sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilmişdir. Bu, unudulmaz tarixdir və yüz il o tarixdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik".
Azərbaycan-Türkiyə dostluq və qardaşlığınin tarixi qeyd etdiyimiz kimi dərin tarixi köklərə malikdir. Azərbaycan nə qədər güclü, qüdrətli Türkiyənin olmasını arzu edirsə, eyni arzu, istək də məhz qardaş Türkiyə tərəfindən Azərbaycana qarşı münasibətdə özünü təzahür edir. Əgər belə olmasaydı 1918-ci ildə elan edilmiş Şərqin ilk demokratik respublikası sayılan Azərbaycan Xalq Cümhuriyyətini ilk tanıyan ölkələrdən biri Türkiyə olmazdı. Həmçinin eyni situasiya, tarix Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşduğu ərəfədə də təkrarlandı və 1991-ci il. Oktyabrın 18-də bir əsrdə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan Respublikasını ilk tanıyan məhz qardaş Türkiyə Cümhuriyyəti oldu. Bu amilin özü də Azərbaycan və Türkiyə dostluq və qardaşlığının sarsılmaz, əbədi olduğunu göstərir və bu münasibətlərin sağlam təməllər üzrərində qurulduğunu deməyə əsas verir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də "Star" Neft Emalı zavodunun açılış mərasimi zamanı bu məqama diqqət yetirdi və dövlət başçısı bildirdi ki, XX əsrin əvvəllərində olduğu kimi həmin əsrin 90-cı illərində də Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə məhz Türkiyə oldu: "Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir. Fürsətdən istifadə edərək, qardaş türk xalqını əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk". Prezident günümüzdə Azərbaycan və Türkiyə əlaqələrinin ən yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıraraq hər zaman olduğu kimi bu gün də iki qardaş dövlətin bir yerdə addımladığını söyləyib: "Mən yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Deməliyəm ki, bu il bu səfər mənim Türkiyəyə üçüncü səfərimdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana iki dəfə səfər etmişdir. Bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.
"Star" Neft Emalı Zavodunun açılışı Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının göstəricisi olmaqla bərabər, eyni zamanda onu da sübut edir ki, Ankara və Bakı yaxın və uzaq tarixdə olduğu kimi günümüzdə də qarşısına qoyduğu bütün hədəflərə nail olmaq iqtidarındadır. Yaxın tariximizdə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin fonunda bunu aydın görmək mümkündür. Hələ o zaman sözügedən layihə gündəmə gələrkən çoxları onun reallaşacağına inanmır, hətta ciddi cəhdlə Bakı-Tbilisi-Ceyhanın çəkilişinə mane olmağa çalışırdılar. Lakin ölkələr arasında olan yaxın münasibətlər, siyasi iradə, ən əsası qarşılıqlı anlaşma mühiti qısa zamanda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin realaşmasına zəmin yaratdı. Ondan sonra davamı gələn Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi, eləcə də TAP, TANAP kimi layihələr yuxarıda qeyd etdiyimiz məqamı aydın şəkildə təsdiqləmiş oldu. Yəni, Azərbaycan və Türkiyə qarşısına qoyduğu bütün hədəfləri reallaşdırmaq iqtidarındadır. Və ortada olan siyasi iradə, qarşılıqlı və yüksək əsaslara dayanan əməkdaşlıq əminliklə onu deməyə əsas verir ki, bundan sonra da eyni tendensiya davam edəcək.
Azərbaycan və Türkiyə əməkdaşlığı, xüsusilə iki qardaş ölkənin iştirakı və təşəbbüsü ilə qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması bölgəmizə olan marağı da artırır. Eyni zamanda bu əməkdaşlıq nəticəsində Avrasiyanın enerji xəritəsi yenidən cızılır desək yanılmarıq. Əslində bu prosesə hələ Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi zamanı start verilmişdi. Sonrakı illərdə reallaşdırılan digər bu kimi layihələr bu prosesi daha da sürətləndirdi desək yanılmarıq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycan və Türkiyə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır: ""Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq".
Və nəhayət, Türkiyənin İzmir bölgəsində "Star" Neft Emalı Zavodunun açılışı Azərbaycan iqtisadiyyatının gücünün, qüdrətinin gösstəricisidir. Bu onun sübutudur ki, Azərbaycan iqtisadiyyatı getdikcə inkiçaf edir. İqtisadiyyatı inkişaf edən ölkə isə istər-istəməz xarici ölkələrə sərmayələr qoyur, həmin sərmayələrdən müəyyən miqdarda gəlir əldə edir. Əldə edilən gəlirlər isə öz növbəsində xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Bu gün Azərbaycan iqtisadiyyatının inkişaf etdiyi və ölkəmizin doğru yol seçdiyi elə beynəlxalq maliyyə qurumları və iqtisadi təşkilatarın hesabatlarında da öz əksini tapır. Bir müddət əvvəl Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı yer alam müsbət göstəricilər də bunu deməyə əsas verir ki, Azərbaycan iqtisadi cəhətdən uğurlu inkişaf yolu keçir.
Qeyd edək ki, "Star" Neft Emalı Zavodu SOCAR-ın 6,3 milyard dollar kapitalı ilə Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa edilib.
S.İsmayılbəyli