Azərbaycan - Türkiyə birliyi regionun geosiyasi mənzərəsini bizim maraqlarımız səmtə dəyişməkdədir
“Star” zavodunun açılışı bunun əyani sübutudur
21 Oktyabr 2018 14:24 Siyasət"Star" zavodunun açılışı bunun əyani sübutudur
Bu bir danılmaz faktdır ki, hazırda dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın. strateji müttəfiq, dost və qardaş olan ikinci bir ölkə və ölkələr yoxdur. Müstəqillik illərindən sonra xüsusilə inkişaf edən Türkiyə-Azərbaycan əlaqələri günümüzdə dünyaya bir nümunədir. Hələ ümummilli lider Heydər Əliyevin Muxtar Respublikaya rəhbərlik etdiyi dövrdən Naxçıvandan başlayan bu əlaqələr, dərin əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri illər keçdikcə daha da inkişaf edərək yeni-yeni əməkdaşlıq imkanları perspektivləri ortaya çıxardı. Müxtəlif illərdə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, müasir dövrümüzdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də TANAP, TAP kimi qlobal əhəmiyyətli regional layihələr bunların əyani sübutudur. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, yuxarıda adlarını qeyd etdiyimiz layihələrin hər biri öz perspektivliliyi ilə seçilib. Eyni zamanda həmin layihələr beynəlxalq aləmdə böyük maraq doğurub. Nəticə etibarilə onlara qoşulan ölkə və ölkələrin də sayı artıb. Məsələn, müasir dövrümüzdə reallaşdırılan Bak-Tbilisi-Qars dəmir yolu xətti o qədər cəlbedici görünür ki, artıq Avropanın bir sıra ölkəsi də bu layihəyə qoşulmaq istəyini ortaya qoyub. Bir sözlə Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə qurulan siyasi, iqtisadi, sosial və humanitar, eləcə də mədəni sahələrdə əməkdaşlıq günü-gündən daha da inkişaf edir və yeni-yeni əməkdaşlıq üçün imkanlar, perspektivlər açır. Elə bu günlərdə Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasiminin keçirilməsi də bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, sözügedən zavodun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə yanaşı, Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Belə bir zavodun qardaş ölkədə inşa edilməsi Türkiyənin siyasi rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Məhz bunun göstəricisidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Qərarla İzmirin Əliağa bölgəsində istifadəyə verilən "Star" neft emalı zavodu ölkənin ilk Xüsusi Sənaye Zonası elan olunub. "Star" neft emalı zavodu SOCAR-ın 6,3 milyard dollar kapitalı hesabına tikilib. Zavod "Petkim" neft-kimya kompleksinin ərazisində yerləşir və bu ərazi qeyd etdiyimiz kimi qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edilir. Zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. "Star" NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod "Petkim" neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. "Star" neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.
"Star" neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Neft Emalı Zavoduna ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft"lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində "Star" NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.
Türkiyənin ilk neft-kimya müəssisəsi "Petkim"in xam maddə tələbatının demək olar ki hamısını təmin edəcək "Star" Neft Emalı Zavodu yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq.
"Star" neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.
Xatırladaq ki, "Star" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəsi hesabına Türkiyədə Neft Emalı Zavodunun açılması birmənalı olaraq müsbət qiymətləndirilib. Xüsusilə, bu fikirə əsas diqqət çəkilib ki, SOCAR və digər şirkətlər, ən əsası Azərbaycanın sərmayəsi hesabına ayrı-ayrı ölkələrdə bu tipli müəssisələrin, zavodların açılışı Azərbaycan iqtisadiyyatının sürətli inkişafının göstəricisidir və bu tipli layihələr iqtisadiyyatımızın daha da inkişaf edəcəyindən xəbər verir. Elə millət vəkili Tahir Mirkişili də belə düşünür. O, bildirib ki, Türkiyənin İzmir bölgəsində "Star" Neft Emalı Zavodunun açılışı bir daha onu deməyə əsas verdi ki, Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdədir. Millət vəkilinin sözlərinə görə, əsasən emal sənayesinə və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir: "Bu mühüm layihələrdən biri Türkiyədə inşası başa çatan STAR neft email zavodudur. 2011-ci ildə Türkiyədə təməli qoyulan SOCAR-ın STAR neft emalı zavodu bu günlərdə işə salındı. 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25 faizini ödəyəcək.
Zavod Türkiyə daxili bazarı üçün dizel, təyyarə yanaçağı, nafta, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton nafta təşkil edir. STAR Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33 faiz artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənat etməsinə səbəb olacaq".
Tahir Mirkişili qeyd edib ki, Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmada artmaqdadır: "Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43 faizini (10.4 milyon ton) ödəyə bilir. 2017-ci ildə 24.2 milyon ton dizel istehlak edən Türkiyə 7 milyard dollar dəyərində xaricdən dizel yanacağı idxal etmişdir. Yalnız daxili bazara istehsal edən STAR zavodu Türkiyənin neft məhsulları idxalını 36 faiz azaldacaq. STAR neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq". Tahir Mirkişilinin sözlərinə görə, STAR neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var: "Bu razılaşmalar STARın rəqabətqabiliyyətini daha da artıracaq və fəaliyyətini dayanıqlı edəcək. SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil etmişdir. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19.5 milyard dollara çatacaq. Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış oldu".
Politoloq Zaur Məmmədov da "Star" Neft Emalı Zavodunun açılışını yüksək qiymətləndirib və bunu Ankara ilə Bakı arasında əməkdaşlığın, əlaqələrin yüksək səviyyədə olması kimi xarakterizə edib: "Azərbaycan - Türkiyə birliyi regionun geosiyasi mənzərəsini bizim maraqlarımız səmtə dəyişməkdədir. Siyasət - mahir gedişlər tələb edir. Şübhəniz olmasın kı, ərazi bütövlüyümüz də təmin olunacaq. Bunun üçün səbrli, eyni zamanda çevik gedişlər lazımdır".
Zaur Məmmədov qeyd edib ki, Bakı - Tbilisi Ceyhan, TAP, TANAP, Bakı - Tiflis - Qars və digər layihələri həyata keçirərkən quru dəstəklərdən başqa heç nə görmədik: "Bu layihələr Bakının davamlı, prinsipial siyasəti nəticəsində reallaşdı. Coğrafi cəhətdən qeyri - sabit və akulalarla əhatələnmiş kiçik Azərbaycan - sabah üçün maraqlarının qorunacağı gələcək cızmaqdadır".
İqtisadçı ekspert Elvin Babayev isə deyib ki, Türkiyənin "İzmir" bölgəsində SOCAR-ın maliyyəsi hesabına "Star" Neft Emalı Zavodunun açılışı həm Azərbaycan, həm də qardaş Türkiyə iqtisadiyyatı üçün olduqca səmərəlidir: "Bu eyni zamanda iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Həmçinin o mənanı verir ki, bu əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə əlaqələri, yüksək səviyyəli əməkdaşlıq bütün ölkələr üçün nümunədir". Elvin Babayev deyib ki, "Star" Neft Emalı Zavodunun açılışı eyni zamanda Azərbaycan və Türkiyənin birlik və bərabərliyinin qardaşlığının sarsılmaz, dönməz olduğunun sübutudur: "Azərbaycan və Türkiyəı bu günə qədər qarşısına qoyduğu bütün hədəflərə tam gücü ilə nail olub. Bakı-Tbilisi-Ceyhandan başlayan Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin fonunda bunu aydın görmək mümkündür. Ölkələr arasında dostluq və qardaşlıq münasibətləri inkişaf etdikcə, hər iki ölkənin iqtisadiyyatı gücləndikcə yeni-yeni əməkdaşlıq perspektivləri də ortaya çıxacaq". İqtisadçı ekspert onu da qeyd edib ki, həmin əməkdaşlıq imkanları, perspektivləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, eləcə də region ölkələri, ümumilikdə Avropa üçün olduqca əhəmiyyətli və faydalıdır.
Süleyman