Vaşinqton Cənubi Qafqaz siyasətinə yenidən baxır
Ağ Ev regionda Azərbaycana xüsusi önəm verir
19 Oktyabr 2018 14:32 SiyasətAğ Ev regionda Azərbaycana xüsusi önəm verir
Ağ Ev administrasiyası deyəsən Cənubi Qafqaz siyasətinə yenidən baxmağı qərarlaşdırıb. Əslində bu tendensiya Donald Tramp prezident seçiləndən sonra özünü göstərməyə başlayıb. Ağ Evə rəhərlik etdiyi ilk günlərdən Birləşmiş Ştatların xarici siyasətində bir sıra dəyişikliklər olacağını vəd edən Donald Tramp ötən müddət ərzində bu dəyişikliklərə nisbətən nail olub desək yanılmarıq. Vaşinqtonun xarici siyasətində ən ciddi dəyişlik Şimali Koreya və İranla bağlı oldu. Belə ki, uzun illər bir-birini düşmən hesab edən Amerika ilə Şimali Koreya yaxınlaşmağa başladı. Hətta bu yaxınlıq Birləşmiş Ştatlar prezidenti Donald Trampın Şimali Koreyadan olan həmkarı Kim Çen İnlə görüşünə qədər gedib çıxdı. İranla bağlı siyasətdə də Vaşinqton əvvəlki siyasətinə müəyyən redaktələr etdi. Barak Obama zamanında İslam Respublikası ilə əldə olunan razılaşma ləğv edildi, Tehrana qarşı sanksiyalar daha da sərləşdirildi. Eyni tendensiya Rusiyaya qarşı siyasətdə də özünü göstərdi. Belə ki, Vaşinqton şimal qonşumuza qarşı da sanksiyaları sərtləşdirdi. İndi isə proseslər bir qədər fərqli formada cərəyan edir desək yanılmarıq. Belə ki, Cənubi Qafqazda möhkəmlənmək yolunu tutan Birləşmiş Ştatlar regionda Rusiya amilinin mövcudluğunu nəzərə almaq məcburiyyətində qalıb. Okeanın o tayında gözəl bilirlər ki, Cənubi Qafqazda möhkəmlənmək üçün mütləq Rusiya ilə münasibətləri istiləşdirmək zəruridir. Elə Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri də məhz buna hesablanıb.
Vaşinqtonun region siyasətinə aydınlıq gətirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri geoplotik baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Con Boltonun Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfəri Vaşinqtonun Cənubi Qafqaza artıq diqqət ayırmasından irəli gəlir: "Qeyd edim ki, Rusiya hazırda Gürcüstan və Ermənistanla soyuq münasibətlərə malikdir. Vaşinqton çalışır ki, hər iki ölkəni kifayət qədər Rusiyanın təsir və təzyiqindən qorusun. Həmçinin Kremlin regionda qalıcılığını təmin edən işğal və separatizmi tədricən həlll etsin. Təbii ki, burada Qarabağ münaqişəsinin həlli xüsusi əhəmiyyət kəsb edir. Çünki, Ermənistanın davam edən işğalı regionda deastiblizasiyaya xidmət etməklə, Kremlin maraqlarına uyğundur".
Politoloq deyib ki, hazırda Vaşinqtonun konfliktin həlli ilə bağlı mövqeyi ortaya qoyulur: "Bu mövqe Ağ Ev rəhbəri Donald Trampın may ayında prezident İlham Əliyevə göndərdiyi məktubunda Qarabağ münaqişəsinin tezliklə həllini qeyd etməsinə əsaslanır. Con Boltonun regiona səfəri, səfir Riçard Milizin Yerevanda münqişənin həlli ilə bağlı verdiyi açıqlama, məhz Trampın məktubunda qeyd edilənlərin məntiq davamıdır. Con Bolton Ermənistanın baş naziri Nikol Paşinyana konkret olaraq işğal olunmuş ərazilərin boşaldılması istiqamətində təlimatlar verəcək. Yəni ictimaiyyətə bu istiqamətdə məlumatlar verməklə, ərazilərin boşaldılması ilə əlaqədar xalqı bu güzəştlərə hazırlasın. Con Boltonun Rusiyaya səfərində iki ölkə arasında yaşanan problemlər, həmçinin İran məsələsi müzkirə olunacaq. Moskva ilə Vaşinqtonun İran problemində ortaq məxrəcə gəlməsi hazırkı situasiyada mümükün deyil. Rusiya İrana qarşı sanksiyalara qoşulmasa da, özəl şirkətlərin İrandan çıxacağı gözlənilir.
Bir məsələni qeyd edim ki, Con Boltonun əsas hədəfi Rusiyanın Cənubi Qafqazda apardığı siyasəti neytrallaşdırmaq, həmçinin İranla Rusiya arasında "Şimal-Cənub Nəqliyyat" dəhlizinin fəaliyyətə başlamasını əngəlləməkdi. Bu baxımından Con Boltonun ölkəmizə səfəri həlledici olacaq. Çünki, "Şimal -Cənub Nəqliyyat" dəhlizi Azərbaycandan keçir və ölkəmiz bu layihənin işə düşməsində maraqlıdır".
Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf dinamizminə malikdir: "Con Bolton Bakıda enerji siyasətimizə bundan sonra da dəstək verəcəklərini və Qarabağ konfliktinin həllində səyləri davam etdircəklərini xüsusi olaraq vurğulayacaq. Bundan əlavə, ölkəmizin İranla reallaşdırdığı birgə müəssisələrin fəaliyyətinin tədricən dayandırılması, Azərbaycanın bank sistemlərindən İranın maliyyə əməliyyatlarına imkan verilməməsi, ən əsası "Şimal-Cənub Nəqliyyat" dəhlizinin fəaliyyətinin dayandırılması istəniləcək".
Politoloq qeyd edib ki, bütün halda Vaşinqton Cənubi Qafqaz siyasətinə yenidən baxmağı qərarlaşdırıb.
Süleyman