Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib

Milli Məclisin Sədri Oqtay Əsədov  İtaliya  Respublikası  Senatının sədri xanım  Maria  Elizabetta Alberti  Kasellatinin  başçılıq  etdiyi  nümayəndə  heyəti ilə  görüşüb. 

"Olaylar" xəbər verir ki, spiker  nümayəndə  heyəti  üzvlərini  salamlayaraq  İtaliya  Senatı  sədrinin  ölkəmizə ilk  səfərinin  əlaqələrimizin  daha  da inkişafına öz  töhfəsini verəcəyinə inamını ifadə edib. Söhbətdə  bildirilib ki,  İtaliya ölkəmizin Avropada  və dünyada  mühüm  tərəfdaşlarından biridir. Müstəqillik illərində  İtaliya ilə sıx  dostluq  telləri  qurulub. Dövlət  başçılarının qarşılıqlı  səfərləri zamanı aparılan  danışıqlar münasibətlərimizin  daha  da  dərinləşməsi  üçün yaxşı imkanlar  yaratdıb. Azərbaycanın Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ay İtaliyaya səfəri zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100  illiyi ilə bağlı İtaliya  Senatındakı  konfransda  iştirakı  və səfər  çərçivəsində  keçirilən  tədbirlər iki ölkənin bir-birinə verdiyi  qarşılıqlı  dəyərin bariz  nümunəsidir. 

Bu günədək ölkələrimiz  arasında  44  sənəd  imzalanıb.  Biz 2014-cü il iyulun 14-də İtaliya  Senatında "Strateji  tərəfdaşlıq  haqqında" Birgə Bəyannamənin qəbul  edilməsinə böyük əhəmiyyət  veririk.  Heç  də  təsadüfi  deyildir ki,  İtaliya  Avropada  həm  də ölkəmizin ən mühüm  ticarət  tərəfdaşıdır. Bu gün Azərbaycanda müxtəlif sahələrdə 50 İtaliya şirkəti  fəaliyyət  göstərir. Söhbətdə Sədr  qeyd  edib ki, Avropanın enerji  təhlükəsizliyinə əhəmiyyətli  töhfə  verən Azərbaycanda təsdiq  olunmuş 2,5 trilyon kubmetr qaz  ehtiyatı  vardır. Bu, 100 il ərzində bizə və  tərəfdaşlarımıza  kifayət  edəcək  səviyyədədir.  Gələcəkdə TANAP və TAP boru  kəmərləri  Azərbaycanın təbii qazını  Avropa  bazarına  çıxaracaqdır. Ölkəmiz  Qərblə  münasibətlərdə  etibarlı  tərəfdaş olduğunu təcrübədə dəfələrlə nümayiş etdirmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars  kimi iri transmilli  layihələr bunun əyani sübutudur. 

Səmimi  qəbul  üçün minnətdarlığını bildirən İtaliya  Respublikası  Senatının sədri xanım  Maria  Elizabetta Alberti  Kasellati ölkəmizə  səfərindən və burada  keçirdiyi  görüşlərdən məmnun  qaldığını  söylədi. O, parlamentlər  səviyyəsində  əlaqələrin  gələcəkdə də inkişaf  etdirilməsinin  vacibliyinə  toxunaraq,  hər iki  ölkə  deputatlarının mütəmadi  görüşlərinin  əhəmiyyətli olduğunu dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31