Paşinyan, Trüdo və corab: Onları nə bağlayır? - ŞƏRH

Ermənistanın layiq olduğu milli brend məhz milli bayrağın simvolları ilə bəzədilmiş nadir kişi corablarıdır.

Bunu Milli Məclisin (MM) komitə sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, istənilən müqayisə həmişə nisbi xarakter daşıyır, lakin məlum bir postulat var: baza kəmiyyəti ən azı bir parametrə görə müqayisə edilə bilən olmalıdır, dəyirmini yaşıl və ya turş ilə müqayisə etmək olmaz.

"Dəqiq elmlərdə ölçü şkalası var: müsbət və ya mənfi ədəd. Siyasət elmində, təbii ki, hər şey ölçüyəgəlməz dərəcədə mürəkkəbdir, çünki müəyyən aksentlər, çox mürəkkəb nüanslar və ən başlıcası, dəyişən konyunktura var, populizm bu konyunkturaya asanlıqla uyğunlaşır. Nümunə üçün tarixi salnamələri araşdırmağa dəyməz", - deyən komitə sədrinin sözlərinə görə, bunun üçün Nikol Paşinyan tərəfindən Kanadanın baş naziri Castin Trüdoya təqdim edilmiş rəmzi hədiyyəyə - öz ölkəsinin dövlət bayrağının rənglərində olan corablara baxmaq kifayətdir.

Millət vəkili Aqiyə Naxçıvanlı

"Dövlət bayrağının hər bir detalı milli rəmz xarakteri daşıyır. Trüdo şok təsiri bağışlayan corabları ilə məşhurdur, lakin bir var, həmin corabların üzərində Trüdonun sayını artırmağa çalışdığı maral təsvir edilsin, bir də var Paşinyanla bərabər Frankofoniyanın iclasına Ermənistanın milli bayrağının rəngində corab geyinmiş halda gəlmək.

Bu, tamam başqa məsələdir! Bu, bəsit populizmdir, yoxsa "baş nazirlər kef edirlər?" Bir məsələ aydındır - Ermənistanın layiq olduğu milli brend məhz milli bayrağın simvolları ilə bəzədilmiş nadir kişi corablarıdır.

Bizə belə gəlir ki, ləyaqət və populizm kateqoriyaları siyasətdə imperativ müqayisə indikatoru ola bilər. Vladimir Dalın lüğətində verilən tərifə görə, ləyaqət "insanın şərəfi və daxili mənəvi keyfiyyəti, namusluluq, qəlbin nəcibliyi və təmiz vicdan" deməkdir, populizm isə geniş kütlələrə yaltaqlanma, onların rəğbətini qazanmaq məqsədilə əsassız vədlər paylaşmağı nəzərdə tutur.

Bu gün siyasi praktikada çox populyar olan bu halın xüsusi növü primitivlik dərəcəsinə çatdırılmış populizmdir, çünki onun əsasını "xalqın səsi"nə istinad etməklə qanuna məhəl qoyulmaması təşkil edir.

Dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə bu cür həyasızcasına etinasızlığı Ermənistanın sabiq baş nazirinin arvadının bir qrup rusiyalı qadınla birlikdə Dağlıq Qarabağa təxribatçı səfərində görməli idi. Ölkəmizin Xarici İşlər Nazirliyinin bəyanatında bu hüquqazidd aksiyaya rəsmi qiymət verilib.

Mən isə belə adlandırılan "sülh nümayəndə heyəti"nin üzvlərinə xatırlatmaq istərdim ki, onlar Ermənistan vətəndaşı tərəfindən Azərbaycanın əzəli ərazisinə dəvət edilmiş çağırılmamış qonaqlar qismində çıxış etməklə həyasız populizm alətlərinə çevriliblər. Dağlıq Qarabağa səfər etmiş rusiyalı qadınları xəbərdar etmək istəyirəm: diqqətli olun, çünki ermənilərin "dənizdən dənizə böyük Ermənistan" yaratmaq kimi cəfəng ideyası var.

Onlar Aralıq dənizinə çata bilməsələr də, sizin Qara dəniz sahillərinizi artıq uğurla mənimsəyiblər. Axı jurnalist Simonyan deyir: "Soçi erməni şəhəridir, burada hətta qağayılar da erməni dilində qışqırışır!"

Biz isə öz torpaqlarımızı qaytaracağıq, ədaləti bərpa edəcəyik və Bakı bulvarındakı qağayılar hər hansı başqa dənizin sahilində olduğu kimi qışqırışmaqda davam edəcəklər", - deyə A.Naxçıvanlı əlavə edib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31