Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir
18 Oktyabr 2018 13:45 Siyasətİşğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna zərurət yaranıb
Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat yayılıb. Məsələyə münasibət bildirən Azərbyacn Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: "Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir. Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır". Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşma siyasətini davam etdirməsi işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu zəruri edir. Məlumat üçün qeyd edək ki, qanun layihəsinin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir. Qanun layihəsi 12 maddədən ibarətdir. Sənəddə işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub. Sənəddə qeyd olunur ki, Azərbaycan - suveren, vahid, bölünməz dövlətdir və onun ərazisində 1907-ci il Haaqa qaydalarına, 1947-ci il IV Cenevrə konvensiyasına, eləcə də müvafiq beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın könüllü və dəqiq ifadə edilmiş razılığı olmadan ölkə ərazisində hər hansı bir dövlətin silahlı qüvvələrinin mövcudluğu suveren dövlətin ərazisinin qanunsuz hərbi işğalı kimi qiymətləndirilir. Bu qanunun məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunu müəyyənləşdirməkdən və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini təmin etməkdən ibarətdir. Sənədə əsasən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyırlar. Həmçinin bütün xarici ölkələrin dövlət və qeyri-dövlət subyektləri və onların təmsilçilərinin, həmçinin xarici dövlət vətəndaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazisində fəaliyyət göstərməsi qadağan olunur.
Məsələyə münasibət bildirin millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, işğal edilmiş ərazilərlə bağlı qanun layihəsinin təşəbbüsü yalnız Azərbaycanda edilməyib. Buna qədərki dövrdə dövlətlərarası konfliktə və müharibə reallığına malik olan bir çox ölkələrdə işğal edilmiş ərazilərlə bağlı qanun layihəsi qəbul edilib: "Bu qanun layihəsinin qəbulunun əsas səbəbi ondan qaynaqlanır ki, işğalçı ölkə olan Ermənistanla Azərbaycan hər hansı bir diplomatik əməkdaşlığa malik deyil. Bu, ola da bilməz. Belə olan təqdirdə qarşı tərəf işğal etdiyi ərazilərdə çalışır ki, müxtəlif xarakterli sahiblənmə əməliyyatlarını həyata keçirsin. Yəni, həmin ərazilərdə olan təbii sərvətlərin mənimsənilməsi, bu bölgələrdə xarici kampaniyalarla birgə işin reallaşdırılması bildiyimiz silahlı işğalın başqa formada davam etdirilməsidir. Biz bu məsələyə vahid tabloda baxmalıyıq". Deputat bildirib ki, bu gün Kəlbəcərdən Xankəndinə qədər böyük bir zolaqda Ermənistan tərəfi Hindistanın, Avstraliyanın, Norveçin və başqa dövlətlərin içərisində yer alan şirkətləri, iş adamlarını ora cəlb etməyə çalışırlar: "Məqsəd də ondan ibarətdir ki, guya həmin ərazilərə sərəncam vermək hüququ ermənilərə məxsusdur və bunu onlar qanuni bir hal kimi qələmə verirlər. Və külli miqdarda gəlir əldə edirlər. Digər tərəfdən də Azərbaycanın əleyhinə sanki müxtəlif beynəlxalq dairələr bu prosesdə yer alırlar. Ona görə də parlamentdə müxtəlif dövrlərdə işğal altında olan ərazilərimizin hüquqi vəziyyəti ilə bağlı qanun layihəsi təşəbbüsləri olub". Deputat qeyd edib ki, ərazisi işğal altında olan qonşu ölkə Gürcüstan işğal edilmiş ərazilərlə bağlı beynəlxalq praktikanı nəzərə alaraq qanunu qəbul edib: "Həmin sənəddə qeyd edilib ki, həmin ərazilərdə aparılan işlərin hamısı qanunsuzdur və torpaqların işğaldan azad olunması həyata keçirilən kimi onların bütün "qanuniliyi" ləğv ediləcək.Yəni, bu o anlama gəlir ki, hansısa bir əcnəbi şirkət orada hazırda müqavilə bağlayaraq işləyir və torpaqların azad edildikdən sonra onların müqaviləsi ləğv ediləcək. Düzdür, Azərbaycanın işğal olunmuş torpaqlarında belə hallar baş verən zaman dövlət orqanlarımız tərəfindən reaksiyalar olur. Xarici İşlər Nazirliyi dərhal hadisə ilə bağlı notalar, etiraz bəyanatları, qərarlar rejimini işə salır. Müəyyən qədər bunların təsiri də var. İnkar etmək olmaz ki, müxtəlif şirkətlər məhz Azərbaycan tərəfi buna etiraz edəcək, sürüşkən bir müqavilədir deyə investisiyasını ora yatırtmaq istəmir". Z.Oruc Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul edilməsini vacib sayır: "Bu qanunun qəbulu bizə imkan verəcək ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərə qanuna istinad edərək xəbərdarlıq edək. Eyni zamanda biz beynəlxalq məhkəmələrə müraciət etməyimizə geniş imkan yaradacaq. Bundda əlavə, qanun layihəsinə istinad edərək Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində addımların atılmasına şərait yaranar. Biz hazırki reallıqda konstitusiyadan və beynəlxalq prinsiplərdən çıxış edirik.Ancaq biz real hüquqi müddəalardan çıxış edərək qarşı tərəflə davamızı daha düzgün səviyyədə aparmaq istəyiriksə, bu yöndə qanun qəbul edilməlidir".
Nurlan